Qətər əmiri hakimiyyəti oğluna ötürür

Qətər əmiri Şeyx Həmməd bin Xəlifə hakimiyyəti oğlu şahzadə Tamimə ötürüb.
Televiziya çıxışında 61 yaşlı əmir deyib ki, hakimiyyət başında yeni nəslin təmsil olunmasının vaxtı gəlib çatıb.
Artıq bir müddətdir ki, 33 yaşlı Tamim bin Həmməd əl Taninin ali vəzifədə atasını əvəzləyəcəyi barədə şayiələr dövriyyə edib.
Adətən hökmdarların ölənədək hakimiyyətdə qaldığı Körfəz ölkələrində hakimiyyətin dinc şəkildə ötürülməsi nadir hallarda baş verir.
Əmir qərarı barədə hakim ailə və yüksək rütbəli müşavirlərinə bazar ertəsi deyib, Qətərdə mənzillənən al-Jazeera televiziyası bildirib.
Hakimiyyətin ötürülməsi barədə qərar milli tətil günü kimi qeyd olunan çərşənbə axşamı elan olunub.
1995-ci ildə taxta çıxan Şeyx Həmməd bin Xəlifənin idarəsi altında nə vaxtsa kiçik körfəz ölkəsi olan Qətər qlobal səhnədə nüfuzlu oyunçulardan birinə çevrilib.
