Su-24 insidenti Rusiya-Türkiyə iqtisadi əlaqələrinə necə təsir edəcək?

Vladimir Putin deyib ki, Su-24 təyyarəsi ilə bağlı insident Türkiyə üçün “ciddi nəticələrə” səbəb olacaq. Hansı nəticələrə?

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Vladimir Putin deyib ki, Su-24 təyyarəsi ilə bağlı insident Türkiyə üçün “ciddi nəticələrə” səbəb olacaq. Hansı nəticələrə?

BBC Rus xidmətinin Moskva müxbiri Dmitri Bulin yazır ki, Kremlin energetika və turizm sahəsində mümkün sanksiyaları Türkiyə iqtisadiyyatına güclü zərbə vura bilər, lakin bu halda, qaçılmaz şəkildə Rusiyanın öz iqtisadiyyatına da ziyan dəyəcək.

“Lakin bəzən siyasi mülahizələr üstün gəlir” – yazır Bulin.

Türkiyənin xarici ticarət partnyorları arasında Rusiya Almaniyadan sonra ikinci yerdədir. Lakin burası da var ki, Rusiya-Türkiyə ticarətinin üçdə ikisini, metallar da əlavə edilərsə, 85 faizini enerji və xammal təşkil edir.

BBC-nin Rus xidməti iki ölkə arasında əməkdaşlığın əsas sahələrinə diqqət yetirib.

Qaz ixracatı

Türkiyə bazarında Rusiya qazının payı ötən il 57 faiz olub. Nəzəri olaraq Türkiyə qazı Azərbaycan və ya İrandan da ala bilər, lakin birincinin resurları, ikincinin isə ixrac imkanları məhduddur. Türkiyə qaza ehtiyacının yalnız 1 faizini özü təmin edir.

Türkiyə ötən il Almaniyadan sonra Rusiya qazının ikinci böyük alıcısı olub. Almaniya Rusiyadan 36, 4 milyard kubmetr, Türkiyə isə 27, 3 milyard kubmetr qaz idxal edib.

Rusiya qazı Türkiyəyə iki marşrutla nəql edilir: Qara dənizin dibi ilə gedən “Mavi axın” kəməri (2014-cü ildə bu kəmərlə 14, 4 milyard kubmetr qaz nəql edilib) Ukrayna, Moldova və Rumıniyadan keçən qaz-nəqliyyat dəhlizi ilə.

“Türk axını”

Türkiyənin xarici ticarət partnyorları arasında Rusiya Almaniyadan sonra ikinci yerdədir.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Türkiyənin xarici ticarət partnyorları arasında Rusiya Almaniyadan sonra ikinci yerdədir.

Kreml uzun müddət idi ki, Ukraynadan yan keçən boru kəmərinin çəkilməsinə çalışırdı, lakin “Cənub axını” adlanan bu variant hələlik baş tutmayıb.

Buna görə də Vladimir Putin 2014-cü ildə Türkiyə prezidenti Erdoğanla görüşdə “Türk axını” layihəsini elan etmişdi.

Bu layihəyə görə Rusiya Qara dənizdən keçən 4 kəmərlə 63 milyard kubmetr qaz ixrac etməli idi.

Lakin uzun danışıqlardan sonra, deyilənlərə görə qiymət üstündə, sövdələşmə baş tutmayıb.

Atom energetikası

Türkiyənin heç bir karbohidrogen ehtiyatların olmadığından bu ölkə üçün atom energetikası həyati əhəmiyyət daşıyır.

2012-ci ildə Moskva və Ankara “Akkuyu” Atom Elektrik Stansiyasının (AES) tikintisi barədə razılığa gəliblər. Bu stansiya Ankaraya enerji daşıyıcılarının alınması sahəsində ildə 14 milyard dollar qənaət etməyə imkan verərdi.

Türkiyə Rusiya turizminin sevimli istiqamətlərindəndir.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Türkiyə Rusiya turizminin sevimli istiqamətlərindəndir.

Atom stansiyası Aralıq dənizi sahilindəki Mersin şəhərində tikilməkdədir. Rusiya bu layihəyə artıq 3 milyard dollar vəsait yatırıb. Lakin oktyabrın əvvəllərində Türkiyə tərəfi bildirib ki, Rusiyanın Suriyaya birbaşa hərbi müdaxiləsi layihənin gələcəyini şübhə altına salır.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan deyib ki, Akkuyu AES-i ruslar tikməsələr, başqaları tikəcəklər, lakin Rusiyanın maraqlarına diqqətlə yanaşmaq lazımdır.

Turizm

Türkiyə Rusiya turizminin sevimli istiqamətlərindəndir. Rosturizm idarəsinin məlumatına görə ötən il Türkiyəyə turist kimi 2, 5 milyon Rusiya vətəndaşı səfər edib. 2013-cü ilin rəqəmlərinə görə Türkiyədə 40 milyona yaxın xarici turist olub.

2015-ci ilədək rusiyalılar Türkiyəyə gedən turistlərin arasında sayca birinci idilər, lakin rublun devalvasiyası almanları irəli çıxarıb.

Rusiyadan və MDB ölkələrindən Türkiyəyə turist axını 25 faiz azalıb. Türkiyə turizm rəsmiləri deyirlər ki, hətta Almaniyadan turistlərin sayı 9 faiz artsa da, ümumilikdə dəyən zərəri aradan qaldırmaq mümkün olmayacaq.

BBC Rus xidməti yazır ki, Sinay üzərində Rusiya təyyarəsinin qəzaya uğradılmasından sonra Misirə uçuşlar qadağan olunmuş və nəticədə istirahət üçün Türkiyə istiqamətini seçənlərin sayı artmışdı.

Lakin başqa bir təyyarə, Su-24-ün Türkiyə tərəfindən vurulması o deməkdir ki, bu artım reallaşmayacaq.