Rusiya hərbi təyyarəsinin vurulması barədə nə bilirik?

Şəklin mənbəyi, Reuters
Rusiya prezidenti Vladimir Putin Rusiya hərbi təyyarəsinin Suriya sərhədi yaxınlığında Türkiyə tərəfindən vurulmasını pisləyib.
Bu ilk dəfədir ki, Rusiya, sentyabrda prezident Bəşər əl-Əsədə dəstək üçün hava zərbələrinə başlayandan bəri döyüş təyyarəsini itirib.
Nə baş verib?
Həm Rusiya, həm də Türkiyə Rusiyanın bütün hava şəraitlərində əməliyyat aparmağa qabil Su-24 bambardmançı təyyarəsinin noyabrın 24-də Türkiyə-Suriya sərhədində Türkiyənin F-16 qırıcısı tərəfindən vurulduğunu təsdiq ediblər.
Rusiya prezidenti Vladimir Putin deyib ki, iki pilotdan ibarət ekipajı olan təyyarə göy-göy tipli raketlə 6000 metr yüksəklikdə uçarkən vurulub.
Təyyarənin qalıqları Suriyanın sahil əyaləti olan Latakiyanın Türkmən dağı deyilən ərazisinə düşüb. Bu ərazi uğrunda Suriya hökumət qüvvələri ilə qiyamçılar arasında döyüşlər gedir.
Təyyarə niyə vurulub?

BMT Təhlükəszilik Şurasına yazdığı məktubda Türkiyənin daimi nümayəndəsi Halit Çevik bildirib ki, ölkə mənsubiyyəti bilinməyən iki təyyarə Hatay əyalətinin Yayladağı şəhəri üzərində Türkiyənin hava məkanına yaxınlaşıb.
Türkiyə Silahlı Qüvvələri tərəfindən radar görüntüsü əsasında çəkilmiş xəritədə iddia edilir ki, 2015-ci il, noyabrın 24-də vurulmazdan əvvəl Rusiyanın iki Su-24 təyyarəsinin uçuş trayektoriyası Türkiyənin hava məkanına daxil olub.
Bu da deyilir ki, təyyarələrə 5 dəqiqə ərzində “fövqəladə əlaqə kanalı ilə” 10 dəfə xəbərdarlıq edilib və onlara uçuş istiqamətinin dəyişdirilməsi göstərişi verilib – deyilir Çevikin məktubunda.
Hər iki təyyarə xəbərdarlıqlara məhəl qoymayıb və 17 saniyə ərzində müvafiq olaraq 2, 19 kilometr və 1, 85 kilometr dərinliyində Türkiyə hava məkanına müdaxilə edib.

Şəklin mənbəyi, EPA
“Sərhədin pozulmasından sonra təyyarələrdən biri Türkiyənin milli hava məkanını tərk edib. İkinci təyyarəyə o hələ Türkiyənin hava məkanında ikən sərhəd keşiyi çəkən F-16 tərəfindən atəş açılıb, - yazır Çevik, - İkinci təyyarə Türkiyə-Suriya sərhədinin Suriya tərəfinə düşüb”.
Türkiyə hərbiyyəsi həmçinin Rusiya təyyarəsinin uçuş trayektoriyasını göstərdiyi söylənən xəritə təqdim edib. Bu xəritədə təyyarənin Türkiyənin cənub-şərqindəki ərazi çıxıntısına daxil olduğu görünür.
Lakin Putin deyib ki, Su-24 vurularkən Suriya-Türkiyə sərhədindən 1 kilometr aralıda, Suriya ərazisində olub. Təyyarə yanaraq sərhəddən 4 kilometr aralıda Suriya ərazisinə düşüb.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, təyyarə bütün missiyası ərzində Suriya ərazisində olub. “Monitorinq materialının obyektiv təhlili göstərib ki, Türkiyənin hava sərhədi heç bir halda pozulmayıb” – deyə bildirib nazirlik.
ABŞ-ın hərbi rəsmiləri isə deyirlər ki, vurulmuş təyyarənin saniyələr ərzində Türkiyə ərazisinə daxil olduğunu gösrtərən əlamətlər mövcuddur və təyyarəyə geri çəkilməsi üçün xəbərdarlıq edilib.
Ekipaja nə olub?
Türkiyə mediasında yayılmış videolardan görünür ki, Su-24-ün iki nəfərdən – pilot və şturmandan ibarət ekipajı yanan təyyarədən paraşütlə katapult ediblər.

Şəklin mənbəyi, Russian Defense Ministry
Türkmən dağındakı qiyamçıların 10-cu Sahil Briqadasının sözçüsü Associated Press agentliyinə bildirib ki, ekipaj paraşütlə hökumətin nəzarətində olan əraziyə enmək istəsə də, briqadanın döyüşçüləri tərəfindən havada atəşə tutulub.
Onlardan biri paraşütlə yerə enəndə artıq ölmüşdü, Cahed Əhməd deyib.
İnternetdəki videoların birindən görünür ki, əynində təyyarəçi forması olan pilot ağır yaralıdır və silahlıların əhatəsində tamamilə hərəkətsiz vəziyyətdədir. Onun bəlkə də artıq öldüyünü düşünmək mümkündür.
Ertəsi gün Rusiyanın Müdafiə Nazirliyi bəyan edib ki, ikinci ekipaj üzvü “sağ və salamatdır” və Suriya hökumət qüvvələri tərəfindən Latakiyadakı Rusiya hərbi-hava bazasına gətirilib.

Şəklin mənbəyi, Reuters
Rusiya hərbiyyəsinin xəbərinə görə, bundan əvvəl ekipajın xilas edilməsi missiyasını həyata keçirən Mi-8 helikopteri vurulmuş və missiyada iştirak edən bir Rusiya dəniz piyadası həlak olmuşdu.
Rusiya təyyarəsi niyə orada idi?
Rusiya 2011-ci ildən bəri 250 min insanın həyatına son qoymuş Suriya münaqişəsinə birbaşa müdaxilə etmiş bir neçə ölkədən biridir.

Şəklin mənbəyi, Reuters
Moskva Suriya prezidenti Bəşər əl-Əsədin sadiq müttəfiqidir və onun hakimiyyətini möhkəmləndirmək üçün hava zərbələri kampaniyası keçirir. Moskva iddia edir ki, o, yalnız “terrorçuları”, ilk növbədə İslam Dövləti(İD) adlanan təşkilatın silahlılarını hədəfləyir. Bununla belə hava zərbələrinin əsas hədəfi Qərb tərəfindən dəstəklənən qiyamçılardır.
Öz növbəsində Suriya qiyamçıları Əsədin qatı düşməni olan Türkiyədən əhəmiyyətli dəstək alırlar. Ankara həmçinin çoxmillətli ABŞ koalisiyasının İD-ə qarşı əməliyyatları üçün öz hərbi bazalarını müttəfiqlərin istifadəsinə verib.
Rusiya necə reaksiya verib?
Prezident Putin deyib ki, çərşənbə axşamı baş vermis hadisənin Türkiyə üçün “ciddi nəticələri” olacaq. O iddia edib ki, Su-24 Türkiyə üçün heç bir təhlükə təşkil etmirdi.
Prezident qeyd edib ki, təyyarə şimali Latakiyada İslam Dövlətinə (İD) qarşı “önləyici hücum əməliyyatı” keçirirdi. Putin Türkiyəni cihadçılarla ticarət əlaqəsində ittiham edib.
“Biz çoxdan bəridir ki, İD-in işğalı altında olan ərazidən Türkiyəyə böyük həcmlərdə neft və neft məhsullarının daşınmasını sənədləşdiririk. Bu terrorçuların əhəmiyyətli maliyyə dəstəyi aldığını göstərir” – deyib Rusiya prezidenti.
“Bu terrorçularla əlbir olanların bizə arxadan vurduqları zərbədir” – Putin bəyan edib.

Şəklin mənbəyi, AP
İD Türkiyənin öz ərazisindən qiyamçı döyüşçülərin və silah-sursatın keçməsinə imkan verən siyasətindən faydanıbsa da, rəsmilər bu qrupu dəstəklədiklərini inkar edirlər. Fəallar deyirlər ki, təyyarənin vurulduğu ərazidə İD-in mövcudiyyəti yox dərəcəsindədir.
NATO Türkiyəni dəstəkləyirmi?
Türkiyənin üzv oldüğü NATO hərbi bloku özünün idarə qurumu sayılan Şimali Atlantika Şurasının təcili iclasını çağırıb.
Bu görüşün ardınca NATO-nun baş katibi Jens Stoltenberg bəyan edib: “Biz Türkiyə ilə həmrəy mövqedə dururuq və NATO müttəfiqimizin ərazi toxunulmazlığını dəstəkləyirik”.
“Mən Ankara və Moskva arasında əlaqələrin qurulacağına ümid edirəm və təmkinə, habelə gərginliyin azaldılmasına çağırıram” – Stoltenberg deyib.
Bəzi məlumatlara görə, NATO üzvü olan hər hansı ölkə, Rusiya, daha doğrusu sovet təyyarəsini son dəfə 1950-ci illərdə vurub.
Türkiyə prezidenti Recep Tayyip Erdoğan xəbərdarlıq edib ki, “Türkiyənin öz sərhədlərini müdafiə etmək haqqına hamı hörmət etməlidir”.
"Keçmişlərdə Suriya ilə əlaqədar daha pis indsidentlər Türkiyənin soyuqqanlığına görə baş verməyib” – deyib Türkiyə prezidenti.
Cənab Erdoğan habelə vurğulayıb ki, Türkiyənin hərəkətləri 2012-ci ildə Suriya Türkiyə təyyarəsini vurandan bəri qəbul edilmiş qaydalar çərçivəsində olub. Bu qaydalarda deyilir ki, Suriya tərəfindən sərhədlərə yaxınlaşan hər hansı “element” düşmən təhlükəsi hesab edilir.



