ABŞ: Rusiya Ukraynanı "idarə etmək üçün" enerjidən istifadə edir

Şəklin mənbəyi, AFP

ABŞ Rusiyanı enerji ehtiyatlarından Ukraynanı idarə etmək üçün "məcburetmə vasitəsi" kimi istifadə etməkdə ittiham edib.

"Biz Rusiyanın enerji resurslarından Ukraynanı məcbur etmək vasitəsi kimi istifadə etməyə yönəlik cəhdlərini qınayırıq", Dövlət Departamentinin sözçüsü Jen Psaki Rusiya prezidenti Vladimir Putinin Ukraynanın qaz borcları haqqında Avropanın dövlət başçılarına göndərdiyi müraciəti şərh edərkən deyib.

Onun sözlərinə görə, Ukrayna hazırda bir kubmetr Rusiya təbii qazına 485 dollar ödəyir, bu isə bazar qiyməti deyil, Avropa İttifaqı ölkələri ödədiyi məbləğdən və orta qiymətdən yuxarıdır.

Aprelin əvvəlindən Rusiya Ukrayna üçün qazın qiymətini iki dəfə artırıb: min kub metrə görə qiymət 268,5 dollardan 485 dollardək qalxıb. Kiyevdə yeni qiyməti siyasi təzyiq vasitəsi hesab edirlər.

Jen Psaki deyib ki, ABŞ "lazım olduğu halda Ukrayna və müttəfiqləri ilə ehtiyat qaz yatağına giriş əldə etmək üçün Kiyev tərəfindən ölkənin qərb sərhədlərində boru vasitəsilə qazın təchizatının geri qaytarılmasa yardım üçün hazırlıq üzərində işləyir".

Məktub

Rusiya prezidenti Vladimir Putin daha öncə Avropa İttifaqının bir sıra dövlət rəhbərlərinə Ukrayna iqtisadiyyatının tənəzzülə yaxınlaşdığı qeyd olunan məktub göndərib və Ukraynanın Rusiya qazına görə borcu məsələsinin həlli səbəbilə birgə məsləhətləşmələr aparmağı təklif edib.

Məktub çoxusu Ukrayna ərazisindən Rusiyadan boru vasitəsilə qaz alan 18 ölkənin başçısına göndərilib.

Cənab Putinin göndərişində qeyd edilir ki, Rusiya Ukrayna müstəqil dövlətinin yarandığı ilk gündən və 2013-cü ilin sonuna qədər "aşağı qiymətlərlə qaz çatdırmaqda Ukrayna iqtisadiyyatının dayanıqlılığına dəstək olub".

"Rusiya artıq təklikdə Ukrayna iqtisadiyyatının yükünü endirimlə qaz çatdırmaqla və borcları bağışlamaqla çəkə bilməz və çəkməli deyil. Faktiki olaraq, öz subsidiyaları ilə Ukrayna və Aİ üzv ölkələrlə ticarətinin defisitini ödəməklə", məktubda deyilir.

Prezident Putin Aİ ölkələrinin bu məsələ ətrafında məsləhətləşmələr aparmaq əvəzinə Rusiyanı Ukrayna üçün qazın qiymətinin salmasına çağırmasına əsaslanaraq bunun siyasi xarakter daşıdığını iddia edib.

"Elə təəssürat yaranır ki, avropalı müttəfiqlər birtərəfli qaydada Ukrayna iqtisadi böhranının nəticələrini Rusiyanın boynuna qoymaq istəyirlər", göndərişin mətnində qeyd olunur.

Hərbi hissələrin qatılığı

Bu arada NATO-nun hərbi rəhbərliyi öz saytında iddia edildiyi kimi ukrayna sərhəddinin yaxınlığında rus hərbi birləşmələrinin təsvir olunduğu peyk şəkilləri yayımlanıb.

Alyans rəhbərliyi Ukrayna ilə sərhəddə yerləşən rusiya qoşunlarının sayını 35-40 min dəyərləndirir.

Özünün Twitter hesabında NATO birləşmiş qüvvələri komandanı ABŞ generalı Philip Breedlove yazıb ki, Ukrayna yaxınlığındakı rus qoşunları təchiz olunub və müdaxiləyə qadirdir.

Eyni zamanda Rusiya ordusunun Baş Qərargahının yüksək vəzifəli nümayəndəsi RİA Novosti agentliyinə deyib ki, bu şəkillərdə "ötən ilin yayında müxtəlif hərbi təlimlər keçirən Cənub hərbi rayonunun rusiya qoşunlarının bölmələri təsvir olunub".

Bundan öncə Rusiya Ukraynanın sərhəddində hər hansı qeyri-adi hərəkət etmədiyini açıqlayıb və bu regionda qoşunların qruplaşmasının yaradılması ittiham etmək cəhdlərini əsassız hesab edir.

Müdafiə nazirinin müavini Anatoliy Antonov Ukrayna sərhəddi yaxınlığında rus qoşunlarının gücləndirilməsi haqda söhbətləri istehza ilə "dəhşət qorxulu" adlandırıb.