Leyla Yunus "MTN-nin təcridxanasına köçürülüb"

Şəklin mənbəyi, Reuters
Casusluqda itiham olunan hüquq müdafiəçisi Leyla Yunus Milli Təhlükəsizlik Nazirliyinin 1 saylı İstintaq Təcridxanasına köçürülüb. Onun məhkəməyə qədər həbs müddətinin bitməsinə on gün qalıb.
"Leyla xanım ya dünən, ya da bu gün səhər köçürülüb. Səbəbini bilmirik. Sadəcə olaraq faktı bilirik", vəkil Cavad Cavadov BBC Azərbaycancaya deyib.
Onun sözlərinə görə, ötən şənbə vəkillər hüquq müdafiəçisi ilə Bakı İstintaq Təcridxanasında görüşüb.
"Bu həftə ərzində yaxın günlərlə biz görüşəcəyik", Cavadov əlavə edib.
MTN İctimaiyyətlə Əlaqələr Mərkəzindən BBC Azərbaycancaya heç bir şərh verilməyib, Baş Prokurorluqdan şərh almaq cəhdləri də baş tutmayıb.
Çağırışlar
Ötən həftə Human Rights Watch qrupu qarşıdan gələn həftə Leyla Yunusun həbs qətimkan müddətinin nəzərdən keçiriləcəyini bildirərək hüquq müdafiəçisinin azad olunmasına <link type="page"><caption> səsləyib</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/10/141018_hrw_call_yunus.shtml" platform="highweb"/></link>.
"Azərbaycan hakimiyyəti Yunusları dərhal azad etməli və onlara qarşı irəli sürülmüş ittihamları ləğv etməlidir", - insan haqları təşkilatının son bəyanatında deyilir.
Sülh və Demokratiya İnstitutunun (SDİ) rəhbəri Leyla Yunus dövlətə xəyanət, dələduzluq və vergidən yayınma kimi ittihamlar əsasında iyulun 30-da həbs edilib.
Oktyabrın 30-da onun barəsində məhkəməyə qədər seçilmiş həbs-qətimkan tədbirinin vaxtı bitir və məhkəmənin olacağı gözlənilir.
Sentyabrın 25-də hüquq müdafiəçisinin vəkillərinin birgə yaydığı məlumatda, Leyla Yunusun istintaq təcridxanasının əməkdaşı tərəfindən "fiziki zorakılıq" məruz qaldığı bildirilib.
Baş prokuror Zakir Qaralov Leyla Yunusun təcridxanada zorakılığa məruz qalması haqda vəkillərinin iddialarını "uydurma" adlandırıb.
Ötən həftə ABŞ Dövlət Departamenti Leyla Yunusun "pisləşən səhhətinə baxmayaraq" məhkəməyə çıxarılmadan həbsdə saxlanılması ilə bağlı "ciddi narahatlıq” keçirdiyini bildirib.
ABŞ-ın bəyanatına cavab olaraq XİN sözçüsü deyib ki, ABŞ-ın "davamlı şəkildə Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri tamamilə qəbuledilməzdir".
Hikmət Hacıyev Amerikanı insan hüquqlarından "xarici siyasət aləti" kimi istifadə edərək "siyasi təzyiq göstərməkdə" ittiham edib.
Oktyabrın 17-də Azərbaycan prezidenti 80-dən artıq adamın əvf olunması haqqında sərəncam imzalayıb və “siyasi məhbuslar” siyahısında olan dörd nəfər azadlığa çıxıb.




