Putin: Rusiya təyyarəsinin vurulması "arxadan zərbədir"
Rusiya prezidenti Vladimir Putin Rusiya təyyarəsinin Türkiyə-Suriya sərhəddində vurulmasını "terroristlərin ortaqlarının arxadan vurduğu zərbə" adlandırıb.
O bu sözləri Rossiya 24 kanalında canlı yayım zamanı deyib.
Türkiyə, çərşənbə axşamı günü hərbi təyyarələrinin Suriya ilə sərhəddə Rusiyaya məxsus hərbi təyyarəni vurduğunu deyib. Rusiya isə təyyarənin yerdən vurulduğunu bildirib.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, təyyarə Türkiyənin hava məkanını pozmayıb.
Cənab Putin deyib: "Biz hər şeyi təfərrüatları ilə təhlil edəcəyik və bu günün faciəvi hadisələrinin ağır nəticələri olacaq. O cümlədən Rusiya və Türkiyə münasibətləri üçün".
Bundan əvvəl Türkiyə rəsmisi Reuters agentliyinə bildirmişdi ki, Türkiyənin F-16 təyyarəsi, Türkiyə hava məkanını pozmuş təyyarəni vurub.
Interfax xəbər agentliyi Rusiyanın Müdafiə Nazirliyinə istinadən bildirir ki, Su-24 təyyarəsi Suriyanın şimalında qəzaya uğrayıb və bu zaman iki pilot paraşütlə yerə tullanıb.
"Nəzarət məlumatlarının təhlili birmənalı göstərir ki, Türkiyə hava məkanının pozulması halı baş verməyib", - Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir.
Beləliklə nazirlik təyyarənin Suriya ərazisində vurulduğu barədə əvvəlki açıqlamasını təsdiqləyib.
"Bu gün Suriya ərazisində, ehtimalən yerdən açılan atəş nəticəsində Suriya Ərəb Respublikasındakı Rusiya aviasiya qrupunun Su-24 təyyarəsi qəzaya uğrayıb”.
Rusiya prezidentinin mətbuat katibi Su-24 təyyarəsinin vurulmasını "çox ciddi insident" adlandırıb.
Mediada yayılmış videolarda təyyarənin Latakiya əyalətindəki dağlara düşdüyü göstərilir.

Şəklin mənbəyi, REUTERS
Türkmən qüvvələri təyyarədən paraşütlə atılıb yerə yenən iki pilotu öldürüblər, türkmən qüvvələrinin komandirinə istinadən Frans Press və Reuters agentliyi bildirir.
Ötən ay Ankara bildirmişdi ki, Türkiyənin F-16s təyyarəsi, sərhəddi pozan Rusiya təyyarəsini tutub və iki Türkiyə təyyarəsi Mig-29 tərəfindən hədələnib.
___________________________________________________________________________________________
Təhlükəli insident - Jonathan Marcus: BBC-nin müdafiə məsələləri üzrə müxbiri
Rusiyanın Suriyada hava əməliyyatına başlamasından sonra bu, hər kəsin baş verə biləcəyindən narahat olduğu bir hadisədir.
Türkiyə sərhədinə yaxın əməliyyatların aparılması təhlükəsi çox aydın idi.
Türkiyə indiyə qədər artıq ən azı bir Suriya Hava Qüvvələrinə məxsus təyyarəni və mümkündür ki, bir helikopteri vurmuşdur.
Rusiya təyyarəsinin yerdən və ya Türkiyə qırıcıları tərəfindən vurulması ilə bağlı ziddiyyətli məlumatlar var.
Suriya üzərindəki hava əməliyyatları ilə bağlı vəziyyət daha da mürəkkəbləşdi.
İki rusiyalı pilotun hadisə zamanı paraşütlə yerə tullanması ilə bağlı məlumatlar yeganə yüngülləşdirici faktordur. Qarşıda isə diplomatik atəşfəşanlıq gözlənilir!
___________________________________________________________________________________________

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, hadisəyə görə Türkiyə ilə münasibətlərin mümkün korlanması barədə danışmaq erkən olardı, İnterfax agentliyi bildirir.
O, hadisə ilə bağlı prezident Putinin Təhlükəsizlik Şurasının növbədənkənar iclasını çağırmaq istədiyi barədə şayiələri təsdiqləməkdən imtina edib.
Peskov əlavə edib ki, mövzu Putinlə İordaniya kralı II Abdullanın Soçidəki görüşü vaxtı müzakirə edilə bilər.
Rusiya təyyarəsi yer-göy raketi iləmi vurulub?
Rusiya mediasında Rusiya təyyarəsinin necə vurulduğu barədə müzakirələr davam edir.
Həvəskar Aviatorlar Federasiyasının eksperti Viktor Zabolotski Rusiyanın Rossiya 24 xəbərlər telekanalına bildirib ki, Su-24 qırıcısı böyük bir ehtimalla çiyində daşınan səyyar raketlə vurulub.
Bu fikri kremlpərəst Komsomolskaya Pravda qəzetinin hərbi müxbiri Viktor Baranets də dəstəkləyir.
Lakin Rusiya hakimiyyətinə yaxın hərbi ekspertlərdən İqor Korotçenko Rossiya 24 telekanalına deyib ki, 6 min metr yüksəklikdə uçan təyyarənin piyada raketi ilə vurulması mümkün deyil.
Bundan əvvəl BBC müxbiri Jonathan Marcus Su-24-lərin səyyar raketlər qarşısında müdafiəsiz olduğunu qeyd edirdi.

Şəklin mənbəyi, Anadolu
Pilot türkmən üsyançılarının əlindədir?
BBC müxbiri Selin Girit deyib ki, pilotlardan birinin etnik türkmən üsyançılar qrupu tərəfindən ələ keçirildiyi barədə xəbərlər var, lakin bu məlumat müstəqil mənbələrlə təsdiqlənməyib.
Bəzi məlumatlara görə, vurulmuş təyyarənin qırıntıları da türkmən qiyamçıların nəzarətində olan əraziyə düşüb.
Bundan bir gün əvvəl türkmənlərin bu ərazidə Rusiya hava zərbələrindən və əl-Əsəd qüvvələri ilə döyüşlərdən qaçdıqları xəbər verilmişdi.
Türkiyə hava sərhədinin pozulması barədə əvvəllər Rusiyaya xəbərdarlıq edib
Rusiyanın hərbi təyyarələri sentyabrdan bəri şimali Suriya üzərində yüzlərlə uçuş edib.
Moskva bildirir ki, Rusiya təyyarələri yalnız “terrorçuları” hədəfləyir. Lakin fəallar deyirlər ki, Rusiya əsas etibarilə Qərb tərəfindən dəstəklənən üsyançı qrupları vurur.
Suriya prezidentinin qatı opponenti olan Türkiyə, Rusiya və Suriya təyyarələri tərəfindən öz hava sərhədinin pozulduğu barədə xəbərdarlıqlar edib.
Ötən ay Ankara bildirirdi ki, Türkiyənin F-16 qırıcıları Rusiyanın Türkiyə sərhədini pozan təyyarəsini radarda tutublar və bundan başqa iki Türkiyə təyyarəsi kimə məxsus olduğu bilinməyən MiG-29 təyyarəsi tərəfindən təqib edilib.
Pilotlardan biri paraşütlə enəndə ölüb – AP xəbər verir
Suriyanın üsyançı qruplarından birinin verdiyi məlumata görə vurulmuş Rusiya təyyarəsindən katapult edən pilotlardan biri yerə enərkən artıq ölmüş olub.
AP agentliyi 10-cu sahil briqadasından Cahid Əhmədə istinadən bildirir ki, paraşütlə hökumətin nəzarətində olan əraziyə enməyə çalışan Rusiya pilotları onun qrupu tərəfindən hələ havada ikən atəşə tutulub.
Bundan əvvəl Reuters agentliyi deyirdi ki, üsyançı qrupdan alınmış videoda pilotlardan birinin yerdə hərəkətsiz və ağır yaralanmış vəziyyətdə olduğu görünürdü.
İkinci pilotunda havada ikən öldüyü bildirilir.
Putin Ankarını kəskin ittiham etdi

Şəklin mənbəyi, AP
Rusiya prezidenti Vladimir Putin Rusiya hərbi təyyarəsinin Suriya-Türkiyə sərhədi yaxınlığında vurulması ilə bağlı bəyanat verib.
Bu bəyanatda Putin rəsmi Ankaraya qarşı kəskin ittihamlar irəli sürüb.
O Türkiyə hökumətinin sözdə terrorla mübarizə apardığını desə də, terrorçuları dəstəklədiyinə işarə vurub.
Vladimir Putin təyyarənin vurulmasını “cinayət” adlandırıb və bildirib ki, təyyarəni vurmazdan əvvəl tərəflər arasında məlumat mübadiləsi aparılmalıydı. O deyib ki, bu hadisə terror təhrikçilərinin arxadan vurduğu zərbədir.
Putin deyib ki, ABŞ və Rusiya arasında hərbi əməliyyatlara dair informasiya mübadiləsi ilə bağlı razılaşma var və Türkiyə, özünü ABŞ koalsiyasının üzvü hesab edirsə, bunu bilməli idi.
Rusiya prezidenti Türkiyəni “quldurların” qaçaq neftinin satılmasına şərait yaratmaqla faktiki olaraq onlara maliyyə dəstəyi verdiyinə işarə edib.
Rusiya prezidenti israrla vurğulayıb ki, təyyarə Suriya ərazisi üzərində vurulub və Suriya ərazisinə düşüb.
Prezidentin dediyinə görə, Rusiya təyyarəsi Türkiyə üçün heç bir təhlükə təşkil etməyib. Təyyarəçilər İŞİD-ə qarşı əməliyyat aparırdılar.
Putin bildirib ki, təyyarənin vurulduğu ərazidə əslən Rusiyadan olan terrorçular mənzillənib və Rusiyanın onlara zərbəsi önləmə xarakteri daşıyır.
“Biz bugünkü hadisəni diqqətlə təhlil edəcəyik və bu hadisə Rusiya-Türkiyə münasibətləri üçün ciddi nəticələrə səbəb olacaq” – deyib Putin.
O deyib ki, Türkiyə NATO-nun "İŞİD-in xeyri üçün" xidmət etməsini istəyir.
Yaxın Şərq gərginliyində neft qiymətləri qalxıb
Türkiyənin Türkiyə-Suriya sərhədi yaxınlığında Rusiya hərbi təyyarəsini vurmasının ardınca neft qiymətləri yüksəlib, eyni zamanda zəifləyən dollar investorları daha çox neft almağa sövq edib.
“Suriyada hərbi təyyarənin vurulması Yaxın Şərqdə əhəmiyyətli risk olduğunu bir daha yada salıb” - deyib Osloda mənzillənmiş SEB bankının xammal təhlilçisi Bjarne Schieldrop Reuters agentliyinə.




