Ukrayna böhranı: Rusiya şərqi Ukraynaya müdaxilə etməyə hazırdırmı?

Şəklin mənbəyi, BBC World Service
- Müəllif, Jonathan Marcus
- Vəzifə, BBC-nin müdafiə müxbiri
NATO-nun təxminlərinə görə, Ukrayna sərhədində cəmləşən 40 minlik Rusiya qoşunu bir neçə saata hərəkətə gətirilə bilər.
Moskva ilə Kiyev arasında münasibətlərin gərginlik dərəcəsi nəzərə alınmaqla münaqişə perspektivi real görünür.
Rusiyaya qoşunlarını Ukrayanaya yeritmək lazım olarsa bunun üçün bəhanənin bir çox elementləri artıq hazırdır.
Lakin Rusiya hərbi imkanları buna imkan verəcəkmi?
Moskvanın Krım əməliyyatından hansı nəticə çıxarmaq mümkündür?
Rusiya hərbiyyəsi üzrə mütəxəssis, Conflict Studies Research Centre (CSRC) mərkəzinin direktoru Keir Giles deyir ki, "bu dəfəki Rus ordusu 2008-ci il Gürcüstan müharibəsində iştirak etmiş ordudan xeyli fərqlidir".
O zaman Gürcüstan üzərində asan qələbəyə nail olmasına baxmayarq Rusiya ordusunda ciddi çatışmazlıqlar gözə dəyirdi.
Həmin ordunu postsovet ordusu hesab etmək olar, 1980-ci illərin Sovet ordusundan heç də çox fərqlənmirdi, o deyir.
"Ordu idarəçiliyi, təşkili və ayrı-ayrı hissələr arasında əlaqələndirmə sahəsində ciddi nəticələr çıxarılmışdı", mütəxəssis qeyd edir.
"Əsas problem hava və quru qoşunların əlaqələndirməsi məsələsi idi. O zaman Rusiya hərbi aviasiyasının bir neçə itki verməsi də, görünür, öz qoşunları tərəfindən vurulma nəticəsində baş vermişdi".
Ordunu modernləşdirmək planları 2008-ci ilə qədər də mövcud idi, lakin Gürcüstan müharibəsi bu planlara təkan vermiş oldu.
Bu arada Vaşinqtondakı Jamestown Foundation mərkəzinin əməkdaşı, Avrasiya hərbi təhqiqatlar üzrə mtəxəssis Roger McDermott, Rusiya hərbi islahatlarının çatışmazlıqlarına diqqəti çəkir.
"Gürcüstan kampaniyası Rusiya ordusunda islahatlara təkan versə də, bu iş planlaşdırma qüsurları və korrupsiyaya görə ümumilikdə uğurla başa çatdırıla bilmədi", Roger McDermott hesab edir.
Bununla belə o, Rusiya ordusunda modernləşdirmə prosesslərin davam etdiyini də qeyd edir.
McDermott hesab edir ki, Moskva quru qoşunlarını daimi hazırlıq vəziyyətdə olan briqadalar əsasında modernləşdirmək istəsə də, buna nail ola bilməmişdi.
Bunun səbəbini ekspert xeyli sayda 12 ay müddətli çağırışçıların olmasında və müqavilə əsasında qulluq edən şəxsi heyətin və eləcə də aşağı rütbəli zabitlərin sayının az olmasında görür.
"Daha üstündür"
Rusiyada hərbi islahatların qüsurlu olması ilə yanaşı, Rusiya hərbiyyəsi eyni zamanda mühüm nailiyyətlərə də nail olub.
Həmin nailiyyətlər Moskvanın Krım əməliyyatı zamanı özünü göstərdi.
Keir Giles qeyd edir ki, son illərdə hətta Moskvada keçirilən hərbi paradlardan da aydın etmək mümkün idi ki, müasir Rus ordusu indi daha çox Qərb silahlı qüvvələrinə bənəzəyir.
Ekspert, sıravi əsgərlərdə yük daşıyan avadanlığın və şəxsi radio rabitəsi cihazlarının olmasına diqqəti çəkir. Onun qənaətincə, bu, Rusiya hökümətinin orduya ciddi maliyyə vəsaiti ayırması ilə bağlıdır.
Keir Giles bildirir ki, Krım əməliyyatı zamanı CSRC mərkəzi Rusiya qoşunlarının hərəkətini diqqətlə izləyib.
"Onlar təkcə desant qoşunlarından deyil, eləcə də digər çevik qüvvə bölmələrindən təşkil edilmişdi", Giles qeyd edir.
"Həmin qoşunlar xüsusi təyinatlılardan, kəşfiyyat briqadalarından və dəniz piyadalarından təşkil olunmuşdu".
Giles qeyd edir ki, bugün Rusiya hərbiyyəsi 2008-ci illə müqayisədə "döyüşə daha hazır vəziyyətdədir, Ukrayna ordusundan xeyli güclüdür və Qərb qonşularının ərazisində yerləşən qoşunlardan daha üstündür".
O, hesab edir ki, Rusiya hələ xeyli zaman ərzində Ukraynaya hərbi təhlükə kəsb etməkdə davam edəcək, və Rusiya qoşunları Ukraynanın şərq sərhədi boyu zonada Qərb müşahidəçilərinin zənn etdiyindən daha çox vaxt yerləşməkdə davam edəcək.

Şəklin mənbəyi, BBC World Service
"Strateji üstünlük qazanmaq naminə Rusiya qısa müddətli maliyyə itkilərinə və digər çətinliklərə dözməyə hazırdır".
Ekspertin fikrincə, Rusiya qoşunlarının Ukrayna ərazisinə yeridilməsi üçün logistika, ərzaq təminatı, tibbi xidmət, ilhaq edilən ərazidə asayişə nəzarət etmək üçün daxili qoşunlar kimi elementlər də əhatə olmaqla bir çox hazırlıqlar artıq görülüb.
"Lakin bu o demək deyil ki, Rusiya mütləq müdaxilə edəcək, sadəcə Moskva qoşunlarını hazır vəziyyətə gətirib ki, ehtiyac yaranacağı anda dərhal hərəkətə keçsin".
Mütəxəssis zənn edir ki, Rusiya artıq bu istiqamətdə yolun xeyli hissəsini geridə qoyub.
O, eləcədə Baltika və Şimal Dəniz Donanmasından olan Rusiya hərbi gəmilərinin Qara dəniz akvatoriyası ətrafında toplaşdığını vurğulayıb.
Qısa müharibə
Rusiya Ukrayna ilə sərhəddə həftələrlə, hətta aylarla qoşun saxlamaq gücündə olsa da belə, McDermott əmindir ki, Rusiya hərəkətə keçəcəyi halda istənilən əməliyyatı qısa bir zamanda başa çatdırmağa çalışacaq.
"İstənilən hərbi müdaxilə bir neçə gün ərzində başa çatdırılmalıdır. Uzun müddətli hərbi əməliyyatın aparılması üçün Rusiyanın nə hərbi, nə də ki iqtisadi imkanları var", McDermott deyir.
Roger McDermott Moskva üçün Ukraynanın mühüm strateji əhəmiyyətə malik olduğunu və yaranmış vəziyyətə Rusiyanın gözü ilə baxmağın vacibliyini qeyd edir.
"Moskva üçün bu münaqişə Avropa böhranı deyil, "Avrasiya" böhranıdır. Bu məsələ Rusiya və onun Avropadakı rolu ilə bağladır", McDermott vurğulayır.
Ekspertin təbirincə, Rusiya prezidenti Vladimir Putin "bu oyunda sərt gedişlər etmək məharətinə 1999-cu ildən bəri ABŞ və NATO-nun atdığı addımları izləməklə öyrənib".
"O, NATO hüdudları xaricində alyansın keçirdiyi əməliyyatlarda, ABŞ-ın özünü qlobal hegemon kimi aparmasında, o cümlədən, Rusiya sərhədi yaxınlığında "rəngli inqilabların" baş verməsində Rusiyaya maraqları üçün təhlükə görür”, McDermott qeyd edir.




