“Hollande Əliyevlə insan haqlarından danışmalıdır”

Human Rights Watch beynəlxalq insan haqları təşkilatı Fransa prezidenti Francois Hollande-ı azərbaycanlı həmkarı İlham Əliyevdən Azərbaycanda həbsdə olan dörd insan haqları müdafiəçisinin azad edilməsini istəməyə çağırıb.
Prezident Hollande cənab Əliyevlə oktyabrın 27-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının həll olunmamış Dağlıq Qarabağ münaqişəsinə dair sammitində görüşməlidir.
“Hollande Azərbaycan prezidenti ilə insan haqları məsələsinin müzakirəsi üçün ələ düşmüş mühüm imkanı əldən verməməlidir, – deyib Human Rights Watch təşkilatının Paris bürosunun direktoru Jean-Marie Fardeau. – Azərbaycanda bu fəallara qarşı irəli sürülmüş ittihamlar siyasi motivlidir və onların azadlığa buraxılması üçün Hollande-ın köməyinə kəskin ehtiyac var”.
Sözü gedən dörd fəal – Leyla Yunus, onun əri Arif, İntiqam Əliyev və Rəsul Cəfərov ölkənin tanınmış insan haqları müdafiəçiləridirlər.
Müraciətdə deyilir ki, son iki il yarımda Azərbaycan hakimiyyəti onlarca müstəqil və müxalif siyasi fəala, jurnalistlərə, blogerlərə və insan haqları müdafiəçilərinə qarşı qondarma ittihamlar irəli sürüb.
Onların çoxu artıq dəmir barmaqlıqlar arxasındadır.
Bu da qeyd olunur ki, həbslərindən az əvvəl Leyla Yunus, Cəfərov və İntiqam Əliyev Avropa Şurasına və hökumətlərarası təsisatlara təqdim etmək üçün ölkədəki siyasi məhbusların siyahısını tərtib edirdilər.
“Hətta özləri üçün həbs təhlükəsinin olduğu bir vaxtda da bu fəallar ədalət naminə çalışırdılar, - deyib Fardeau. – Hollande Əliyevə aydın şəkildə bildirməlidir ki, bu dörd nəfər barmaqlıqlar arxasında qaldıqca və müstəqil səslərə qarşı təqiblər davam etdikcə Fransa və Azərbaycan arasındakı münasibətlər normal ola bilməz”.
Prezident Hollande və xarici işlər naziri Laurent Fabius Leyla Yunusla ötən may ayında Bakıya səfərləri zamanı görüşmüşdülər.
Yunus həmçinin Fransanın Şərəf Legionu cəngavəri titulunu daşıyır. Onun adı 2014-cü il üçün Saxarov Mükafatına təqdim olunanların siyahısına daxil edilib.
Leyla Yunus Sülh və Demokratiya İnstitutunun təsisçi direktoru kimi Dağlıq Qarabağ münaqişəsinə görə düşmən olmuş Azərbaycan və Ermənistanın vətəndaşları arasında üzbəüz dialoq üçün çalışırdı.
O həmçinin korrupsiyaya, qadınlara qarşı zorakılığa və insanların evlərindən qanunsuz olaraq məhrum edilmələrinə qarşı mübarizə aparırdı.
Onun əri Arif Yunus bu layihələrdən bəzilərində iştirak edib. Onların hər ikisinə qarşı iqtisadi cinayət və dövlət xəyanəti ittihamları irəli sürülüb.
Bu ittihamla məhkum edilsələr, onları 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Vəkil və Hüquqi Təhsil Cəmiyyətinin sədri İntiqam Əliyevə qarşı vergidən yayınma, səlahiyyətlərini aşma və qanunsuz biznes fəaliyyəti kimi ittihamlar irəli sürülüb. İntiqam Əliyev indiyədək Avropa İnsan Haqları Məhkəməsinə ərizə vermiş 100-dək insanı müdafiə edib.
İnsan Haqları Klubunun rəhbəri Cəfərova qarşı da eyni ittihamlar irəli sürülüb.
“Azərbaycan rəsmiləri bildirirlər ki, bu dörd insan haqları liderinə qarşı ittihamlar siyasi motivli deyil. Lakin bu iddia heç cür özünü doğrultmur, - deyib Fardeau. – Azərbaycanda insan haqlarının prinsiplərini müdafiə etmək fövqəladə cəsarət tələb edir və Holande bu qorxmaz insanların müdafiəsi üçün danışmalıdır”.






