Duma: "Krımlılara Rusiya pasportu verin"

Şəklin mənbəyi, RIA Novosti

Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə katibi Leonid Slutski Krımda səfərdə olarkən Ukraynanın rusdilli əhalisinin Rusiya tərəfindən dəstəklənəcəyini bəyan edib.

Bununla bağlı Ukrayna mətbuatı, Krımda yerli əhaliyə Rusiya paspotlarının kütləvi şəkildə paylanması prosesinin başlayacağını yazır.

Rusiya pasportları paylanarsa, o zaman Ukraynanın Krım Muxtariyyəti ərazisində Rusiya vətəndaşlarının sayı çoxluq təşkil edə bilər.

Simferopollu jurnalist Oleq Kryuçkovun Facebook səhifəsində yerləşdirdiyi xəbərə əsasən, Simferopol aeroportunda Slutskiy bəyan edib ki, "Rusiya pasportların sadələşdirilmiş qaydada verilməsinə başlayır".

Bu gün isə Leonid Slutski İnterfax agentliyinə özünün “düzgün başa düşülmədiyini" bildirib.

"Bu çox incə bir məsələdir, bunun üçün ölkə rəhbərliyinin xüsusi qərarı lazımdır", deputat dəqiqləşdirib.

Buna baxmayaraq, Slutskinin üzvü olduğu LDPR partiyası müvafiq qanun layihəsini baxılmaq üçün Dövlət Dumasına təqdim edib.

Eyni zamanda Ukrayna lb.ua informasiya portalı Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ilə müsahibə dərc edib.

Mixail Saakaşvili Krımda hadisələrin abxaz və cənubi-osetiya ssenarisi üzrə davam edəcəyi barədə xəbərdarlıq edib.

O, xatırladıb kı, Moskva tanınmamış respublikaların sakinlərinə Rusiya vətəndaşlığını paylamaqla həmin ərazilərdə separatizmin baş qaldırmasına nail olmuşdu.

Sevastopol amili

Jurnalist Oleq Kryuçkovun məlumatına görə, Leonid Slutski və digər rusiyalı deputatlar Simferopol aeroportunda bildiriblər ki, Rusiya Ukrayna müxalifətilə Yanukoviç arasında əldə olunmuş razılıqların yerinə yetirilməsini tələb edir.

"Ən əsası isə, Krım vətəndaşları referendumda müvafiq qərar qəbul edərlərsə və ya Krım parlamenti Rusiyaya birləşmək barədə müraciət edərsə, Rusiya tərəfi bu məsələyə tez bir zamanda baxacaq", bəyanatda deyilir.

Krımda hazırda böyük sayda Rusiya vətəndaşı yaşayır, Sevastopolda Rusiya hərbi donanması mənzillənir. Sevastoplda Rusiya pasportuna sahib olanların sayı əksəriyyət təşkil edir.

Ötən bazar günü Leonid Slutski Ukraynanın rusdilli əhalisilə əlaqədar Rusiyanın yürüdəcəyi mümkün siyasətə işıq salan bəyanat verib.

Slutskinin sözlərinə görə, LDPR paqrtiyası Ukraynada yaşayan ruslara və onların ailə üzvlərinə Rusiya vətəndaşlığının sədələşdirilmiş qaydada verilməsi təşəbbüsülə çıxış edib. “Müvafiq qanun layihəsini artıq Dövlət Dumasına təqdim etmişik” Slutski bildirib.

Ötən gün Rusiya XİN-i Ukraynadakı vəziyyətlə bağlı sərt bəyanat yayıb. Moskva “Ukraynanın şərq və cənub bölgələri, fevralın 22-də Xarkovda keçirlmiş qurultayda Krım və Sevastopoldan olan deputatların səsləndirdikləri narahatlıq və qayğılarının nəzərə alınmasına" çağırıb.