İntiqam Əliyevin vəkilləri cinayət işinə şahid qismində cəlb edilir

Şəklin mənbəyi, Azad Fikir Universiteti

Vergidən yayınma, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunan hüquq müdafiəçisi İntiqam Əliyevin üç vəkili istintaqdan kənarlaşdırılıb.

"Bildirilir ki, iş üzrə şahid qismində dindirilmək zərurəti yaradılıb. Mən artıq İntiqam müəllimin işi üzrə dindirilmişəm", vəkil Anar Qasımlı BBC Azərbaycancaya deyib.

BBC Azərbaycancanın Baş Prokurorluqdan məsələ ilə bağlı şərh almaq cəhdləri baş tutmayıb.

Vəkilin sözlərinə görə, zərurət olanda müdafiəçinin işdən kənarlaşdırılması imkanı qanunda nəzərdə tutulub.

"Amma burda əsas məqsəd İntiqam Əliyevin müdafiəsini zəiflətməkdir və onun müdafiə hüququnun pozulmasıdır. Çox güman ki, İntiqam Əliyev bu məsələdən şikayət verəcək. Onunla məsləhətləşmək imkanım məhduddur, amma başqa vəkillər vasitəsilə məsləhətləşib addım atacağıq", cənab Qasımlı bildirib.

Hüquq müdafiəçisinin digər vəkili Əlayif Həsənov deyir ki, işdən kənarlaşdırılması haqda qərarın sürətini almaq üçün istintaq orqanına müraciət edib.

"Hələ də mənə istintaqdan dəqiq məlumat verilməyib. Qərarın sürətini alan kimi şübhəsiz məhkəməyə şikayət edəcəm. Mənim şahid qismində vurğulanmağımın heç bir əsası yoxdur", o bildirib.

Vəkilin sözlərinə görə, bir neçə il əvvəl İntiqam Əliyevin lahiyələrinin birində "çox cüzi qanorara" mühazirə oxuyub, amma bu faktiki onun heç bir şəkildə şahid qismində cəlb edilmsinə "əsas" ola bilməz.

Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri, hüquqşünas və hüquq müdafiəçisi İntiqam Əliyev avqustun 8-də saxlanılıb. Saxlanılmazdan bir həftə əvvəl onun ofisində Vergilər Nazirliyinin Vergi Auditi Departamenti yoxlama aparıb.

Həbs edildiyi gün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə ifadə vermək üçün gedən cənab Əliyevin evində və ofisində axtarışlar aparılıb.

Daha sonra o üç maddə ilə - vergidən yayınma, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham edilərək 3 aylıq həbs edilib.