Qətər İD-ə dəstək verməsi barədə iddiaları rədd edir

Şəklin mənbəyi, AP
Qətər Suriya və İraqda İslam Dövləti kimi ekstremist qrupları dəstəklədiyi barədə iddiaları qəti şəkildə rədd edib.
BBC-ə danışan yüksək rütbəli Qətər rəsmilərindən biri yalnız mötədil qruplara kömək etdiyini deyərək bu istiqamətdə atılan addımların ABŞ və müttəfiq ərəb ölkələri kəşfiyyatı ilə əlaqələndirildiyini bildirib.
Keçmişdə güman edilib ki, Qətər və oradakı donorlar sərt mövqedə duran islamçı qrupları silahlaşdırıb və maliyyələşdirib.
Bu ayın əvvəlində Britaniya parlamentinin bir qrup üzvü iddialarla bağlı Londonun Doha ilə əməkdaşlığını sorğu-suala tutub.
BBC-nin təhlükəsizlik məsələləri üzrə müxbiri Frank Gardner bildirir ki, iddialar Britaniyaya böyük sərməyələr qoyan Qətərin imicinə xələl gətirib.
Ötən ay ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi Qətərlə Küveyti tənqid edərək deyib ki, onlar ifratçı qrupların maliyyələşdirilməsini kəsmək üçün kifayət qədər səy göstərmirlər.
ABŞ terrorçu qrupları dəstəkləməkdə şübhəli bilinən bəzi qətərlilərə qarşı sanksiyalar tətbiq edib.
Məsələ ətrafında qalmaqal Qətərin rəhbəri Şeyx Tamim bin Hamad əl Taninin London səfəri ərəfəsində yer alır.
Qətər kəşfiyyatının başçısı deyib ki, ölkəsi Suriyada Bəşər əl-Əsəd rejiminə qarşı vuruşanlara dəstək göstərdiyini gizlətmir.
Məsələ ondadır ki, həmin qüvvələrin mövqeləri dəyişir və nə zamansa mötədil olanlar daha sonra ifratçı İslamçı döyüşçülərə qoşula bilər, Frank Gardner deyir.
2012-ci ildən bəri Suriya ilə bağlı məsələlər Qətərin kəşfiyyat qurumunun səlahiyyətlərinə daxildir. Ölkə rəsmiləri o vaxtdan bəri sərt maliyyə nəzarətinin tətbiq edildiyini deyərək bir neçə həbslərin həyata keçirildiyini bildiriblər.
Qətər sentyabra ayından ABŞ-ın İD-ə qarşı Suriyadakı əməliyyatını dəstəkləyən ölkələrə qoşulub.
Bölgədə izləmə missiyaları ilə bütün hücumların koordinasiyası üzrə ABŞ Qüvvələrinin məxfi Əl Udeid Hava Bazası Qətərdə yerləşir.




