Suriya və İslam Dövləti: İraqın kürd Peşmərgə döyüşçüləri "Kobaniyə keçib"

Şəklin mənbəyi, Reuters
İraqlı kürd Peşmərgə qüvvələri Suriyanın Kobani şəhərini İslam Dövləti döyüşçülərindən qorumağa kömək etmək üçün Türkiyə sərhədini keçib.
Şəhərdəki mənbələr BBC Ərəb xidmətinə deyiblər ki, Peşmərgə qüvvələri Kobani şəhərindən 4km məsafədə yerləşən qərbi cəbhə xəttinə doğru gedir.
Ötən həftə uzun müddət tərəddüd edən Türkiyə İraq kürdlərinə sərhədi keçməyə icazə verdi.
Kobani altı həftədir ki, mühasirə altındadır. Bu şəhər üçün gedən mübarizə nəticəsində 800 adam ölüb, 200 000 adam isə sərhədi keçərək Türkiyəyə qaçıb.
Çərşənbə axşamı təxminən 150 Peşmərgə döyüşçüsü Kobanidən 8 km aralıqda yerləşən məntəqədə toplanmışdı. Cümə günü onlar cip maşınları vasitəsilə şəhərə doğru gediblər. Onları zirehli maşınlar müşayiət edib.
Kobanidə əhalinin əksəriyyəti Suriya kürdlərindən ibarətdir.


