21-ci əsr xəlifəliyi: İŞİD niyə müasir cihad aparır?

Şəklin mənbəyi, BBC World Service
Siyasətşünas-filosof John Gray hesab edir ki, qədim İslam dəyərlərinə köklənən dövlət qurduğunu bəyan etməsinə baxmayaraq, İŞİD cihadçı qrupu olduqca müasir bir layihədir. Onun yazısını aşağıda oxuyun:
İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin Mosulda çıxışı zamanı xilafətin yaradıldığını elan etməsi qədim keçmişin zühur etməsinə bənzəyir.
Özünü son zamanlar İslam Dövləti adlandıran İŞİD İslam üsul idarəsini bərpa etdiyini bəyan edir. Çoxları bunu İŞİD-in orta əsr müsəlman dəyərlərinə qayıdışı kimi yozur.
Amma, bu cür düşünmək İŞİD-i nəcibləşdirmək, bəzətmək deməkdir. Suriya və İraqın bəzi ərazilərində qurulmuş dəhşətli rejimi orta əsrlərin əzəmətli İslam dövlətlərilə müqayisə etmək belə mümkün deyil. Misal üçün o dövrdə İspaniyada tolerant ab-hava və yaşayış tərzi hökm sürdüyü halda Avropanın qalan hissəsi repressiya və təqiblər mühitində boğulurdu.
Qədim məscid və məbədləri məhv etməklə, İŞİD İslam ənənəsinin izlərini silməyə çalışır. Bu rejim Əfqanıstandakı Talibandan bəlkə də daha repressivdir. Tətbiq etdiyi üsul idarəsilə İŞİD daha çox 20-ci əsrin totalitar rejimlərini xatırladır.
Nə qədər gözlənilməz səslənsə də, İŞİD bir çox mənada müasirdir. Əl-Qaidədə olduğu kimi İŞİD cihadçıları da, biznes bucağından baxanda, oduqca səmərəli şirkət kimi təşkil olunublar.
Sosial şəbəkələr
Varlı xeyriyyəçi tərəfdarlarının yardımı ilə fəaliyyətə başlayan İŞİD qısa bir zamanda gəlirli biznes qurumuna çevrilib. Oğurluq və soyqunçuluq, qarətçilik və alver, tutduqları ərazinin neft yataqları, qızıl və digər bank aktivləri, hücum zamanı ələ keçirilən ABŞ hərbi texnikası və bu kimi digər amillər İŞİD-i dünyanın ən zəngin cihadçı təşkilatına çevirilib. Bəzi dəyərləndirmələrə görə, İŞİD-in maliyyə gücü 2 milyard dolları aşıb.
İŞİD bu imkanlardan öz tərəfdarlar dairəsini genişləndirmək, idarə etdiyi ərazilərdə camaatın gündəlik həyatını, ictimai xidmətlərin işini səhmana salmaq, dağıdılmış infrastrukturun bərpası üçün istifadə edir.

Cihadçılar sosial şəbəkələrdən olduqca peşəkarcasına istifadə edirlər. Vebsaytlarında hesabat formatında detallarınadək qəbul etdikləri qərarlar, keçirdikləri əməliyyatlar, intiharçı hücumlar, qətllər, edamlar, cəzalandırmalar barədə məlumatlar yerləşdirilir.
İŞİD düşmənlərini necə cəzalandırdığını lentə alıb internetdə yerləşdirir. Bu, düşünülmüş, illərlə təkmilləşdirilən bir strategiyadır. Başı kəsilmiş, edam olunmuş düşmənlərinin videosunu çəkib yaymaqla İŞİD bir neçə məqsədinə nail olur – qarşıduran tərəfi dərhal vahiməyə salır, qorxu və dəhşət hissi yaradır, nəzarətdə olan ərazilərdə İslamın təbliğ etdikləri yozmasından dönənləri nə gözlədiyini nümayiş etdirərək, camaatın canında tabeçilik hissini dərinləşdirməyə çalışırlar.
Gəlirli biznes, qəddarlıq və təşkilatlanmış beynəlmiləl kriminalın qarışığından yaranmış bu amansız qurumun orta əsrlə heç bir əlaqəsi yoxdur. Qarşısına “sıfırdan” yeni cəmiyyət qurmaq məqsədini qoyan İŞİD daha çox müasir inqilab hərəkatlarını xatırladır.
Əl-Bağdadinin daim İslam tarixinə istinad etməsinə baxmayaraq, onun qurmaq istədiyi cəmiyyətin tarixdə presedenti olmayıb. Onun yaratmaq istədiyi qurum Qərb inqilabçılarının təxəyyülündə formalaşmış utopik harmoniya dövləti modelinə bənzəyir.
Radikal islamçı ideyalarını inkişaf etdirən müəlliflərdən bəzilərinin, xüsusilə qəddar inqilabçı avanqardı tərəfindən sistematik zorakılıqdan istifadə edərək cəmiyyəti yenidən qurmağa meylli olanların, Avropada əmələ gəlmiş anarxizm və kommunizm ideyalarının təsiri altında olduğu məlumdur. Fransa yakobinləri, leninçi bolşevikləri, qırmızı kxmerlər, qırmısı qvardiyaçılar - bunlar hamısı, düşündükləri kimi, “bəşəriyyətı mənəvi korrupsiyadan təmizləməyin” yolunu terrorda görüblər.
İŞİD-in İslam ənənəsilə müqayisədə müasir inqilabi hərəkatlarla bağlılığı daha daha çoxdur. Cihadçılar nə qədər bunu inkar etməyə çalışsalar da, təşkilatlanmalarına və utopiyalı məqsəd seçdiklərinə görə Qərbə borcludurlar.
Cihadçıların Qərbdən oğurladıqları təkcə ideya və üslub deyil. İŞİD-in hakimiyyətə gəlməsi, yüksəlməsi Qərbin hərbi müdaxilələri nəticəsində mümkün olub. Səddam Hüseyn iş başında olanda İraqda heç bir cihadçı ola bilməzdi. Səddam rejiminin bütün cinayətlərinə baxmayaraq, onun üsul-idarəsi dünyəvi qanunvericiliyə əsaslanırdı, qadınların hüquqları yolunda addımlar atılmışdı.
Səddamın devrilməsi İraqda dünyəvi dövlətin, İraqın özünün məhvini qaçılmaz etdi. ABŞ başda olmaqla işğalçılar İraq odusunun və hakim partiyanın buraxılması kimi səhvləri buraxmasaydılar da belə, ölkə gec-tez dağılacaqdı.
İraq dövlətini 1920-ci illərdə Britaniya Osmanlı imperiyasının qalıqlarından qurtaraq, hakimiyyəti sünni azlığa etibar edib.
Sünnilər bu əraziyə 1638-ci ildən, Osmanlılar Bağdadı farslardan alandan bəri nəzarət edib. Britaniya yeni dövlətə şimaldakı neft yataqlarını hədiyyə edərək, həmişə müstəqillik əldə etməyə çalışmış kürdləri də İraqın tərkibinə qatıb.
Əl-Məliki hökümətinin uğurzusluqlarından asılı olmayaraq İraqda mövcud şəraitdə federal quruluşun inkşaf edə biləcəyi ideyası həmişə havadan asılı vəziyyətdə olub. Ən əvvəldən müharibə əleyhinə olanların proqnozlaşdırdığı kimi, rejim dəyişikliyindən əmələ gəlmiş problemlər bu dövlətə uğursuzluq damğası vurdurub. Eyni amillər də İŞİD-in yaranması və çiçəklənməsinə şərait yaradıb.
Bəzən güman edilir ki, İraqın işğalında ideologiya real rol oynamayıb - əsas məqsəd ölkənin neft yataqlarını tutmaqdan yalnız ibarət olub.
Geosiyasi hesablamaların təsiri olsa belə, müasirlik ideyalarının daha mühüm rol oynaması şübhəsizdir. İşğala çağıran siyasətçilər və rəy formalaşdıranlar zənn edirdilər ki, müasir cəmiyyətlər yalnız bir istiqamətdə inkişaf edə bilər – Qərb ölkələrinə məxsus formatda.
Onlar düşünürdlər ki, İraqda bu inkişafı təmin etmək üçün sadəcə ölkədə tiraniyanı yığışdırmaq kifayətdir və bundan sonra ölkə demokratiyaya doğru hərəkətə başlayacaq, Yaxın Şərqin qalan hissəsi də bu yolla hərəkət edəcək. Cəmi bir neçə həftə bundan əvvəl bəziləri bənzər proseslərin Suriyada da baş verə biləcəyinə əmin idilər.

Şəklin mənbəyi, BBC World Service
Lakin belə ideyalar həmişə ideoloji fantaziyadan başqa bir şey olmayıb. Müasir dünya yalnız tək bir istiqamətdə inkişaf etmir. Liberal demokratiya bu cür mümkün istiqamətlərdən yalnız birisidir. İspaniyanı da işğal edəcəyi kimi yalançı ambisiyaları ilə İŞİD qeyri-mümkün məqsədlərə nail olmaq üçün terrror və zoraklılkıqdan istifadə edilməsi kimi müasir dünyanın qaranlıqlarını nümayiş etdirir.
Ola bilsin ki, İŞİD imkanlarından xeyli artığına nail olub. İŞİD-in indi bir çox istiqamətlərdə rəqibləri var – Şiə yaraqlıları ilə yanaşı, son zamanlar Əl-Qaidə-nin sünni cihadçıları da bu qurumun əleyhinə olduğunu bildirir, baxmayaraq İŞİD-in Əl-Qaidə şaxələrinin birindən törəməsi bir faktdır.
İŞİD-ə son zamanlar qoşulan qrupların maraqları biri-birinə ziddir, bu qurumun nəzarət etdiyi əraziləri uzun müddət ərzində idarə edə biləcəyi məlum deyil. Bundan əlavə, əl-Bağdadinin bütün müsəlmanların adından danışmaq iddiası İslamçı dini xadimlər tərəfindən bir cəfəngiyyat kimi rədd edilib. Bununla belə, İŞİD real təhlükə kəsb edir – və təkcə Yaxın Şərqdə yox.

Şəklin mənbəyi, BBC World Service
Misal üçün Britaniya kimi ölkələr üçün İŞİD-in yaratdığı gerçək təhlükənin miqyasına qiymət vermək asan iş deyil. İŞİD-in əsas hədəfləri Yaxın Şərqdədir. Bununla yanaşı, İŞİD döyüşçüləri kimi Suriya və İraqa gedən Qərb vətəndaşlarının döyüşlərdə bərkiyərək, yeni bomba növləri təcrübəsini mənimsəyərək Avropaya qayıdacaqları təhlükəsi mövcuddur. İŞİD indi təkcə Qərbə yox, eləcə də Əl-Qaidə-yə müharibə elan edib. Belə şəraitdə, qlobal cihadçı rəqabətində liderliyi təmin etmək üçün, bir və ya bir neçə qrupun dəhşətli terror aktı hazırlaması riskinin artmasını nəzərdən qaçırmaq olmaz.
Rejim dəyişikliyi siyasətini həyata keçirən Qərb hökümətləri isə müasir dünyanın qaranlıq tərəfini nəzərə almayan ideologiyanı rəhbər tutur. Bunu etməklə həmin hökümətlər istər-istəməz qəddarlığın dəhşətli müasir növlərinə yaşıl işıq yandırmış olurlar. Tanınmamış xilafətdə nələrin baş verdiyindən asılı olmayaraq, bu qurumda birləşmiş qüvvələr yox olmayacaqlar. İŞİD müasir dövrün inqilabi təlatümüdür - bu narahatedici fakt dərk edilməyənə qədər üzləşdiyimiz təhlükənin öhdəsindən gəlmək mümkün olmayacaq.
Nəzər nöqtəsi (A Point of View) verilişi Radio4 kanalında cümə günləri yayımlanır və bazar günləri təkrar olunur.




