Vurulmuş Su-24-ün pilotu: Türkiyə xəbərdarlıq etməyib

Şəklin mənbəyi, Reuters
Suriya sərhədində Türkiyə tərəfindən vurulmuş Rusiya bombardmançı təyyarəsinin sağ qalmış pilotu deyib ki, Türkiyə tərəfi təyyarəni vurmazdan əvvəl heç bir xəbərdarlıq etməyib.
Kapitan Konstantin Muraxtin Rusiya televizyasına deyib ki, təyyarənin Türkiyə sərhədini pozmasından söhbət belə gedə bilməz.
Rusiya xəbər verib ki, kapitan Muraxtin 12 saat davam edən əməliyyatın nəticəsində xilas edilib.
Türkiyə tərəfi israr edir ki, pilotlara sərhədi pozduqları barədə 10 dəfə xəbərdarlıq olunub.
Paraşütlə atılarkən öldürülmüş ikinci pilotun cəsədinin harada olması barədə hələlik heç bir məlumat yoxdur.
Kapitan Muraxtin müsahibəni Suriyadakı Hmeymim hərbi hava bazasında verib. O xilas edildikdən sonra Suriya hökumət qoşunları tərəfindən ora gətirilib.
Hmeymim bazasında
Bundan öncə açıqlama verən Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirmişdi ki, Suriya üzərində vurulan Su-24 təyyarəsinin şturmanı Rusiya və Suriya ordu bölmələri tərəfindən xilas edilib və Hmeymim bazasına aparılıb.
“Əməliyyat müvəffəqiyyətlə başa çatıb. Şturman bizim bazaya çatdırılıb. Sağ-salamatdır”, - Müdafiə Nazirliyi kollegiyası iclasında Şoyqu deyib.
Nazirin sözlərinə görə, xilasetmə əməliyyatı 12 saata yaxın davam edib və çərşənbə gününə keçən gecə Moskva vaxtı ilə saat 3:40-da başa çatıb.
Çərşənbə günü daha əvvəl Rusiyanın Fransadakı səfiri Aleksandr Orlov Su-24 hərbi təyyarənin ikinci pilotunun Suriya hökumət ordusu hərbçilərinin əlində olduğunu bildirib.
Europe 1 radiosuna danışan Aleksandr Orlov pilotun Suriyadakı Rusiya bazasına gətirildiyini deyib. Hərçənd ki, bu məlumat Moskva tərəfindən təsdiq olunmayıb.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, Su-24 təyyarəsindən katapult etmiş iki pilotdan biri paraşütlə enərkən üsyançıların yerdən açılan atəşləri ilə öldürülüb. Daha bir dəniz piyadası isə onun xilas edilməsi üzrə əməliyyatda öldürülüb.
Türkiyə bəyan edib ki, Rusiya təyyarəsi onların hava məkanını pozub, lakin Rusiya prezidenti Vladimir Putin israr edir ki, Su-24 Suriya ərazisinin üzərindən uçarkən vurulub.
NATO-nun baş katibi Jens Stoltenberg NATO-nun Türkiyəyə həmrəyliyini bildirdiyi və onun ərazi bütövlüyünə hörmət etdiyini deyib.
Bundan əvvəl Rusiya bildirib ki, Türkiyə tərəfindən vurulmuş təyyarə pilotlarından biri həlak olub, digəri isə itkin düşüb. Daha bir dəniz piyadası pilotları xilas etmək üçün həyata keçirilən helikopter missiyasında öldürülüb.
Helikopter təyyarənin düşdüyü yerdə üsyançılar tərəfindən atəşə tutulub.
Rusiyanın müdafiə rəsmisi general-leytenant Sergey Rudskoy deyib ki, iki Mi-8 helikopteri ilə keçirilən xilasetmə missiyasının bütün başqa iştirakçıları sağ-salamat Rusiyanın Latakiya yaxınlığındakı Hmeymim hərbi-hava bazasına evakuasiya ediliblər.
"Əməliyyat vaxtı helikopterlərdən biri kiçik çaplı silahlardan açılan atəşə düşüb və zədələnərək neytral əraziyə enməli olub”, – deyib Rudskoy. - Müqaviləli xidmətdə olan bir dəniz piyadası həlak olub”.
Suriya üsyançıları helikopteri, o yerə enəndən az sonra tank əleyhinə raketlə vurduqlarını bildiriblər. Onlar bu basqının videosunu da göstəriblər.
NATO
Hadisədən sonra NATO rəhbəri Türkiyə ilə həmrəyik ifadə edib və bildirib ki, Kremlə "ciddi nəticələr" barədə xəbərdarlıq edilib.
ABŞ Prezidenti Barak Obama türkiyəli həmkarı Recep Tayyip Erdoğanla telefon danışığı zamanı deyib ki, ABŞ ölkəsinin suverenliyini qorumaq hüququ olan Türkiyəyə dəstəkdir.
Rusiya prezidenti Vladimir Putin Rusiya təyyarəsinin Türkiyə-Suriya sərhədində vurulmasını "arxadan vurulan zərbə" adlandırıb.

Şəklin mənbəyi, AFP
Türkiyə ilə hərbi əlaqələrin kəsilməsi fonunda Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, hava hücumundan müdafiə sistemi ilə təchiz olunmuş kreyser "Suriyada Rusiya qüvvələri üçün potensial təhlükə doğuran hər hansı hədəfi" vurmaq üçün Aralıq dənizində yerləşdiriləcək.
Suriya üzərində hava zərbələri həyata keçirən Rusiya bombardmançı təyyarələri indi qırıcı təyyarələr müşayiət edəcək, hərb rəsmiləri deyib.
Rusiyalılara Türkiyəyə səyahət etməmək məsləhət görülüb. Xarici işlər naziri Lavrov deyib ki, orada terror təhlükəsi ötən ay Rusiya sərnişin təyyarəsinin vurulduğu Misirdən az deyil.
Rusiyanın ən iri turizm operatorlarının biri, Natali Tours, Türkiyəyə səyahət paketlərini dayandırıb.
Recep Tayyip Erdoğan bildirib ki, hər kəs öz sərhədlərini qoruyan Türkiyənin hüququna hörmətlə yanaşmalıdır.




