Baş Prokurorluq Leyla Yunusu Cinayət Məcəlləsinin 6 maddəsi üzrə ittiham edir

Məhkəməyə qədər 3 ay müddətinə həbs olunmuş hüquq müdafiəçisi Leyla Yunus haqqında bir neçə ağır ittihamla cinayət işi açılıb.
Hüquq müdafiəçisi Cinayət Məcəlləsinin dövlətə xəyanət, dələduzluq və vergidən yayınma və qanunsuz sahibkarlıq, sənədlərin saxtalaşdırılması və bilə-bilə saxta sənədlərdən istifadə etmə maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub, Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyinin cümə axşamı yaydığı birgə rəsmi bəyanatda deyilir.
Açıqlamada hüquq müdafiəçisinin azadlıqda qalacağı halda, "cinayət prosesini həyata keçirən orqandan gizlənəcəyi, ibtidai istintaqın normal gedişinə mane olacağını ehtimal etməyə kifayət qədər əsaslar" olduğu bildirilir.
Əsas olaraq rəsmi qurumlar onun ölkəni tərk etməyə "cəhd etməsi", istintaqa ifadə verməkdən "üzrlü səbəb olmadan" gəlməməsi, hüquq müdafiəçisi Mətanər Əzizova və digərlərinin ifadə verməsinə "qanunsuz təsir göstərməsi"ni gətirir.
Hökumətin qatı tənqidçisi olan Leyla Yunus bu ittihamları rədd edir.
Qrant
İstintaq orqanının məlumatına görə, Leyla Yunus 2002-ci ildən rəhbəri olduğu Sülh və Demokratiya İnstitutu adından Ermənistanda fəaliyyət göstərən "Region" Tədqiqatlar Mərkəzi və digər qeyri-hökümət təşkilatları ilə birgə "xalq diplomatiyası" layihələrini gerçəkləşdirmək üçün beynəlxalq donorlardan qrant alıb.
Bundan başqa bir il ərzində(2004-2005) Yerevandakı bankdan, 2002-ci ildə Karen Ohancanyanın Böyük Britaniyada bankdan çıxarılan pullar Arif Yunusun Azərbaycan banklarında fəaliyyət göstərən hesablarına otuzdurulub.
"Külli miqdarda pul vəsaitləri müqabilində, maddi maraq zəminində xarici kəşfiyyata şəxslərin casus kimi ələ alınmaları üçün şəxsi keyfiyyətlərini araşdırıb maddi vəziyyətlərini yaxşılaşdırmaq niyyətlərinə əmin olaraq Mirqədirov Rauf Həbibulla oğlunun dəfələrlə Gürcüstan Respublikasının ərazisindən Ermənistan Respublikasına səfərlərini Arif Yunusov ilə birlikdə təşkil edib", rəsmi məlumatda deyilir.
Leyla və Arif Yunusovlar Baş Prokurorluğun adını açıqlamadığı şəxsləri "məxfi əməkdaşlığa cəlb etmək üçün Ermənistan xüsusi xidmət orqanlarının nümayəndələri ilə əlaqələndirib və Azərbaycana qarşı istifadə üçün bəzi məlumatlar vermək qarşılığında, işğal olunmuş torpaqların qaytarılması müqabilində Dağlıq Qarabağın müstəqilliyinin tanınmasının zəruruliyinin təbliğ etmək üçün tapşırıqlar verib.
Hüquq müdafiəçisi 1996-cı ildə "Azərbaycan Qadınları Ön Qafqazda" qeyri-hökümətinin direktoru olduğu halda 2002-ci ildə hesablaşma üzrə əməliyyatlarda özünü təşkilatın sədri olması barədə bilə-bilə yalan məlumatlar daxil etməklə çek kitabçası alıb.
Son 6 ildə hüquq müdafiəçisi həmin təşkilatın bank hesabına Demokratiyaya Yardım Milli Fondu, Marşal Fondu və digər donor təşkilatlardan köçürülmüş bir milyondan çox vəsaitdən 526 min 943 manatını nəğdləşdirməklə qanunsuz sahibkarlıqla məşğul olmaqda ittiham olunur.
"Vergi qanunvericiliyinə əsasən dövlət büdcəsinə ümumilikdə 369 min 378 manat məbləğində külli miqdarda vergiləri ödəməkdən yayınıb".
Bundan başqa 2009-2012-ci ildə Leyla Yunusun yuxarıda adı çəkilən təşkilatlardan "aldığı" 88 min 910 dollar vəsaitin böyük hissəsini(78 min 130 dollar) özünün şəxsi hesabına köçürüb və aprelin 24-də Arif Yunusa hesabına mədaxil edilən bu məbləği aprelin 24-də hesabdan çıxarmaq istədiyi bildirilir.
İyulun 25-də Cinayət-Prosessual Məcəllənin 178-ci maddəsinə görə Yunusovları istintaq orqanına məcburi gətirilməsi haqda qərar verilib, rəsmi bəyanatda qeyd olunur.
Reaksiyalar
Müsavat Partiyası Yunusovlara qarşı irəli sürülmüş ittihamı və hüquq müdafiəçisinin həbsini "siyasi sifariş və heç bir hüquqi əsası olmayan addım" adlandırıb.
"Hakimiyyət anlamalıdır ki, gəncləri, yaşlıları, qadınları həbs etməklə bizim gözümüzü qorxuda bilməyəcək. Azərbaycanda demokratiya uğrunda mübarizə davam edəcək və qələbə haqq-ədalət uğrunda mübarizə aparanların olacaq", partiyanın yaydığı bəyanatda deyilir.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli özünün Facebook səhifəsində Leyla Yunusa qarşı ittihamların "qurama və onu tutmaq üçün bəhanə" adlandırıb.
"Hansı ittihamların irəli sürülməsi isə texniki məsələdir və həbsin siyasi sifariş olmasını pərdələmək iqtidarında deyil. Hökumət nümayiş etdirir ki, həqiqəti deyən, siyasi məhbusları müdafiə edən insanları susdurmaq naminə istənilən qeyri-populyar addımı atmağa hazırdır", Kərimli qeyd edib.
Milli Şura Leyla Yunusun həbsini təşkilata qarşı başlanmış "respresiyanın tərkib hissəsi" olduğunu bəyan edib.
"Leyla Yunus özü vicdan məhbusudur və ölkənin bütün vicdanlı adamları onun yanında olmalıdır. İndi Lelya xanım özü siyasi mülahizələrlə həbs olunub və müdafiə etdiyi siyasi məhbuslar sırasındadır. Milli Şura onun dərhal azad olunmasını tələb edir", bəyanatda deyilir.
Beynəlxalq təşkilatlar
Norveç İnsan Hüquqları Evi Fondu hüquq müdafiəçisinin həbs olunmasını Azərbaycanda insan hüquqları müdafiəçilərinə və fəallara qarşı görünməmiş “repressiya dalğasının bir hissəsi" adlandıraraq pisləyib.
“Əgər Leyla Yunus və Arif Yunusa qarşı ittihamlar “təsdiqlənərsə”, Azərbaycanda daha bir siyasi motivli həbs olacaq”, fondun bəyanatında bildirilir.
Amnesty İnternational təşkilatı cümə axşamı yaydığı bəyanatında xanım Yunusun həbsinin Azərbaycanda insan hüquqlarının "ağır vəziyyətinə yeni nümunə" olduğunu bildirib və hüquq müdafiəçilərinin "təqib olunduğu" qeyd olunub.
“Leyla Yunus uzun müddət hökumətin təhdid və hədə-qorxu ilə susdurmağa cəhd etdiyi müstəqil səs idi. Buna nail olmadıqları üçün hökuməti tənqid etdiyinə görə onu uydurma ittihamla həbs etdilər”, təşkilatın nümayəndəsi Natalia Nozadze bildirib.
Yunusovlara qarşı ittihamları "saxta" adlandırılan bəyanat mətnində Leyla Yunusun həbsi hüquq müdafiəçisinin fəaliyyətinə görə təqib olunması prosesinin tərkib hissəsi kimi qeyd olunur.
"Avropa Şurasının üzvləri Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı bu ölkənin hakimiyyətinə etiraz etməlidir”, Nozadze deyib.
Human Rights Watch insan hüquqları təşkilatı yaydığı bəyanatda hüquq müdafiəçisini dərhal azad etməyə çağırıb.
“Son dörd ayda irəli sürülən ittihamların və təqiblərin konteksti göstərir ki, Leyla və Arif Yunusa qarşı ittihamlar saxtadır və onları susdurmaq məqsədi daşıyır”, təşkilatın Avropa və Asiya üzrə direktor müavini Rachel Denber deyib.
Bəyanatda deyilir ki, Azərbaycanın beynəlxalq tərəfdaşları, o cümlədən Avropa Şurası və üzv ölkələrin rəhbərləri açıq-aşkar Yunusların təqibinin onların Azərbaycan hökuməti ilə münasibətlərinə birbaşa təsir edəcəyini göstərməlidirlər.
Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Nils Muiznieks Twitter hesabında hüquq müdafiəçisinin həbsini şərh edərkən yazıb ki, "Leyla Yunus haqda qərar Azərbaycanda insan hüquq müdafiəçilərinin çətinliklərinin xatırlatmasıdır".
"Hakimiyyəti insan hüquqları ilə bağlı üzərinə götürdüyü öhdəliklərə uyğun davranmağa çağırıram", o yazıb.
Dindirilmə və həbs
İyulun 30-da Leyla və Arif Yunuslar dövlətə xəyanətdə ittiham olunublar, vəkil Cavad Cavadov Baş prokuroluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin qarşısına toplaşmış jurnalistlərə bildirib.
BBC Azərbaycanca müxbirinin hadisə yerindən deyir ki, vəkil Leyla Yunusun haqqında həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə aparıldığını söyləyib.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə hüquq müdafiəçisi barədə 3 ay həbs qətimkan tədbiri seçilib.
Məhkəmə bitəndən sonra Leyla Yunus Kürdəxanı təcridxanasına aparılıb.
Cavad Cavadovun məlumatına əsasən, Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq) və 213-cü (vergidən yayınma) və 192-ci(qanunsuz sahibkarlıq), Arif Yunus isə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178-ci (dələduzluq) maddələri ilə ittiham olunurlar.
Vəkil qeyd edib ki, istintaq Arif Yunusdan başqa yerə getməməklə bağlı iltizam alıb.
Arif Yunus jurnalistlərə bildirib ki, səhhətilə bağlı barəsində həbs qətimkan tədbiri seçilməyib, lakin o, polisin nəzarətində qalacaq.
İfadə verilib
Hüquqmüdafiəçisi Leyla Yunus Baş Prokurorluqda ifadə verir, həyat yoldaşı Arif Yunusov da ifadə vermək üçün Baş Prokurorluğa gedib.
BBC Azərbaycancanın müxbiri Nailə Abdiyeva məlumat verir ki, Arif Yunusov vəkili ilə birgə Baş Prokurorluğun binasına daxil olub.
Çərşənbə günü səhər Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus naməlum şəxslər tərəfindən saxlanılaraq dindirilməyə aparılıb.
"Onun vəkilini yanına buraxmırlar, yəqin ki onu Rauf Mirqədirovun məsələsi ilə həbs etmək istəyirlər", həyat yoldaşı Arif Yunusov BBC Azərbaycancaya bildirib.
Arif Yunusov əlavə edib ki, onu da Baş Prokurorluğa çağırırlar, "yəqin ki məni də həbs edəcəklər", o deyib.
Leyla Yunus çərşənbə səhəri evinin qarşısında taksiyə minərkən naməlum istiqamətə aparılıb, həmin vaxt hüquqmüdafiəçisi Mirvari Qəhrəmanlı BBC Azərbaycancaya bildirib.
Onun sözlərinə görə, bu barədə ona xanım Yunusun həyat yoldaşı Arif Yunusov məlumat verib.
"Evdən çıxıb tədbirə gedərkən taksiyə minib. Bu vaxt üç nəfər maşına oturub, onun və sürücünün telefonları alınıb və naməlum istiqamətə aparılıb".

Mirvari Qəhrəmanlı onu da əlavə edib ki, Arif Yunusov da "saxlanılacağını" ehtimal edir, çünki "evlərinin qarşısında 6 mülku geyimli şəxs var və onlar qapının açılmasını tələb edir".
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus mayın 2-də"dövlətə xəyanətdə" ittiham edilən jurnalist Rauf Mirqədirovun həbsi ilə əlaqədar "şahid qismində dindirilib".
Hüquqmüdafiəçisi bildirib ki, evində və ofisində aparılan axtarışlar zamanı onların pasportları və evinin sənədləri müsadirə edilib. Bu səbəbdən Yunuslar ailəsi sonrakı dindirilmələrə getməyib.
Son günlər Leyla Yunus deyib ki, onun evinin qarşısında mülki geyimlilər var və o izlənir, yerli media yazır.




