İslam Dövləti: Cihad qrupu dəstəyini haradan alır?

Şəklin mənbəyi, reuters
Bir çox Körfəz ölkələri İraq və Suriyadakı İslam Dövləti (İD) təşkilatını maliyyələşdirməkdə günahlandırılır.
Lakin Qətərdəki Royal United Services İnstititu araşdırma mərkəzinin direktoru Michael Stephens bildirir ki, bu müharibədə hələlik heç də hər şey sonadək bəlli deyil.
İslam Dövlətinin (İD) əsas etibarilə zəngin Körfəz ölkələrindəki donor və rəğbətçilərdən aldığı dəstək barədə çox yazılıb.
Bu iddiaları irəli sürənlər deyirlər ki, İraq və Suriyada müharibə aparan İD-nin mövcudluğuna görə yalnız Qətər, Türkiyə və Səudiyyə Ərəbistanı məsuliyyət daşıyırlar.
Lakin həqiqət daha mürəkkəbdir və müəyyən araşdırma tələb edir.
Bu doğrudur ki, Körfəzdən olan bəzi zəngin şəxslər Suriyadakı ekstremist qrupları dəstəkləyirlər. Onların çoxu çanta-çanta pulları Türkiyəyə gətirir və burada milyonlarla dolları cihadçılara ötürürlər.

Şəklin mənbəyi, reuters

Şəklin mənbəyi, BBC World Service

Şəklin mənbəyi, BBC World Service
Bu, xüsusən də 2012-2013-cü illərdə geniş yayılmış bir təcrübə olub, lakin o zamandan bəri proses dayanıb və 2014-cü ildə İD-nin pul sandığına cüzi vəsait daxil olub.
Bu da doğrudur ki, Səudiyyə Ərəbistanı və Qətər Suriya prezidenti Bəşər əl-Əsədin tezliklə devriləcəyinə və sünni siyasi İslamın onların siyasi məqsədlərinə daha yaxşı qulluq edəcəyinə inanaraq güclü İslam dayaqlarına söykənən qruplaşmaları dəstəkləyiblər.
Livva əl-Tauhid, Əhrar əş-Şam və Ceyş əl-İslam məhz belə qruplaşmalardan sayılırlar. Onların hamısı zəmanəsinin “başabəlası” və əl-Qaedanın Suriyadakı qolu sayılan əl-Nüsra Cəbhəsi ilə zəif bağlara malikdirlər.
Qruplaşma ilə qaranlıq əlaqələrinə görə Qətər xüsusilə tənqidə məruz qalır.
Türkiyə öz növbəsində bir müddət Qətər və Səudiyyənin dəstəyi ilə silahların və pulun Suriyaya axmasına imkan verən ziddiyyətli sərhəd mühafizəsi siyasəti yürüdüb.
Hamı düşünürdü ki, bütün bunlar cənab Əsədin sonunu yaxınlaşdıracaq və beləliklə, Suriyada İranın Aralıq dənizi hövzəsi ilə əlaqələrinə imkan verən şiə rejimi sünni hakimiyyəti ilə əvəzlənəcək.
Bu arada İD 2013-cü ildə qarşısıalınmaz şəkildə yüksələrkən bu qruplardan bəziləri süpürülüb bir kənara atıldı, bəziləri isə öz silahları və pulları ilə İD-ə keçib qaliblərin cərgəsinə qoşulmaq qərarına gəldi.
Təkcə əl-Nüsra özünün daha radikal müttəfiqi ilə zəif əlaqələrini saxlamaqla mövqeyini qorudu, hərçənd ötən müddətdə onun azı 3000 döyüşçüsünün İD-ə qoşulduğu düşünülür.
Beləliklə, Qətər İslam Dövlətini maliyyələşdiribmi? Birbaşa cavab “yox”dur. Dolayısı ilə isə yanlış siyasətlə sadəlövhlüyün kombinasiyası Qətər tərəfindən maliyyələşdirilən silahların və pulun İD-nin əlinə keçməsinə səbəb olub.
Eyni şəkildə Səudiyyə Ərəbistanı da qrupu bir başa dövlət siyasəti ilə maliyyələşdirməyib, lakin o da Qətər kimi cənab Əsədin devrilməsi naminə müttəfiqlərini seçərkən ciddi səhvlərə yol verib.
İndi hər iki ölkə siyasətlərini götür-qoy etməlidirlər, lakin ictimaiyyət çətin ki, hər hansı belə özünütəhlili qəbul etsin.
Hamını qabaqlayan İD
Lakin burada daha dərin məsələlər var. Regionda şiə İranının maraqlarına qarşı açıq şəkildə çıxan İD Körfəzdə çox az adamın etiraf etməyə hazır olmasına baxmayaraq, bir çox insanların dini rəğbət və dəstəyinə malikdir.

Şəklin mənbəyi, BBC World Service
İD-nin törətdiyi dəhşətli aktları çətin, kimsə dəstəkləsin, lakin xilafətin bərqərar edilməsi məqsədi İslam düşüncəsinin bəzi guşələrində heç şübhəsiz cəlbedici görünür.
Bu məqsədi dəstəkləyənlərin çoxu artıq Suriyaya gedib çıxıb və hətta orada İslam Dövləti və başqa qruplaşmalar üçün döyüşərək həlak olub. Bir başqaları isə daha passiv dəstək ifadə edirlər və hələ uzun illər bu şəkildə dəstək bildirməkdə davam edəcəklər.
İD-nin döyüşlərdə başqa qruplaşmaları kölgədə buraxması və gənc kişi və qadınları öz məqsədlərinə cəlb etmək üçün onlarca dillərdə bacarıqlı media kampaniyası aparması ona böyük uğur qazandırıb.
Döyüşməkdən tutmuş təşkilatçılıq və subordinasiyaya qədər hər bir sahədə İD regionda fəaliyyət göstərən pərakəndə müxalifət qruplaşmalarını uzun illər üçün geridə qoyub.
“Hərb iqtisadiyyatı”

Şəklin mənbəyi, BBC World Service
İslam Dövləti rüşeym halında olan idarəçiliyin - nazirliklərin, ədalət məhkəmələrinin və hətta cənab Assad-ın öz vətəndaşlarından aldığı vergidən qat-qat az ödəniş istəyən bəsit vergi strukturlarının bünövrəsini qoyub.
İD 2013-cü ilin əvvəllərindən torpaqları zəbt edəndən bəri sabitqədəmlik nümayiş etdirib.
Hər hansı bir şəhəri zəbt edən kimi təşkilat orada suyun, çörəyin və yanacağın olmasını və mərkəzləşdirilmiş qaydada paylanmasını təmin edir və beləliklə, əhali yaşamaq üçün ondan asılı vəziyyətə düşür.
Asılılıq və dəstək eyni şeylər deyil və İslam Dövlətinin yeni “vətəndaşlarından” nə qədərinin bu layihəni könüllü, nə qədərinin isə sabitlik ehtiyaclarına və ya cəzadan qorxuya görə çarəsiz qəbul etdiyini demək mümkün deyil.
İslam Dövləti iqtisadiyyatının necə işlədiyini anlamaq üçün vasitəçilərin bulanıq dünyasına və qaranlıq biznes sövdələşmələrinə baş vurmaq gərəkdir. Bu biznes dünyasında müxtəlif cinahlardakı “loyal ideoloqlar” qazanmaq imkanı əldə edirlər.
İD-nin neft ixracatı gündə 9 min barreldir. Onlar hər barreli 15-27 dollara satırlar.
Qazanılan pulun bir hissəsi Türkiyə istiqamətindəki kürd vasitəçilərin cibinə gedir, bir hissəsi İD-in özü tərəfindən istehlak olunur, bir hissəsi də əvəzində onlara silah satan Əsəd rejiminə çatır.
“Bu ənənəvi hərb iqtisadiyyatıdır” – deyir Jamestown analitiki Wladimir van Wilgenburg.
Qaranlıq sövdələşmələr və qəribə münasibətlər Livandakı vətəndaş müharibəsini xatırladır. Orada da düşmənçilik edən hərbi komandirlər yeri gələndə öz aralarında biznes də qururdular.
Məsələ burasındadır ki, İslam Dövləti özünü maliyyələşdirmək qabiliyyətinə malikdir. Onu dünyadan təcrid etmək və ya kəsib atmaq mümkün deyildir, çünki o regional sabitliyə bağlıdır və bu sabitlikdən həm özü, həm də döyüşdüyü insanlar faydalanırlar.
Ən böyük sual isə əlbəttə budur ki, tükürpədici şəkildə zorakı və ekstermist olsa da, regionun belə bir sütunu olan təşkilatı, ümumiyyətlə məğlub etmək mümkündürmü?
Bu, Qərbin müdaxiləsi olmadan, çətin ki, mümkün olsun. İraqdakı sünni tayfaları İD-lə müttəfiqliyi götür-qoy etsələr də, onların təşkilata qarşı vuruşmaq üçün nə qüvvələri, nə də vəsaitləri var. İraq və Suriya hökumət qoşunları da elə buna bənzər vəziyyətdədir.
Michael Stephens Qətərdəki Royal United Services Institute araşdlırma mərkəzinin direktorudur və hazırda Ərbil şəhərindədir.




