Baş Prokurorluq Rəsul Cəfərovun üç maddə ilə ittiham olunduğunu təsdiqləyib

Şəklin mənbəyi, rasul jafarov

Baş Prokurorluq hüquq müdafiəçisi Rəsul Cəfərovun qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham olunaraq təqsirləndirilən şəxs qismində saxlanıldığını təsdiqləyib.

"6 min manatdan çox məbləği mənimsəməkdə" şübhəli bilinən Rəsul Cəfərovun vəkili ona qarşı irəli sürülən ittihamları "qondarma” və “absurd” adlandırır.

“Rəsul özü də dindirilərkən də dedi ki, ona qarşı irəli sürülmüş ittihamlar saxtadır və uydurmadır və sırf onun ictimai fəaliyyəti ilə əlaqəlidir”, vəkil Xalid Bağırov BBC Azərbaycancaya deyib.

Baş Prokurorluq Rəsul Cəfərovun həmtəsisçisi olduğu, "hüquqi qeydiyyatı olmayan" İnsan Hüquqları Klubunun fəaliyyətinin məhkəmə qərarı əsasında Maliyyə və Vergilər nazirlikləri, həmçinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mütəxəssisləri tərəfindən yoxlanıldığını deyib.

"Vergidən yayınma"

Rəsmi məlumatda hüquq müdafiəçisinin 2010-cu il oktyabr ayından etibarən ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondu (NED) və digər donor təşkilatlarla bağladığı qrant müqavilələrini "müvafiq icra hakimiyyəti orqanında qeydə alınmasını təmin etmədən qanunsuz sahibkarlıq fəaliyyəti həyata keçirdiyi" bildirilir.

"Rəsul Cəfərovun 147.900 manat məbləğində külli miqdarda gəlir əldə etməklə, habelə dövlət büdcəsinə ödənilməli olan 6.162 manat məbləğində xeyli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr mövcuddur", açıqlamada qeyd olunur.

Baş Prokurorluq həmçinin Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş "qanun pozuntuları faktlarına" dair cinayət işi başlanıldığı da bildirib.

Rəsul Cəfərov avqustun 2-də günorta saatlarında Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilən hüquq müdafiəçisi Nəsimi Rayon Məhkəməsinə aparılıb və onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Gülünc və absurd

Vəkil Bağırovun sözlərinə görə, qeyri-hökümət fəaliyyəti ilə məşğul olan şəxsə qanunsuz sahibkarlıq maddəsinin verilə bilməz, çünki bu kommersiya,biznes fəaliyyəti sayılmır.

“Bu gülünc və absurddur. Bu absurdu Anar Məmmədlinin dövründən davam etdirirlər”.

"Qanunsuz sahibkarlıq", "seçki saxtakarlığı" və "vergidən yayınma"da təqsirli bilinən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin(SMDT) sədri Anar Məmmədli bu il mayın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 5 il 6 ay həbs cəzasına məhkum edilib.

Anar Məmmədlinin atası Asəf Məmmədli BBC Azərbaycancaya müsahibəsində hökmü "şər, böhtan" adlandırıb, qərarı SMDT-nin fəaliyyətilə əlaqələndirib.

Cənab Bağırov deyib ki, Rəsul Cəfərov vergiləri ödəməsi barədə sənədləri hələ iyulun 31-də və avqustun 1-də istintaqa təqdim etsə də, amma ona qarşı vergidən yayınma ittiham irəli sürülüb.

Hüquq müdafiəçisinə vəzifə səlahiyyətlərini aşma maddəsi ilə ittiham elan olunmasına gəldikdə vəkil bu ittihamı “sırf qondarma” olduğunu deyir.

“Rəsul heç bir vəzifənin sahibi olmayıb. Belə bir şey yoxdur. Ancaq ayrı-ayrı layihələrdə koordinatorluq edib”.

Bağırov məhkəmə qərarından apellyasiya şikayəti veriləcəyini də qeyd edib.

Hökumətin tənqidçisi olan Rəsul Cəfərov 2012-ci ildə Bakıda keçirilən “Eurovision” mahnı yarışması ərəfəsində “Demokratiya naminə oxu” adlı layihənin koordinatoru olub. Layihə ölkədə insan hüquqları məsələlərinə beynəxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədi daşıyıb.

Hüquq müdafiəçisi fəaliyyəti ilə məşğul olan Cəfərov həm də İnsan Haqları Klubunun təsisçisi və sədri olub.

Rəsul Cəfərov həm də REAL Hərəkatının İdarə Heyətinin üzvüdür.