Leyla Yunus "Rauf Mirqədirova görə şahid qismində dindirilib"

Hüquq müdafiəçisi Leyla Yunus jurnalist Rauf Mirqədirovun həbsi ilə əlaqədar "şahid qismində dindirilib", xanım Yunus BBC Azərbaycancaya bildirib.

Baş Prokurorluq BBC Azərbaycancaya xanım Yunusun Rauf Mirqədirovun cinayət işinə görə dindirildiyini təsdiqləyib.

"Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində istintaq edilən konkret cinayət işi ilə bağlı yaranmış zərurətlə əlaqədar Bakı şəhərində fəaliyyət göstərməklə hüquqi qeydiyyatdan keçməyən “Sülh və Demokratiya İnstitutu” adlı qurumun sədri Leyla Yunusova və həmin institutda ekspert qismində çalışan Arif Yunusovun şahid qismində dindirilməsi nəzərdə tutulub".

Hüquq müdafiəçisi Leyla Yunusun evində axtarış Yasamal Rayon Məhkəməsinin qərarı əsasında aparılıb və axtarışın aparılması üçün əsas məhkəmə qə

Məlumata görə, onların iş üzrə dindirilmələri üçün istintaqa gəlmələri məqsədilə çağırış vərəqələri şəxsən təqdim edilməsinə, həmçinin dəfələrlə telefon əlaqəsi yaradılmasına baxmayaraq, hər iki şəxs üzrlü səbəb olmadan "qəsdən istintaqdan yayınıb".

"Arif Yunusov aprelin 25-də “Hipertoniya xəstəliyi III dərəcəli, hipertonik kriz” diaqnozu ilə xəstəxanaya daxil olaraq aprelin 28-də xəstəxanadan buraxılsa da, ifadə vermək üçün istintaqa gəlməyib və bankların birindən külli miqdarda pul vəsaitini çıxarmağa cəhd edib".

Baş Prokurorluq Yunusovların hava limanında saxlanılması ilə bağlı bildirib ki, onların "istintaqdan yayınmalarının qarşısı alınıb".

"Yasamal Rayon Məhkəməsinin qərarı əsasında onların şəxsi yük baqajına baxış keçirilərkən oradan iş üçün əhəmiyyət kəsb edən sənəd və əşyalar, o cümlədən Leyla Yunusovanın xarici ölkədə adına olan mülkə dair sənədlər, informasiya daşıyıcıları və digər sənədlər aşkar edilərək maddi sübut kimi götürülüb".

Leyla Yunus bundan öncəki müsahibələrində BBC Azərbaycancaya deyib ki, ona axtarışla əlaqədar hansısa rəsmi qərar göstərilməyib.

28 aprel gecəsi Leyla Yunus və həyat yoldaşı Arif Yunusov Dohaya yollanarkən Bakı aeroportunda saxlanılaraq evlərində axtarış-baxış üçün gətirilib. Lakin axtarış-baxış baş tutmayıb. Səhər saat 7-də xanım Yunus ifadə vermək üçün Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə gətirilib. İfadə alınmasından sonra, Leyla Yunusun ofisi və evində axtarış edilib.

Evdə axtarış

29 aprel, axşam təxminən 9 radələrində Leyla Yunusovun evində aparılan axtarış başa çatıb.

Onun evindən Rauf Mirqədirovun şəxsiyyət vəsiqəsinin surəti, bank kartları, vaxtilə keçirdikləri tədbirlərlə əlaqədar jurnalistlərin vəsiqələrinin surəti və digər əşyalar götürülüb.

Hüquq müdafiəçisi bildirib ki, onların bank hesablarına həbs qərarı qoyulub.

Leyla Yunusun ofisində axtarış başa çatdıqdan sonra evində axtarış keçirilib.

Evdəki axtarış əməliyyatına xanım Yunus tərəfdən üç hal şahidi, vəkil Xalid Bağırov, prokuror və onun iki əməliyyatçısı daxil olub.

Leyla Yunusun ofisindən həyat yoldaşı Arif Yunusovun demokratiya, din və digər məsələlərə aid 7 kitabını, Sülh və Demokratiya İnstitutunun (SDİ) əməkdaşı Azad İsazadənin kompüterinin prosessorunu, Qarabağa Azadlıq Təşkilatı sədri Akif Nağının kitabını və 1994-cü ildə milliyətcə erməni olan bir tarixçinin Leyla Yunusa təqdim etdiyi vizit kartı götürülüb.

Leyla Yunusun şəxsi noutbuku isə dünən ondan alınıb, xanım Yunus BBC Azərbaycancanın müxbiri Nailə Abdiyevaya deyib.

SDİ rəhbəri çərşənbə axşamı səhəri prokurorluqda dindirildikdən sonra buraxılıb, amma onun ofisində və evində axtarışlar aparılır.

Ofisdə axtarış aparılıb

Axtarış edilən məkana - ofisə xanım Yunus tərəfdən iki nəfər hal şahidi və Baş Prokurorluqdan müstəntiq, prokuror və digər iki əməliyyatçı daxil olub, müxbir Nailə Abdiyeva xəbər verib.

Leyla Yunus evində axtarış aparılmasına ofis binasının ətrafını çevik polis alayı və polis əməkdaşları tərk etdikdən sonra razı olub.

Çərşənbə axşamı səhər 7-dən Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində olan Leyla Yunusun ifadə verməsi təxminən saat 16.00-da yekunlaşıb.

Təxminən 5 saatlıq dindirmədən sonra Leyla Yunus deyib ki, ümumvətəndaş pasportu "əlindən alınıb".
Şəklin alt yazısı, Təxminən 5 saatlıq dindirmədən sonra Leyla Yunus deyib ki, ümumvətəndaş pasportu "əlindən alınıb".

Leyla Yunus BBC Azərbaycancanın müxbirinə bildirib ki, onu saat 11-dən dindiriblər.

"Onlar mənə bir sual verirdilər ki, niyə Rauf Mirqədirovla dostluq etmisən?", xanım Yunus deyib.

Onun sözlərinə görə, dindirilərkən o, ölkədən çıxmaq barədə və ya hansısa cinayət törətməsi barədə heç bir sənədə qol çəkməyib və ona hansı ittihamla saxlanıldığı bildirilməyib, yalnız suallar verilib.

Leyla Yunusa verilən digər sual isə, "niyə səfirlərlə ölkəni tərk edirsən?" olub.

Söhbət, Yunusovların saxlanılarkən Qərb diplomatları- Fransa səfiri və ABŞ səfirliyinin müvəqqəti işlər üzrə vəkilinin onları müşayiət etməsi barədə məlumatlardan gedir.

ABŞ-ın Bakıdakı Səfirliyi BBC Azərbaycancaya bildirib ki, müvəqqəti işlər vəkili cənab [Dereck] Hogan Yunuslar ailəsinin xahişi ilə "onları aprelin 28-də hava limanında qarşılayıb".

Fransa Səfiri cənab Pascal Meunier də Yunuslar ailəsini hava limanında müşayiət etdiyini təsdiqləyib.

“Leyla Yunusu və həyat yoldaşını Bakı aeroportuna qədər şəxsən müşayiət etmişəm”, deyən səfir əlavə edib ki, xanım Yunus Rauf Mirqədirovun həbsi məsələsindən narahat olub, APA yazır.

"“Çünki onun tanışıdır. Ona görə də məndən və amerikalı həmkarımdan xahiş etdi ki, onunla birlikdə aeroporta gedək. Biz də heç bir tərəddüd etmədən bunu etdik”, Fransa səfirliyi BBC Azərbaycancaya bu cümlələri təsdiqləyib.

Səfir, həmçinin xanım Yunusa viza verdiklərini təsdiqləyib: “O, konfransda iştirak etmək üçün Brüsselə dəvət edilmişdi. Bizə viza üçün müraciət etdi. Ona viza verməmək üçün səbəb yoxdur. Pasportu var və biz ona viza verdik”.

Leyla Yunus məlumatı BBC Azərbaycancaya təsdiqləyib.

O, prokurorluqda ümumvətəndaş pasportunun "əlindən alındığını" qeyd edib. Leyla Yunusun sözlərinə görə, bu, onun "ölkədən çıxmamağı üçün" edilib.

"Onlar ölkədə işləyən ən sonuncu hüquq müdafiəçisini məhv etmək istəyirlər", xanım Yunus başına gələnləri şərh edərkən deyib.

Hazırda Leyla Yunus vəkil Xalid Bağırov, istintaq əməkdaşları və jurnalistləri ilə birgə ofisində planlaşdırılan axtarış-baxış əməliyyatı üçün Nizami 63-də yerləşən ofisə gedir.

Leyla Yusunun dindirilməsi çərşənbə axşamı təxminən 16.00-da yekunlaşıb.

28 aprel gecəsi Leyla Yunus və həyat yoldaşı Arif Yunusov Dohaya yollanarkən Bakı aeroportunda saxlanılaraq evlərində axtarış-baxış üçün gətirilib. Lakin axtarış-baxış baş tutmayıb. Səhər saat 7-də xanım Yunus ifadə vermək üçün Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə gətirilib.

Hələlik Baş Prokurorluqdan Leyla Yunusun saxlanılması və dindirilməsi ilə bağlı rəsmi açıqlama verilməyib.

Leyla Yunus ifadə verib

Ötən gecə təxminən saat 2-dən 7-ə qədər Leyla Yunus evinin qarşısında gözləyib, evində ordersiz axtarış-baxış aparılmasına icazə verməyib. (Müəllif: Mehman Hüseynov)

Şəklin mənbəyi, Mehman Huseynov

Şəklin alt yazısı, Ötən gecə təxminən saat 2-dən 7-ə qədər Leyla Yunus evinin qarşısında gözləyib, evində ordersiz axtarış-baxış aparılmasına icazə verməyib. (Müəllif: Mehman Hüseynov)

Leyla Yunus ifadə verərkən idarənin qarşısına jurnalistlər və xanım Yunusun dostları toplanmışdı.

Leyla Yunusun dindirilmə və hava limanında saxlanılma səbəbi barədə rəsmi açıqlama verilməyib.

Müstəqil siyasətçi Yeganə Hacıyeva BBC Azərbaycanca müxbirinə Leyla Yunusun saxlanılması və dindirilməsini şərh edib.

"Bu gündəmi dəyişmək cəhdidir. Azərbaycan Qərbin başının Rusiya-Ukrayna məsələlərinə qarışması fürsətindən istifadə edərək bu addımı atır".

Onun sözlərinə görə, bu, uzun müddətli perspektivdə hökümətin Qərbin deyil, Rusiyanın tərəfində olmağı planlaşdırdığını göstərir.

Siyasi yazar Rövşən Hacıyev isə Leyla Yunusun saxlanılmasını "gözlənilən" adlandırıb.

"Jurnalist Rauf Mirqədirovun həbsi Leyla Yunusun həbsinə hesablanmış addım idi və işi genişləndirib Leyla Yunusu da bu işə cəlb etmək cəhdi idi", cənab Hacıyev deyib.

Arif Yunusov xəstəxanadadır

Gecədən bəri hadisələri izləyən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov BBC Azərbaycancaya bildirib ki, ötən gecə saat 3-də Yunus ailəsinin evində axtarış-baxış keçirmək istərkən Leyla Yunusun həyat yoldaşı, politoloq Arif Yunusovun "ürəyi tutub və o, təcili tibbi yardımla 1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə aparılıb".

1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsində cənab Yunusovun həkimi Südabə Həsənova BBC Azərbaycancaya cənab Yunusovun vəziyyətinin "stabil" olduğunu bildirib.

"Hipertanik krizlə gətirilmişdi, indi vəziyyəti- təzyiqi stabildir, yaşla əlaqəli dəyişiklərdir". Həkim bildirib ki, çərşənbə axşamı nevropolotoqla konsilium etdikdən sonra cənab Yunusov nevrologiya şöbəsinə köçürülə bilər.

Axtarışa cəhd

Leyla Yunus və həyat yoldaşı Arif Yunusov ötən gecə Dohaya yollanarkən Bakı aeroportunda saxlanılaraq evlərində axtarış-baxış üçün gətirilib.

Lakin evdə axtarış aparmaq mümkün olmayıb, həmin vaxt hadisə yerində olan Şahvələd Çobanoğlu deyir.

"Leyla Yunus onlardan sənəd təqdim etməyi istədi, nə üçün və nə zəmində axtarış aparıldığını, nədə ittiham edildiyini soruşdu. Heç bir sənəd təqdim edilməmişdi", jurnalist qeyd edir.

Şahvələd Çobanoğlunun sözlərinə görə, xanım Yunus yalnız hal şahidlərinin yanında "öz inandığı və ya jurnalistlərin də olacağı" halda axtarışa razılıq verib. Buna isə polis razı olmayıb.

"Daha sonra mübahisə düşdü və Arif Yunusovun halı pisləşdi, təcili tibbi yardım çağrıldı. Leyla xanımı isə gecə ilə bura [Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi] gətirdilər".

Leyla Yunusun ofisində axtarış aparılıb-aparılmaması ilə bağlı heç bir məlumat yoxdur.

Leyla Yunusun dindirilməsi ilə bağlı Baş Prokurorluqdan BBC Azərbaycancaya hələlik açıqlama verilməyib.

Saxlanılma

Təyyarəyə minərkən saxlanılan Yunusovlar ailəsinin yanında Qərb diplomatları- Fransa səfiri və ABŞ səfirliyinin müvəqqəti işlər üzrə vəkilinin olduğu bildirilir, Turan agentliyi yazır.

Agentliyin məlumatına görə, təyyarəyə minənə qədər Yunusovlar ailəsinə "ölkəni tərk etməklərinə qadağa olduğu" deyilib, lakin xarici diplomatlar Prezident Administrasiyası sədrinin müavini Novruz Məmmədovla "danışdıqdan" sonra sərhəddən buraxılıb.

Cənab Məmmədovun nümayəndəsi Turan agentliyinə "belə bir şeyin baş vermədiyini" qeyd edib.

Başqa bir məlumatda isə, PA sədr müavini Yunusovların ölkəni tərk edərkən "onun təsiri ilə saxlanılması" barədə xəbəri "əsassız" adlandırıb.

"Bu xəbər məni çox təəccübləndirdi. Guya onlar təyyarə ilə xaricə gedən zaman mən kiməsə demişəm ki, onları təyyarəyə buraxıb sonra isə saxlasınlar. Bu tamamilə yalandır, bu xəbəri yayan agentlik birbaşa təxribatla məşğuldur. Bu, bilərəkdən ictimaiyyəti çaşdırmaqdır”, APA agentliyi cənab Məmmədovdan sitat gətirir.

Leyla Yunus polis əməkdaşları ilə danışır (müəllif: Mehman Hüseynov)

Şəklin mənbəyi, Mehman Huseynov

Şəklin alt yazısı, Leyla Yunus polis əməkdaşları ilə danışır (müəllif: Mehman Hüseynov)

Xanım Yunus yerli mediaya bildirib ki, hava limanında onların çemodanlarında axtarış aparılır, bundan sonra isə “evimizdə və ofisimizdə axtarış olacağını bildirirlər”, xanım Yunusdan sitat gətirilir.

Leyla Yunusun vəkili Xalid Bağırov aeroporta yollansa da, cənab Bağırov onun Yunus ailəsilə görüşməsinə imkan verilmədiyini bildirib.

“Axtarışı nəyin əsasında apardıqları, məni niyə saxladıqları barədə heç bir məlumat vermirlər. Ümumiyyətlə, nə mənim ölkədən çıxmağıma qadağa, nə də aparılan axtarışlar hüquq çərçivəsində deyil”, AzadlıqRadiosu xanım Yunusdan sitat gətirir.

Ötən həftə casusluq ittihamı ilə saxlanılan Ayna-Zerkalo qəzetinin jurnalisti Rauf Mirqədirovla bağlı cinayət işində xanım Yunusun da adı çəkilib. Cənab Mirqədirov 2008-2009-cu illərdə Azərbaycandakı "hərbi vəziyyət barədə" Ermənistana məlumat ötürməkdə şübhəli bilinir.

Rauf Mirqədirovun vəkili Vuad Ağayev jurnalistin həbsindən sonra keçirdiyi mətbuat konfransında bildirmişdi ki, cənab Mirqədirovun iştirak etdiyi layihələrdən biri “Region” Tədqiqat Mərkəzinin rəhbəri Laura Bağdasaryan və Leyla Yunus tərəfindən təşkil olunub.

Xanım Bağdasaryan və xanım Yunusun cümə günü buraxdıqları birgə müraciətdə Rauf Mirqədirovun dərhal azadlığa buraxılması tələb olunur.

Bazar ertəsi saxlanılmazdan bir neçə saat öncə, axşama yaxın Leyla Yunus BBC Azərbaycancaya bildirib ki, həyat yoldaşı politoloq Arif Yunusov xəstəxanadadır.

O, həyat yoldaşının vəziyyətinin ona qarşı təzyiqlərə görə pişləşdiyini deyib.

"5-ci gün [25 aprel] onun halı pisləşdi və xəstəxanaya apardıq", Leyla Yunus bildirib.

Hüquq müdafiəçisi əlavə edib ki, həyat yoldaşı "bir gün sonra Prokurorluğun təzyiqi ilə" xəstəxanadan çıxarılıb.

Bu barədə reaksiya üçün prokurorluqla əlaqə saxlamaq mümkün olmayıb.

Leyla Yunus cümə axşamı yaydığı bəyanatda, həyat yoldaşının səhhət diaqnozunu "infarktdan öncəki vəziyyət" kimi xarakterizə edib.