Peşmərgələr Suriyanın Kobani şəhərinə “daxil olub”

Şəklin mənbəyi, AFP
İraqın 10 Peşmərgə döyüşçüsü İslam Dövləti mühasirəsində olan Türkiyə sərhədi yaxınlığındakı Kobani şəhərinə daxil olub, Suriya fəalları bildirirlər.
Suriyadakı şəhəri müdafiə edən kürd qüvvələrinin sıralarına daha onlarla döyüşçünün qatılacağı gözlənilir.
Ankara ötən həftə İraq kürdlərinə öz ərazisilə Kobaniyə keçmək icazəsini verib.
Türkiyədə olan 150 Peşmərgə döyüşçüsü 6 həftədir ki, döyüşlərin getdiyi Kobaniyə yollanacaqlarını gözləyirlər.
İlk Peşmərqə qrupundan öncə İslam Dövləti əleyhinə vuruşmaq üçün şəhərə Suriya ərəb üsyançılarının dəstəsi daxil olub.
Cümə axşamı koalisiya qüvvələri Kobani üzərinə hava zərbələri endiriblər, BBC müxbiri xəbər verir.
Jiyar Gol bildirir ki, şəhərdəki Kürd Xalq Müdafiə birlikləri Peşmərgənin köməyilə İD-ə qarşı döyüşlərdə dönüşün yaranmasına ümid bəsləyirlər.
Çərşənbə günü İraq Peşmərgə döyüşçülərinin bir qrupu təyyarə ilə Türkiyənin cənubundakı hava limanlarından birinə gətirilib.
Artilleriya da daxil olmaqla özlərilə silah gətirən kürdlərin başqa bir qrupu eyni gündə Suriya sərhədinə avtomobillərlə yola düşüb.
Yerli kürdlərin münaqişəyə qatılması əleyhinə olan Türkiyə ötən həftə peşmərgələrin öz ərazisiylə Kobaniyə yollanmasına izn verəcəyini bildirib.

Şəklin mənbəyi, AFP

Şəklin mənbəyi, BBC World Service
Onların yerləşdirilməsi, xəbərlərə əsasən, Türkiyə ilə Kobanidəki suriyalı kürd döyüşçüləri arasında yaranmış mübahisəyə görə yubadılırdı.
Bundan əvvəl Türkiyənin Baş naziri Əhməd Davutoğlu cihadçıların hücumuna son qoymaq üçün "Türkiyənin kifayət qədər səy göstərmədiyi" barədə ittihamları rədd edib.

Şəklin mənbəyi, BBC World Service
"Kobaninin müdafiəsi, İD-dən geri alınması üçün hərbi əməliyyat keçirilməlidir", Əhməd Davutoglu BBC-ə deyib.
Lakin o, xəbərdarlıq edib ki, Türkiyə ABŞ-ın İD-ə qarşı yaratdığı koalisiyanın əməliyyatlarına yalnız bir şərtlə qoşula bilər kı, həmin əməliyyatlar Suriya prezidenti Bəşər Əsəd əleyhinə ümumi strategiyanın tərkib hissəsi olsun.
Ankara Kobaniyə görə tənqidi rədd edir

Türkiyə baş naziri BBC-ə bildirib ki, Ankara ABŞ başda olmaqla koalisiya əməliyyatlarında o zaman iştirak edəcək ki, koalisiyanın strategiyası Suriya hökümət qoşunlarına qarşı hərəkətləri də nəzərdə tutsun.
Qərb və Ərəb dövlətlərinin Suriya və İraqda həyata keçirdiyi hava zərbələri yalnız cihadçılara qarşı yönəlib.
Cənab Davutğlunun sözlərinə görə, Türkiyə Kobanidə döyüşmək üçün suriyalı üsyançılara təlim keçməyə hazırdır.
Bununla belə o, vurğulayıb kı, müttəfiqlərlə danışıqlar "parametrlər aydınlaşdırılmayana qədər" müvəffəqiyyət qazanmayacaq.
"Kobaninin xilas edilməsi mühüm məsələdir, lakin biz unutmamalıyıq ki, Kobanidə mövcud vəziyyət Suriyada daha genişmiqyaslı böhranın nəticəsidir", Davutoğlu bildirib.
Qərb liderləri hava zərbələri endirilməsi kampaniyasının yeganə hədəfinin İD olduğunu bildirirlər.

Şəklin mənbəyi, BBC World Service
ABŞ-ın başçılıq etdiyi koalisiya son həftələr ərzində Kobaniyə hava zərbələri endirməklə şəhərin əldən çıxmasının qarşısını alsa da, hələlik təhlükə sovuşmayıb.
Türkiyənin Baş naziri vurğulayıb ki, Ankara qoşunlarını Suriyaya yalnız bir şərtlə göndərəcək ki, bunu ABŞ və Avropa ölkələri də etsin.
'Uçuşlara qadağa zonası'
Davutoglu iddia edib ki, Türkiyənin uzun müddətdir ki yaradılmasına çalışdığı Suriyanın şimalında uçuşlar üçün qadağan olunmuş zona məsələsi həll olunmağa başlayıb.
Onun sözlərinə görə, bu məsələ ətrafında ciddi məsləhətləşmələr aparılır.
ABŞ və digər dünya gücləri Liviyadan fərqli olaraq Suriyada bu addımı hələlik atmayıblar.

Şəklin mənbəyi, BBC World Service
Kobanini tərk edən 200,000 qaçqının Turkiyəyə gəlişilə suriyalı qaçqınların bu ölkədə sayı 2 milyona çatıb, Davutoğlu bildirib.
Lakin Türkiyə Baş nazirinin sözlərinə görə, Türkiyə qaçqınların üzünə qapını bağlamaq fikrindən uzaqdır.
"Biz işıq ucu, məntiqli strategiyanın ortaya qoyulmasını görsək, bütün risklərə getməyə hazırıq", Davutoğlu vurğulayıb.





