Türkiyə sosial şəbəkələri: “Bizə bircə bu çatmırdı...”

F-16 qırıcı təyyarəsi.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, F-16 qırıcı təyyarəsi.

Türkiyədə Rusiya təyyarəsinin vurulması ilə əlaqədar rəsmi məlumatlar hələ də qıtdır.

Türkiyə rəsmiləri israr edirlər ki, ölkənin hava məkanını pozmuş təyyarənin hansı dövlətə məxsus olduğu bilinməyib.

Yalnız bir qeyri-rəsmi məlumatda adı çəkilməyən hökumət mənbəyinə istinadla təyyarənin Rusiyaya məxsus olduğu bildirilib.

Türkiyənin Müdafiə Nazirliyi bəyan edib ki, naməlum təyyarəyə 5 dəqiqə ərzində 10 dəfə xəbərdarlıq edilib.

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının dərc etdiyi xəritədə Su-24 və F-16 qırıcılarının uçuş trayektoriyaları göstərilib. Qırmızı xətt Su-24-ün trayektoriyasını göstərir, firuzəyi və boz rənglə F-16-ların uçuş trayektoriyası verilib.
Şəklin alt yazısı, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının dərc etdiyi xəritədə Su-24 və F-16 qırıcılarının uçuş trayektoriyaları göstərilib. Qırmızı xətt Su-24-ün trayektoriyasını göstərir, firuzəyi və boz rənglə F-16-ların uçuş trayektoriyası verilib.

Türkiyənin sosial şəbəkələrində ölkənin Aralıq dənizinə yaxın şərqini əks etdirən xəritə dövr edir. Burada Türkiyənin Hatay əyaləti uzantı şəklində Suriya ərazisinə daxil olur. Xəritələrdəki işarələrə görə Rusiya təyyarəsi ilə əlaqədar insident məhz bu yerdə baş verib: Yəni təyyarə bu dəhlizi keçib.

Bir çox türklər Rusiya aviasiyasının bu bölgədəki hərəkətlərindən narazıdırlar, çünki bu ərazidə türkiyəlilərin rəğbət bəslədikləri türkmənlər yaşayırlar. Türkmənlərin yaşadıqları kəndlərin bombardmanı Türkiyədə hiddət doğurur.

Bir başqaları isə iddia edirlər ki, bu ərazidə hazırda islamçı ən-Nüsra qruplaşması ağalıq edir. Rusiya təyyarələrinin hədəfi də məhz onlardır.

Foto və videolar

Türkiyə KİV-ləri Dubaydan yayınlanan “Əl-Ərəbiyya” telekanalına istinadən pilotlardan birinin həlak olduğunu yazır. Lakin bu informasiya hələlik rəsmən təsdiq edilməyib. Digər pilotun uğurla katapult etdiyi və hazırda Suriyanın şimalındakı türkmənlərin əlində olduğu xəbər verilib.

Bununla yanaşı, Türkiyə sosial şəbəkələrində yerdə uzanmış və yerli sakinlər tərəfindən əhatələnmiş təyyarəçinin mobil telefonla çəkilmiş videosu yayılıb. Lakin videodan onun durumu, sağ olub-olmadığı bilinmir.

Sosial şəbəkələrdə həbelə hadisə rayonunda dövrə vuran helikopterlərin görüntüləri var.

Sosial şəbəkələrdə reaksiya

Türkiyənin sosial şəbəkələrində adətən olduğu kimi rəylər qütbləşib: hazırkı hökumətin opponentləri hakimiyyəti ehtiyatsızlıqda və axmaqlıqda ittiham edirlər, hakimiyyət tərəfdfarları isə onun sərt tədbirlərini dəstəkləyir və hökumət opponentlərini satqınlıqda günahlandırırlar.

"Nə axmaq qərardır: İndi dünyada ikinci böyük nüvə dövləti, qaz və elektrikmizi aldığımız ölkə bizə qarşı olacaq” – yazır bir Tvitter istifadəçisi.

"İndi bizə bircə bu çatmırdı – Rusiyanı özümüzə qarşı qaldırmaq” – deyə başqa bir istifadəçi razılaşır.

"Biz isbat etdik ki, “beşlik”dən zəif deyilik” - yazır vətənpərvərlik əhval-ruhiyyəli istifadəçi. O “beşlik” deyəndə BMT Təhlükəsizlik Şurasını nəzərdə tutur.

"Rusiya müharibəyə başlasa, NATO bizim tərəfimizdən vuruşacaq” – yazır bir türk Tvitterdə.

"Eşitmişəm ki, Rusiya ilə müharibə başlayıb. Mən qaçdım” – deyə vəziyyətdən bədgüman sosial şəbəkə istifadəçisi yekun vurur.

"Rusiya bəyan edir ki, təyyarə Suriya üzərində vurulub və bu çox ciddi situasiya yaradır” – yazıb blogerlərdən biri.

Enerji şirkətində işləyən başqa bir türk yazır: “Ümid edirəm ki, Lavrov səfərini təxirə salmayacaq”. Bir başqaları qeyd edirlər ki, Rusiya xarici işlər nazirinin 25 noyabra nəzərdə tutulmuş səfəri artıq təxirə salınıb.