HRW Leyla Yunusun azad olunmasına çağırır

Leyla Yunus iyulun 30-da həbs edilib.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Leyla Yunus iyulun 30-da həbs edilib.

Qarşıdan gələn həftə Leyla Yunusun həbs qətimkan müddətinin nəzərdən keçiriləcəyini bildirən insan haqları üzrə təşkilat “səhhəti pisləşən” hüquq müdafiəçisinin azad olunmasına səsləyir.

Nyu Yorkda mənzillənən Human Rights Watch qrupu xanım Yunus və onun həyat yoldaşı Arif Yunusun “siyasi motivlərlərlə” həbs olunduğunu bildirir.

Azərbaycan höküməti bu iddiaları rədd edir.

Sülh və Demokratiya İnstitutunun (SDİ) rəhbəri Leyla Yunus dövlətə xəyanət, dələduzluq və vergidən yayınma kimi ittihamlar əsasında iyulun 30-da həbs edilib.

“Azərbaycan hakimiyyəti Yunusları dərhal azad etməli və onlara qarşı irəli sürülmüş ittihamları ləğv etməlidir”, - HRW təşkilatının son bəyanatında deyilir.

“Hökumət Leyla Yunusun məhbəsdə pis rəftar olunması ilə bağlı iddiaları araşırmalı və təqsirkarları məsuliyyətə cəlb etməlidir”.

Human Rights Watch-un Avropa və Mərkəzi Asiya departamentinin direktor müavini Rachel Denber Leyla və Arif Yunusun həbsini onları "saxta ittihamlarla susdurmaq cəhdi” kimi dəyərləndirib.

Sentyabrın 25-də hüquq müdafiəçisinin vəkillərinin birgə yaydığı məlumatda, Leyla Yunusun istintaq təcridxanasının əməkdaşı tərəfindən "fiziki zorakılıq" məruz qaldığı bildirilib.

Baş prokuror Zakir Qaralov Leyla Yunusun təcridxanada zorakılığa məruz qalması haqda vəkillərinin iddialarını "uydurma" adlandırıb.

Azərbaycan rəsmiləri Leyla Yunusla bağlı səslənən tənqidləri "əsassız" kimi rədd ediblər.

Avqust ayında Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, Leyla Yunusa qarşı "ciddi faktlara əsaslanan ittiham irəli sürülüb".

"Hazırda istintaq prosesi gedir. İttihamların əsaslı olub-olmamasını yalnız məhkəmə müəyyənləşdirə bilər", cənab Həsənovun APA-ya müsahibəsində deyib.

Çərşənbə günü ABŞ Dövlət Departamenti Leyla Yunusun "pisləşən səhhətinə baxmayaraq" məhkəməyə çıxarılmadan həbsdə saxlanılması ilə bağlı "ciddi narahatlıq” keçirdiyini bildirib.

ABŞ-ın bəyanatına cavab olaraq XİN sözçüsü deyib ki, ABŞ-ın "davamlı şəkildə Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri tamamilə qəbuledilməzdir".

Hikmət Hacıyev Amerikanı insan hüquqlarından "xarici siyasət aləti" kimi istifadə edərək "siyasi təzyiq göstərməkdə" ittiham edib.

Oktyabrın 17-də Azərbaycan prezidenti 80-dən artıq adamın əvf olunması haqqında sərəncam imzalayıb.

Onlardan dörd nəfər - N!DA Vətəndaş Hərəkatının üzvü Şahin Novruzlu, keçmiş N!DA üzvləri Elsevər Mürsəlli və Bəxtiyar Quliyev və QHT rəhbəri Həsən Hüseynli - bir sıra insan haqları təşkilatının "siyasi məhbuslar" siyahısında olub.

HRW Azərbaycanın AŞ rəhbərliyinə başladıqdan sonra ən azı 11 nəfərin həbs və 9 fəalın mühakimə edildiyini qeyd edir.

Təşkilat son iki il ərzində 50 fəala və müxalifət nümayəndəsinə qarşı "əsassız cinayət ittihamının" irəli sürüldüyünü bildirib.