Boko Haram uşaq intiharçıların "sayını artırıb"

Şəklin mənbəyi, AFP Unicef
Son bir il ərzində Boko Haram intiharçı hücumlarda istifadə olunan uşaq bombaçıların sayını artırıb, BMT agentliyi bildirir.
UNICEF bu müddət ərzində Kamerun, Çad və Nigeriya ərazisində intiharçı basqın törədənlərin beşdə birinin uşaq olduğunu qeyd edir.
Məlumata əsasən, bu hücumların 75 faizini, bir çox hallarda narkotik maddələrin təsiri altında olan qızlar həyata keçirib.
2014-cü ildə 3 Afrika ölkəsində uşaqların iştirakı ilə 4 basqın qeydə alınıbsa, 2015-ci il ərzində belə halların sayı 44-ə çatıb.

Şəklin mənbəyi, Getty
UNICEF bu bölgədə 1.3 milyon uşağın evlərindən məhrum olunduğunu bildirir.
BMT agentliyinin hesabatı Boko Haram tərəfindən 200 məktəbli qızın oğurlanmasının ikinci ildönümünə təsadüf edir.
İki il əvvəl Nigeriyanın şımalındakı Çibok şəhərində baş verən hadisə ilə bağlı geniş kampaniya keçirilsə də, qızların axtarışı üzrə səylər nəticə verməyib.
"Beyond Chibok" adlı hesabata əsasən oğurlanaraq Boko Haram sıralarına cəlb edilmiş oğlanlar sədaqət nümayişi kimi öz ailələrinə qarşı hücum etməyə məcbur olunurlar.
Qızlar döyüşçülərlə nikaha məcbur edilir və cinsi təcavüz də daxil olmaqla bir çox şiddətli alçaltmalara məruz qalırlar.
BMT hesabatına əsasən ən çox uşaq intiharçı hücumları Kamerunda baş verir. Belə basqınlara bəzən 8 yaşlı uşaqlar da cəlb olunub.
Boko Haram tez-tez məktəbləri hədəfləyir.
- 2002-ci ildə təsis edilən Boko Haram qərbsayağı təhsilə qarşı çıxır. Qruplaşmanın adı hausa dilindən "Qərb təhsili qadağandır" kimi tərcümə olunur.
- Qruplaşmanın silahlı basqınları 2009-cu ildə başlayıb.
- Əsasən Nigeriyanın şimalında baş verən Boko Haram hücumları nəticəsində, yüzlərlə adam oğurlanıb.
- "İslam Dövləti" adlandırılan qruplaşmaya birləşdiyini elan edən Boko Haram hazırda özünü "İD-nin Qərb Afrika əyaləti adlandırır"
- Cihadçı qruplaşma nəzarət etdiyi ərazilərdə xilafətin qurulduğunu elan edib.
Nigeriyanın şimalı və Çad gölü ətrafındakı ölkələrdə 7 il ərzində davam edən silahlı üsyan 17 min adamın ölümünə bais olub.





