Putin öz nazirlərilə Kiyevlə qaz mübahisəsini müzakirə edib

Şəklin mənbəyi, Getty
Çərşənbə günü Rusiya prezidenti və hökümət üzvlərinin iştirakı ilə Ukraynanın qaza görə borcları müzakirə edilib və Ukraynaya verilən qazın hələlik kəsilməməsinə qərar verilib.
Borc Rusiya Ukraynaya qaz qiymətində güzəşti ləğv edəndən sonra əmələ gəlib.
Cənab Putinin mətbuat katibinin sözlərinə görə, prezidentin təcili iclas çağırmasının səbəbi Ukrayna ilə energetika sahəsində “qeyri-adi” vəziyyəti müzakirə etməkdir.
Aprelin əvvəlindən Rusiya Ukrayna üçün qazın qiymətini 2 dəfə artırıb: 1 min kub metr üçün 268,5 dollardan 485 dollaradək.
“Qazprom” aprelin 1-dən etibarən qazın 1 min kub metr həcmi üçün qiymətin 268,5 dollardan 385,5 dollarədək bahalaşmasını elan edib.
“Qazprom” bunu Ukraynaya ötən ilin sonunda verilmiş güzəştlərin ləğv olunması ilə izah edib. Bu güzəştlər ona görə ləğv olunub ki, Kiyev qaz təchizatına görə borcunu ödəməyib.
Qaz qiymətində güzəşt barədə razılıq dekabrın 17-də Ukrayna və Rusiya prezidentləri Viktor Yanukoviç və Vladimir Putinin iştirakı ilə “Qazprom” və Ukraynanın “Naftoqaz” şirkəti tərəfindən imzalanmışdı.
Aprelin 1-dən “Qazprom” qiyməti artırandan sonra, Rusiya Baş naziri Dmitri Medvedev Ukrayna üçün 1 min kub metr qazın daha 100 dollar bahalaşacağını bəyan edib.
Yeni – 485 dollar qiymətini Medvedev 2010-cu ilin Xarkov müqavilələrinin qüvvədən düşməsilə izah edib. 2010-cu ildə həmin güzəştləri Moskva Kiyevə Rusiyanın Qara Dəniz donanmasının Krımda 25 il müddət ərzində qalması müqabilində etmişdi.
Qiymətlər qalxandan sonra Ukraynanın Rusiyaya qaz təchizatı üçün 2,2 mlrd dollar borcu əmələ gəlib və Kiyev bu məbləği Rusiyaya ödəməkdən imtina edir.
Kiev Moskvanı “qaz şantajı” və “iqtisadi təcavüzdə” ittiham edir.




