Rəsul Cəfərovun Prezident Əliyevə müraciəti "əfv ərizəsi deyil"

Rəsul Cəfərov

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Bakıda keçirilən Eurovision müsabiqəsi zamanı fəaliyyət göstərən "Sing for Democracy" kampaniyası İnsan Haqları Klubunun layihəsi olub

Çərşənbə günü İnsan Haqları Klubu təşkilatının rəhbəri Rəsul Cəfərovun Prezident İlham Əliyevə ünvanladığı müraciət "nə əfv ərizəsidir, nə də indiyə kimi həyata keçirdiyim layihələrə görə heç bir peşmançılıq mövqeyi əks elətdirmir", onun Facebook səhifəsində yayılan bəyanatda deyilir.

Rəsul Cəfərov həbsdən azadlığa buraxılması üçün Prezident Əliyevin sərəncam verməsini xahiş edib. "Həbsadən buraxılmağa yalnız Sizin köməklik göstərə biləcəyinizi dərk edərək Sizə müraciət etmək qərarına gəlmişəm", Rəsul Cəfərovun müraciətində deyilir.

"Əvvəlki fəaliyyətimdə yol verilən çatışmamazlıqları və nöqsanları aradan qaldırmağa hazır olduğuma Sizi əmin edirəm", deyə hüquq müdafiəçisi əlavə edir.

Rəsul Cəfərov avqustun 2-də həbs olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham olunur.

Haqqında seçilmiş üç aylıq həbs qətimkan tədbirinin yekunlaşması ilə əlaqədar Cəfərov Baş prokuror Zakir Qaralova da müraciət ünvanlayaraq xahiş edib ki, o, ən azından ev dustaqlığına buraxılsın.

"Məqsədim həmişə daha firavan və daha yaxşı Vətən – Azərbaycan üçün fəaliyyət göstərmək olub. [...] Bilik və bacarığıımı, habelə potensialımı həbsdə deyil, azadlığa çıxaraq istifadə etmək niyyətindəyəm".

Hüquq müdafiəçisinin şəxsi səhifəsində yazılıb ki, azadlığa buraxılması üçün bu müraciət lazım idisə "o bu müraciəti etdi, artıq cavab vermək qarşı tərəfin öhdəliyindədir".

Digər müraciətlər

Ömər Məmmədov

Şəklin mənbəyi, Kenan Qasimli

Şəklin alt yazısı, Ömər Məmmədov Facebook-da mitinq çağırışları edilən "AzTV-dən seçmələr" səhifənin idarəçisi olub

Rəsul Cəfərovun müraciətindən bir neçə öncə beş illik həbs cəzası alan "AzTV-dən seçmələr" səhifənin idarəçisi Ömər Məmmədov həmçinin prezidentə müraciət ünvanlayıb, onun əfv edilməsini xaniş edib.

"Həbs olunan günədək ali təhsil alırdım, təhsilimi davam etdirmək, valideynlərimin yaşlı olmasını, özümün gənc olmağımı, gələcəkdə Respublikamızın layiqli vətəndaşı kimi təhsilimi başa çatdırmağımı nəzərə alaraq Sizdən xahiş edirəm ki, məni əfv edəsiniz".

Mətbuat Şurasına göndərdiyi məktubda gənc fəal, prezidentə ünvanladığı müraciəti özü yazdığını qeyd edib, üzv olduğu Vətəndaş Həmrəyliyi Partiyasının rəhbərliyindən isə bu partiyadan çıxarılmasını xahiş edib.

VHP rəhbərliyi isə bundan imtina edərək bildirib ki, onun VHP-dən azad olunmasına "o azadlığa çıxandan sonra, özünün azadlıqda yazdığı ərizə nəticəsində baxa bilərik", yerli media Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlidən sitat gətirərək xəbər verir.

Bundan öncə, sentyabrın 30-da N!DA Vətəndaş Hərəkatının hazırda həbsdə olan altı üzvü prezident İlham Əliyevə açıq məktubla müraciət edib.

"Biz həbsdəki nidaçılar düşünürük ki, Azərbaycanın hazırkı dövründə gənclik enerjimizi ölkəmizə fayda verəcək şəkildə istifadə edə bilərik. Bizim aldığımız cəzanın axıra kimi çəkilməsi bu gənclik dönəmimizin fəallığının boşa xərcləməsi demək olardı", müraciətdə deyilib. Məktubun Rəşadət Axundov, Rəşad Həsənov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Məmməd Əzizov və İlkin Rüstəmzadənin imzası ilə yazıldığı görünür.