Xilafət ideyasının cazibəsi nədədir?

caliphate

Şəklin mənbəyi, BBC World Service

Özünü xəlif adlandıran İslam Dövləti lideri iyun ayında Suriya və İraq ərazilərində xilafətin yaradıldığını elan edib. Edward Stourton tarixi parallelləri yada salaraq xilafətin nə olduğunu, bu ideyanın niyə gündəlikdən çıxmadığı sualına cavab tapmağa çalışır.

İyunda İD özünü xilafət, İD lideri Əbu Bəkr əl-Bağdadi isə özünü xəlif elan edəndə bu həmin qrupun mənəm-mənəmlik sindromu kimi qəbul olunurdu.

Əl-Bağdadi israr edirdi ki, xilafətə sədaqət dünyada hər bir müsəlman üçün vicdan borcudur. Onun bu sözləri Yaxın Şərqdə narazılıqla qarşılanmışdı.

Lakin İD cazibəsini nəzərə almamaq təhükəli deyilmi? Əl-Bağdadinin qəddar rejimi klassik müsəlman anlayışında xilafət tələblərinə cavab verməsə də, müsəlman aləmində sanki güclü oyanışa səbəb olub.

Sonuncu xilafət olan Osmanlı imperiyası rəsmi olaraq 90 il bundan əvvəl ləğv edilmişdi. Bununla yanaşı, 2006-cı ildə Gallup xidmətinin Misir, Marokko, İndoneziya və Pakistanda keçirdiyi sorğuda iştirak edənlərin üçdə ikisi İslam ölkələrinin yeni xilafətdə birləşməsi ideyasını dəstəklədiyini bildirmişdi.

Görəsən, müsəlmanları bu ideyada cəlb edən nədir? Sualın cavabını xilafət tarixində axtarmaq lazımdır.

bağdadi

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Əbu Bəkr əl-Bağdadinin camaat qarşısına ilk dəfə çıxışı iyul ayında Mosulda baş verdi.

Ərəbcə xəlifə vərəsə və ya xələf deməkdir, Quranda bu məfhum ədalətli hakimiyyət ideyası ilə əlaqəlidir.

Məhəmməd peyğəmbər 632-ci ildə vəfat edəndə onun müsəlman aləminə liderlik etmək səlahiyyətləri ilk öncə Rəşidun adlanan 4 xəlifə keçdi və onlar islam aləminı 30 il idarə etdi.

"Labüd Xilafət" kitabının müəllifi Reza Pankhurst qeyd edir ki, həmin xəliflər camaatın razılığı əsasında təyin edilmişdi.

O, bildirir ki, həmin era xəlifə idealını müəyyən etmiş olub: "Xalqın seçimilə təyin olunan, xalqın qayğısını çəkən, İslam qanunlarının yerinə yetirilməsini təmin edən şəxs". Müəllif əlavə edir ki, "xəlifə qanundan üstün olmamalıdır".

Şiə müsəlmanları eyni tarixi hadisəyə fərqli baxır - onlar hesab edir ki, xəlifələrdən ikisi peyğəmbərin əmisi oğlu Əlinin liderliyini pozmaq üçün çevriliş törədiblər. Erkən xilafət ətrafında mübahisə İslamda ən uzun çəkən parçalanmaya səbəb olub.

Lakin bü gün avtokratik rejimlərdə yaşayan sünni müsəlmanlar üçün ədalətli xəlifət ideyası güclü cazibəyə malikdir.

Xilafətin müsəlmanlar üçün cazibərdarlığının daha bir sirri müsəlman aləminin keçmiş qüdrətilə bağlıdır.

"Peyğəmbərin ölümündən keçən 70 il müddətində müsəlman aləmi İspaniya və Marokkodan Mərkəzi Asiya və Pakistanadək genişləndi, belə böyük qüdrətli imperiyanı cəmi bir adam idarə edirdi. Həmin müsəlman birliyi, müsəlman istiqlalı insanları cəzb edir", tarix professoru Hugh Kennedy deyir.

Abd-ar-Rahman III

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Əndəlüz əmiri və xəlifi Əbdürrahman III (889- 961)

İslamın Qızıl Dövründə, eləcə də elm və mədəniyyətin güclü inkişafı müşahidə edilib - Bağdadda Abbasidlərin hökmranlıq etdiyi dövrdə ədəbiyyat və musiqiyə yüksək dəyər verilib, tibbdə, riyaziyyatda, elmlərdə dünya güzəranını dəyişən səviyyədə nailiyyətlər əldə edilib.

Bu sülalələr elə sürətlə və elə uzaqlara genişlənirdi ki, müsəlman torpaqlarına nəzarəti təmin etmək çətin bir məsələyə çevrilmişdi. Vahid hakimiyyət parçlalandıqca, xilafətin birliyini qorumaq təkcə siyasi yox, eləcə də dini birliyin təmin edilməsi probleminə çevrilmişdi.

Bağdad, 1258

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Bağdadın monqollar tərəfindən mühasirəyə alınması, 1258-ci il.

Ərəb xilafəti 1258-ci ildə amansızcasına bitirilənə qədər yarım minillik sürdü. Monqollar Bağdadı fəth etdikdən sonra şəhərin sonuncu xəlifəsini xalçaya bükərək atları ilə tapdalayıblar.

Nə qədər qəribə olsa da, bu, monqolların həmin xəlifəyə göstərdikləri ehtiram əlaməti olub - onlar alimənsəblilərin qanını axıtmadan öldürürlərmiş.

Lakin xilafət institutları qorunub saxlanmışdı. Abbasidlər sülaləsinin təmsilçiləri sünni Məmlüklər tərəfindən Qahirəyə xəlif təyin olunmuşdular.

Xəlifələr Məmlüklərin hakimiyyəti üçün bir növ bəzək əlavəsi olsalar da, eyni zamanda onlar dünya müsəlmanlarını birləşdirən amil funksiyasını yerinə yetirirdilər.

Bu səbəbdən yeni İslam imperiyası yarananda xəlifə titulu qalmaqda davam edirdi.

16-cı əsrin əvvəllərində xəlifəlik növbəsi Osmanlı sultanlarına çatdı, növbəti 400 ildə İslam dünyasına onlar rəhbərlik etdi.

Nəhayət 1924-cü ildə müasir Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürk xilafət ləğv etdi.

Atatürk Osmanlı imperiyasının qalıqlarında müasir dünyəvi Türkiyə dövlətinin yaradılması üçün xilafət institutunun sökülməsini mühüm hesab edirdi.

Atatürk

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Mustafa Kamal Atatürk

Sonuncu xəlifə Parisə mədəni mühacirətə göndərilsə də, onun təmsil etdiyi institutların o zaman artıq 1300 illik tarixi var idi və bu institutların ləğvi müsəlman mədəniyyətinə təsiri dərin idi.

"Xilafət Yaddaşı" kitabının müəllifi, Leeds Universitetinin müəllimi Salman Sayyid deyir ki, 1920-ci illərdə xilafətin ləğvi müsəlman mütəfəkkirləri qarşısında İslam dövlətinin necə olması ilə bağlı xeyli suallar yaratdı.

Ötən əsrin ortalarında Misir rəhbəri Camal Əbdul Nəsr bu sualın cavabını Misir və Suriyanı birləşdirən bir növ dünyəvi xilafət olmağa çalışan Birləşmiş Ərəb Respublikasını yaratmaqla cavab verməyə cəhd etdi.

Lakin Yaxın Şərqdə İsrail dövlətinin yaradılması ilə hər şey dəyişdi.

Pankhurst iddia edir ki, Pan-Arabism fəlsəfəsini İsrailin hərbi qüdrəti darmadağın etdi. "1967-ci ilin müharibəsində alçaldıcı məğlubiyyət bu fəlsəfəinin arxasında bir boşluq yaratdı", müəllif qeyd edir.

Pankhurst Hizb üt Təhrir təşkilatının üzvüdür. Bu qrup 1950-ci illərdən xilafətin bərpasını qarşısına məqsəd qoyub. Onun təbirincə, bu idyea müsəlmanların yaşadıqları rejimlərdən məyus olmalarından doğub.

"İnsanlar xilafətdən danışanda ədalətli quruluşu nəzərdə tuturlar, daha padşahların, diktatorların hakimlik etdiyi rejimi yox", o, davam edir.

Təəccüblü deyil ki, 20-ci əsrin sonlarında Yaxın Şərqdə oturuşmuş rejimlər Hizb üt Təhriri xoşlamır, Pankhurst Misirdə 4 il həbsxanada yatıb.

Ərəb Baharının erkən çağında Tunis, Misir və Liviya inqilabları Qərb paytaxtlarında müsəlmanların demokratiyaya qovuşması kimi qəbul edildi.

Lakin sonradan demokratik yolla Misirdə seçilmiş Müsəlman Qardaşlığı hökümətini ordu başda general Əbdul Fəttah əs-Sisi olmaqla devirdi, bundan sonra İraq və Suriyadakı qanlı hərcmərclik fonunda İslam Dövləti dəhşəti başladı.

Morsi

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Misirin devrilmiş prezidenti Mohammed Morsi məhkəmə zamanı müttəhimlər üçün ayrılmış qəfəsdə saxlanılıb.

"Çoxları deyəcək ki, İD yaranmasına təkan əs-Sisinin çevrilişi oldu", Leeds Universitetindən Salman Sayyid deyir.

"Hazırda müsəlmanları idarə edən hökümətlərin əksəriyyətinin legitimlik problemi var... Xilafət müsəlmanlar üçün muxtariyyət arzusu ilə bağlıdır. Müsəlmanlar üçün xilafət öz taleyinə sahib olmaq yoludur", müəllif deyir.

Bir çox sünni alimlər xilafətin siyasi layihə olması ideyasını qətiyyələ qəbul etmir. "İslam Dövləti daxildən gəlməlidir, ilk növbədə bu, təffəkkürdə, qəlblərdə yaranmalıdr", şeyx Rizvan Məhəmməd hesab edir.

Hətta xilafət layihəsini siyasi məqsəd kimi görənlərin əksəriyyəti belə İD tərəfindən yürüdülən qəddarlığı və zorakılığı tamamilə rədd edir.

Lakin İD xilafət tarixinin bəzi elementlərindən öz məqsədləri üçün məharətlə istifadə edir.

Tarixçi Hugh Kennedy qeyd edir ki, misal üçün İD-nin qara geyimləri və bayraqları məqsədli şəkildə Abbasidlərin 8-ci əsrdə istifadə etdiyi geyim və bayraq atributlarına bənzədilərək İslamın Qızıl Dövrü xatirələrini canlandırır.

Eynilə İD-nin ilkin adı - İraq və Şam İslam Dövləti - bu iki dövlət arasında sərhədlərin olmadığı qüdrəli xilafət dövrünü yada salır.

İD-nin uğuru dəhşətli tərzdə Xilafət ideyasının necə gücləndiyindən xəbər verir. İD layihəsi mənəm-mənəmlik sindromundan doğsa da, bu layihənin gerçəkləşməsi fantaziyadan çox-çox uzaq olan ideya əsasında baş verir.