İslam Dövləti: Mosul həyatının gündəliyi

Mosul

Şəklin mənbəyi, AP

İraqın şimalındakı Mosul şəhərini İslam Dövləti iyun ayında ələ keçirib. O vaxtdan şəhər əhalisi cihadçıların sərt idarəçiliyi şəraitində yaşayır.

Silahlılar şəhərdə qısa bir zamanda qəddar cəza rejimi, qadınlarla sərt davranış və etiraz bildirənlərə qarşı dözümsüzlüyü ilə seçilən üsul-idarəsi qurublar.

Mosul sakinlərinə məxsus gündəliklərdən xüsusi silsilə formatında dərc edilən ilk hissə İD üsul-idarəsi altında Mosulda yaşamağın nə olduğuna işıq salır.

Müəlliflərin adı onların təhlükəsiziyini təmin etmək məqsədilə dəyişdirilib.

5 noyabr, 2014

Nizarın qeydləri

[Redaktor qeydləri: İslam Dövlətinin nəzarəti altına keçməzdən öncə Mosul dünyanın ən qədim xristian icmalarından birinin vətəni olub. Cihadçılar xristianlardan ya İslama keçmək, ya dini vergi ödəmək, ya da ki ölüm cəzası ilə üzləşmək tələbini irəli sürdükdən sonra xristianların çoxu şəhəri tərk edib]

Mosulda elə bir xristian evi qalmayıb ki, İD üzvləri tərəfindən talan edilib, son çöpünə kimi mülkü ələ keçirilməsin.

Bəzi cihadçılar isə xristianların evlərinə köçərək evdəki hər şeyə sahib çıxıblar.

Xristian və yezidiləri [dini azlıqlar] düşmən kimi qəbul edən İD üzvləri müharibə qəniməti hesab etdikləri hər bir ərazidə məskunlaşıb.

Yezidi və xristian dostlarımız qarşısında pərt olduğumuz üçün onlara zəng edə bilmirik. Sanki onlara qarşı dəhşətli cinayətləri mən və dostlarım törədib deyə artıq onlara telefon edə bilmirəm.

Mən ətrafdakı xristian evlərini tutan İD üzvlərinə salam verməmək qənaətinə gəlmişəm və onların mənfur üzlərinə baxa bilmirəm.

Hava zərbələri

Koalisiya qüvvələrinin hava zərbələri vaxtı İD üzvlərinin necə hərəkət etdiyinə diqqət yetirmişəm. İD üzvləri tutduğu evlərdə dərhal işıqları keçirərək oğurladıqları maşınlarla naməlum istiqamətdə şəhərdən çıxıb gedirlər.

Lakin onlar hava zərbələri dayanan kimi geri qayıdırlar. Dostum onlara belə bir sual verməyə cürət edib: “Hava zərbələri vaxtı niyə qaçırsız?”.

İD üzvünün sözlərinə görə, onlar qorxurlar ki, xristianlar evin yeri barədə koalisiya qüvvələrinə məlumat verə bilər ki, həmin ev hədəfə alınsın.

Dostlarımdan biri İD üzvünün ailəsılə qaldığı evə yaxınlaşıb orada nə baş verdiyilə maraqlanmağa cəhd etsə də, buna müvəffəq olmayıb, çünki onlar qapıları heç vaxt açıq saxlamırlar və hətta bağlarında söhbətləşmirlər.

Mən və dostlarım söz vermişik ki, bunların hamısı başa çatan kimi -şəhər natəmizlik və mənfurluqdan xilas olduqdan sonra biz xristian evini bərpa edəcəyik. Beləliklə, dünya və ən azı xristian dostlarımıza bu şeyləri törədənlərin heç bir dinlə əlaqəsi olmadığını göstərəcəyik.

24 oktyabr, 2014

Feyzalın qeydləri

İslam Dövləti hakimiyyətinin qurulmasından 4 ay keçib, dostlarım hələ də gizlənməkdədir.

O, Mosulda bəzi hakimlər üçün cangüdən işləyirdi. İD gələndən sonra hakimlər qaçdı, dostum isə gizlənməyə məcbur oldu.

O, evində qalmır, heç kim onun harada olduğunu bilmir.

Hara baxsan, hər yerdə İD döyüşçüləri gözə dəyir, odur kı dostum bayıra çıxa bilmir.

Bəzən onlar səyyar yoxlama postları quraraq insanların sənədlərini yoxlamağa başlayırlar. İD silahlıları keçmiş təhlükəsizlik əməkdaşları, hakimləri, İD-ə qarşı vuruşanları, siyasətçiləri və dövlət idarəçiliyində işləyənləri axtarır.

Axtarışda olanların əksəriyyəti İD edamından ehtiyat edərək qaçıb. Bu cür aksiyalar insanları İD-dən çəkindirir.

Onların cinayət hərəkətləri dinc sakinləri terrora məruz qoyur.

İD döyüşçüləri edamları hamının gözünün qabağında küçədə keçirir. Onlar qara paltar geyir, saç-saqqal buraxır - bəziləri sankı illərlə yuyunmayıb kimi görünür.

Onların sayı günbəgün artır, koalisiyanın hava zərbələri onları qorxutmur və bu zərbələr heç nəyi dəyişmir.

Gerçəklik budur və vəziyyət getdikcə dəhşətləşir.

Meysin qeydləri

Sevdiyim Mosul şəhərində mən məktəbdə dərs deyirəm. Bütün iraqlı analar kimi mən də ərimə maliyyə cəhətdən kömək etmək istəyirəm ki, ailəmiz bu dərəcədə bahaçılıq şəraitində həyatın çətinliklərinin öhdəsindən gələ bilsin.

Bu yay dərs tətilləri başlayanda Bağdada, qohumları görmək, ailə mərasimində iştirak etmək üçün yollandım.

Qonaqlıqdan sonra, hələ xoş təəssüratlar içərisində olarkən Mosulda komendant saatının elan olunduğu və İD ilə hökümət qüvvələri arasında davanın başladığı xəbəri gəldi.

O andan bəri hər gün Mosulda qalmış ərimlə telefonla danışıram, son xəbərləri öyrənirəm.

'Dəhşət və vahimə'

Uşaqlıq illərimin keçdiyi Bağdadda ən dəhşətli anları yaşadım. Mosulda 5 gün döyüşlər getdiyi zaman qorxu və vahimə içərisində, ərimdən nigaran idim.

İD döyüşçülərinin Mosula daxil olmasından sonra mən və ərim şəhərə necə dönəcəyim barədə düşünməyə başladıq.

Döyüşlər davam etdiyinə görə Bağdadla Mosul arasında bütün yollar bağlı idi.

Hökümət qoşunları silahı atıb döyüş meydanından qaçdıqdan sonra hamını məəttəl qoyan İD, şəhərləri bir-birinin ardınca alırdı.

Bir neçə cəhddən sonra Bağdaddan şimal istiqamətinə uçan təyyarəyə bilet sifariş edə bildik.

Lakin Bağdada uşaqlarımla yerüstü nəqliyyatla gəldiyimdən onların təyyarə səfərinə icazəni əvvəlcədən əldə etməmişdim.

Silahlı qruplar

Allahın köməkliyilə məsələ öz həllini tapdı, Mosuldan Bağdada gələn dostumuz özü ilə icazə arayışını gətirdi.

Nəhayət iyunun 20-i gecə biz Mosula dönə bildik. Küçələrdə gəzişən silahlı dəstələr adamı vahimələndirirdi.

Gecə-gündüz 3 gün ərzində oruc tutub dua etdim.

Yeni şəraitə öyrənədək evdən bayıra çıxmırdım, dəhşətli anlar yaddaşımdan silinməyəcək.

Mosul barədə məlumat

  • İraqın ikinci ən böyük şəhəri sayılır
  • 2014-cü ilin iyun ayından İD-nin nəzarətinə keçib
  • İD nəzarətinə keçənə qədər şəhərdə 1.8 milyon əhali yaşayıb, İD gələndən sonra isə 500,000 adam şəhəri tərk edib.
  • Şəhər əhalisinin əksəriyyətini sünni ərəblər təşkil edir, bununla yanaşı şəhərdə kürd, türkmən və xristian azlıqları da var
Xəritə

Şəklin mənbəyi, BBC World Service