Türkiyə-Rusiya gərginliyi səngimək bilmir

Şəklin mənbəyi, epa
- Müəllif, Firdevs Robinson
- Vəzifə, Türkiyə məsələləri üzrə təhlilçi, BBC Azərbaycanca üçün
Ötən çərşənbə axşamı Rusiya döyüş təyyarəsinin Türkiyə tərəfindən vurulması Soyuq müharibədən bəri Moskva ilə Qərb arasında ən ciddi qığılcımlardan biri olub və bunun əks-sədası hələ uzun müddət hiss ediləcək.
ABŞ və NATO-nun hadisələrin Türkiyə versiyasını dəstəkləməsi və Türkiyənin öz suverenliyini qorumaq haqqının olduğunu söyləməsi ilə, burada söhbət artıq yalnız Türlkiyə ilə onun qüdrətli qonşusu Rusiya arasında qarşıdurmadan getmir.
Bağlı qapılar arxasında müttəfiqləri Türkiyənin hərəkətlərinin müdrikliyini sual altına ala bilərlər, lakin onların ictimaiyyət qarşısında “Türkiyə ilə həmrəy” dayanmaqdan başqa seçimləri yoxdur.
Yekdil görünsələr də, həm Türkiyə, həm də onun müttəfiqləri eskalasiyasiyanın təhlükələrindən tam xəbərdardırlar.
ABŞ, BMT və NATO təmkinliyə çağırıb və bu Ankarada aydın şəkildə hiss olunur.
Birincisi, prezident Recep Tayyip Erdoğan jest edərək, Türkiyənin Rusiya ilə hər hansı bir gərginlik istəmədiyini söyləyib. Bundan az sonra Ahmet Davutoğlu hakim partiyanın parlamentdəki nümayəndələrinə deyib ki, onlar Rusiya ilə bağların gərginləşməsini heç vaxt istəməyiblər.
Fərqli ritorika
“Rusiya dost və qonşudur, - deyib cənab Davutoğlu və əlavə edib ki, “böyük ölkələrin münasibətləri kommunikasiya qəzalarına görə qurban verilməməlidir”.
Hələlik Rusiya eyni tonda danışmağa başlamayıb. Tükiyənin ritorikası nə qədər barışdırıcıdırsa, Rusiyanın reaksiyası bir o qədər sərt səslənir.
Cənablar Erdoğan və Davutoğlunun Moskvaya dostluq mesajları göndərdiyi bir vaxtda prezident Putin öz tənqidinin miqyasını daha da genişləndirir.

TASS xəbər agentliyini məlumatına görə o, deyib ki, problem daha dərindir və “Türkiyənin hazırkı rəhbərliyinin kifayət qədər uzun müddətdə ölkələrinin islamlaşdırılmasına bilərəkdən dəstək verən siyasət apardığı” müşahidə olunur.
Türkiyəli həmkarı Mevlüt Çavuşoğlunun cənab Lavrova zəng edərək təyyarənin vurulmasından “kədərləndiyini” bildirdiyi xəbər verilib. Türkiyə tərəfi cənab Lavrovun böhran barədə qarşıdan gələn günlərdə danışıqlar aparmağa razılıq verdiyini bildirsə də, bu məlumat sonradan Rusiya tərəfindən təkzib edilib.
Rusiyanın Müdafiə Nazirliyi elan edib ki, Rusiya Suriyada təkmil raket sistemi quracaq. Gün ərzində Türkiyə ilə həmsərhəd türkmən kəndlərini hədəfləyən birləşmiş Rusiya-Suriya əməliyyatlarının intensivliyi artıb.
İqtisadi əlaqələr
Rusiya artıq iqtisadi tədbirlərlə cavab verib. Türkiyə turizm sənayesinin dayağı olan Rusiya turistlərinə Türkiyəyə səfər etməmək xəbərdarlığı verilib. Ruslar Türkiyədən bütün toyuq əti idxalını dayandırıblar və baş nazir Dmitri Medvedev bəyan edib ki, Türkiyə ilə bir sıra mühüm layihələr ləğv edilir və Türkiyə şirkətlərinə Rusiya bazarına daxil olmaq qadağanı, variant olaraq açıq qalır.
Rusiya Türkiyənin böyüklüyünə görə ikinci ticarət partnyorudur.
Türkiyə özünə lazım olan təbii qazın 60 faizini Rusiyadan alır. Amma belə görünür ki, Rusiyanın Türkiyə ilə öz enerji sazişlərinə yenidən baxdığını göstərən əlamətlər hələlik yoxdur.
Türkiyə və Rusiya sonunda yarğanın ucundan geri çəkilə bilərlər, lakin indilik, Rusiya getdikcə artan bu gərginliyin azaldılmasını istəyən kimi görünmür.
Türkiyə üçün Suriya münaqişəsinə yaxından müdaxilənin siyasi, iqtisadi və hərbi nəticələri artıq göz qabağındadır.
Rusiyanın Yaxın Şərqdəki münaqişələrə müdaxiləsi barədə peşmançılığının olub-olmayacağını söyləməksə, hələlik çox tezdir.




