Nigeriyada beş qız “bombalı hücum edib”

Şəklin mənbəyi, AFP
Nigeriyanın şimal-şərqindəki Mayduquri şəhərində cümə axşamı baş vermiş ölümcül partlayışların arxasında beş gənc qız dayanır, təhlükəsizlik qüvvələri bildirib.
Məscidə və üsyançı liderin evinə hücumlar nəticəsində, qızlar da daxil olmaqla, 14 nəfər həlak olub və 39 nəfər yaralanıb, ordu bildirir.
İki həftə bundan əvvəl şəhərdə baş vermiş bənzəri hücum nəticəsində 100 nəfərdən çox insan həlak olmuşdu.
Mayduquri şəhəri Boko Haram islamçı qruplaşmasının ilk dəfə altı il bundan əvvəl qiyama başladığı şəhərdir.
Həmin vaxt təxminən 17 min insanın həlak olduğu bildirilir və may ayında Məhəmməd Buharinin prezident seçilməsindən sonra qrupun hücumlarının sayı artıb. Prezident üsyançıları məğlub edəcəyinə söz verib.
BBC müxbiri Abdullahi Kaura bildirib ki, partlayış insanların axşam namazına hazırlaşdığı zaman baş verib.
Onun sözlərinə görə, rəsmilər ölənlərin sayının artacağından narahatdır.
Şahidlərin və təhlükəsizlik mənbələrinin bildirdiyinə görə, qızlardan bəziləri doqquz yaşında olub.
Müxbirimiz bildirir ki, Maiduquri şəhərindəki hücum, ordunun Boko Haram qruplaşmasına qarşı müharibəni udduğunu bildirdiyi ərəfədə baş verib.
Bu il təhlükəsizlik qüvvələri Boko Haram döyüşçüləri tərəfindən zəbt edilmiş əksər əraziləri geri qaytarıb və qruplaşma tərəfindən qaçırılmış bir çox adamı azad edib.





