Beynəlxalq təşkilatlar hüquq müdafiəçilərinin azad edilməsinə çağırır

Beynəlxalq təşkilatlar Azərbaycanda insan haqları müdafiəçisi və hökümət tənqidçisi Rəsul Cəfərovun azadlığa buraxılmasını tələb edir.

ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunja Mijatovic cənab Cəfərovun həbsinin Azərbaycanda "azad media və azad ifadə azadlığına olan təzyiq kampaniyasının" çərçivəsində baş verdiyini deyir.

"Höküməti Cəfərovun dərhal azad edilməsinə və tənqidi səslərə qarşı təqibləri son verilməsinə çağırıram", xanım Mijatovic bildirib.

Human Rights Watch təşkilatı da Rəsul Cəfərovun həbs edilməsini "onun tənqidlərini susdurmaq cəhdi" kimi qiymətləndirib.

"Rəsul Cəfərov Azərbaycanda siyasi yönümlü prokurorluğun və pisləşən insan haqları vəziyyətinin ən tanınmış tənqidçilərindən biridir. Hökümət Cəfərovu həbs etməklə fəallara onların fəaliyyətini dayandırmaq üçün birmənalı mesaj göndərir", HRW-un Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Rachel Denber qeyd edib.

Qurum höküməti Rəsul Cəfərova qarşı "siyasi motivli ittihamlar"ın ləğv edilməsini və azad edilməsini istəyib.

Baş Prokurorluq Cəfərovun qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham olunaraq təqsirləndirilən şəxs qismində saxlanıldığını təsdiqləyib.

Rəsul Cəfərov avqustun 2-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindiriləndən sonra onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Qurum bildirib ki, bu həbslər hətta Azərbaycan may ayında Avropa Şurası Nazirlər Komitəsinə rəhbərlik edərkən də davam edib.

"Cəfərovun həbsi AŞ və onun üzv dövlətləri üçün oyadıcı xəbərdarlıq olmalıdır. Onlar Cəfərovun azad edilməsi üçün mümkün olan hər şeyi etməlidirlər", Denber bildirib.

Qurum əlavə edib ki, müstəqil təşkilatlara qarşı "davam edən narahatlığa da son qoyulmalıdır".

Leyla Yunus

Bu baxımdan, qurum, iyulun 30-da çoxsaylı ittihamlar, o cümlədən dövlətə xəyanətdə ittiham edilən hüquq müdafiəçisi Leyla Yunusun da həbsinə diqqət yönəldib.

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus iyulun 30-da dövlətə xəyanətdə ittiham olunublar və Leyla Yunus 3 aylıq həbs olunub.

Onun həbsindən sonra Avropa İttifaqı Azərbaycanı öz beynəlxalq öhdəliklərinə əməl etməyə çağırıb.

Aİ xarici işlər komissarı Catherine Ashton və Avropanın genişlənmə və qonşuluq məsələləri üzrə komissarı Stefan Füle Leyla Yunusun həbsindən "dərin narahatlıq" ifafə edib.

"Leyla Yunusun həbsi Azərbaycanda vətəndaş cəmiyyətini hədəfləyən və artmaqda olan məhdudiyyətlərin bir hissədir", komissarların sözçülərinin bəyanatında deyilir.

Azərbaycanın Xarici İşlər Nazirliyi isə Avropa İttifaqının Leyla Yunusova ilə əlaqədar bəyanatını "əsassız və qəbuledilməzdir" adlandırıb.

"İstintaq prosesi tam şəkildə qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılır və Leyla Yunusova digər ittihamlarla yanaşı dövlətə xəyanətdə də ittiham olunur", XİN mətbuat xidməti bildirib.

Bəyanatda o da deyilir ki, belə bəyanatlar Azərbaycanın "daxili işlərinə qarışma, məhkəmə sisteminin işinə müdaxilə və cinayət tərkibli əməllərin məqsədyönlü şəkildə siyasiləşdirilməsi cəhdləri kimi qiymətləndirilərək rədd edilir".

Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, Leyla Yunusa qarşı "ciddi faktlara əsaslanan ittiham irəli sürülüb".

"Hazırda istintaq prosesi gedir. İttihamların əsaslı olub-olmamasını yalnız məhkəmə müəyyənləşdirə bilər", cənab Həsənovun APA-ya müsahibəsində deyilir.

Rəsmi həmçinin əlavə edib ki, Azərbaycanın daxilində müxtəlif xarici dairələr tərəfindən istiqamətləndirilən, erməni lobbisi ilə bağlılığına dair böyük şübhələr olan anti-milli qrup fəaliyyət göstərməsi "açıq-aydın görünür".

"Son zamanlar Leyla Yunusun müdafiəsi məqsədilə erməni mediasında yayılan materiallar, gücləndirilən anti-Azərbaycan kampaniyası müvafiq nəticəyə gəlmək üçün əsas yaradır".

Cənab Həsənov qeyd edib ki, bu qrupun fəaliyyəti xüsusilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mühüm beynəlxalq əhəmiyyətli tədbirlər ərəfəsində "daha da gücləndirilir, yüksək qrantlar hesabına müxtəlif siyasi kampaniyalar təşkil olunur və beynəlxalq ictimaiyyətin, transmilli medianın, xarici təşkilatların diqqəti süni şəkildə qabardılmış, uydurma məsələlərə yönəldilir".