Nigeriya: məsciddə partlayış nəticəsində onlarla insan ölüb

Şəklin mənbəyi, Getty
Nigeriyanın şimal-şərqində yerləşən Mayduquri şəhəri yaxınlığında məsciddə baş vermiş iki partlayış nəticəsində ən azı 30 nəfər ölüb, fövqəladə hallar rəsmisi bildirib.
İntiharçı bombanı Mulay rayonundakı məscidin içində işə salıb, Milli Fövqəladə Hallar Agentliyi təmsilçisi BBC-ə bildirib.
Digər canlı bomba isə insanların qaçmağa çalışdığı zaman partlayıb, o bildirib.
Şəhər tez-tez islamçı Boko Haram qruplaşmasının hədəfinə tuş gəlib.
Cümə axşamı baş vermiş hücumlara görə hələ heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib. Hadisə zamanı bir çox insan da yaralanıb.
Çərşənbə axşamı Mayduquri şəhərində baş vermiş üç partlayışdan sonra ən azı dörd nəfər həyatını itirmişdi. Keçən ay da şəhərdə bənzəri partlayış olub.
France-Press agentliyi xəbər verir ki, cümə axşamı baş vermiş hadisədə ölü sayı 42 ola bilər.
