Ukrayna böhranı: Rusiya və ABŞ dialoq keçirəcək

Şəklin mənbəyi, Reuters

ABŞ Dövlət Katibi John Kerry və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna böhranı ətrafında gərginliyi yumşaltmaq üçün ciddi müzakirələr planlaşdırır.

ABŞ Rusiyanı Ukraynanın Krım bölgəsinə qoşun çıxarmaqda ittiham edərək, bunu "işğal hərəkəti" kimi təsvir etsə də, Kremlin təkzibi ilə üzləşib.

Bütün bunlara baxmayaraq, hər iki tərəf danışıqlara başlamaq üçün hazır olduqlarını açıqlayıb.

Rusiya Ukraynanın cənubi muxtar rayonuna - Krıma de-fakto nəzarət edir.

Krımda gərginlik gecə boyunca davam etsə də, zorakılıq barədə məlumat yoxdur.

Hər şey həftənin əvvəlində Rusiyanın Ukraynada etnik rusları və rusdilli xalqı qoruyacağı barədə xəbərdarlıqdan başlayıb.

Bu fikir beynəlxalq təşkilatlar da daxil olmaqla, dünya liderlərinin qınağına səbəb olub.

"Sülh planı"

Cənab Kerry və cənab Lavrov Parisdə Liviya barədə konfrans zamanı görüş keçirəcək.

BBC müxbiri Bridget Kendall deyir ki, bu görüş sadəcə dialoqu başlatmaq sınağı olacaq.

Moskva Ukraynada aylarla sürən nümayişlər, 90 nəfərin ölümü və devrilmiş prezident Viktor Yanukoviçin Kiyevi tərk etməsi ilə müşayiət edilən hakimiyyət dəyişikliyini qəti pisləyib.

Çərşənbə axşamı Kiyevə səfər edən cənab Kerry deyib ki, Ukrayna hadisələrindən sonra Rusiya vətəndaşları və ya rusdillilərə hər hansı təhlükə olması barədə əlamətlər yoxdur.

"Aydındır ki, Rusiya ona daha böyük ərazi tutmağa verəcək bəhanə yaratmaq üçün az səy göstərməyib”, dövlət katibi deyib.

"Özünü müdafiə"

ABŞ prezidenti Barack Obama Rusiyanı "qonşu ölkəyə təsir etmək üçün zora əl atmaqda" ittiham edib.

Lakin cənab Putin ötən günkü mətbuat konfransında Krımdakı silahlı qoşunların Rusiyaya aid olduğunu təsdiq etməyib.

Cənab Putin deyib ki, onlar Moskvaya sadiq və bazaları "millətçilər" və "anti-semitlər"dən qoruyan "yerli özünü müdafiə qüvvələridir".

Eyni zamanda, Putin istisna etməyib ki, o, Ukraynadakı Rusiya vətəndaşları və rusdilliləri qorumaq hüququnu özündə saxlayır.

Çərşənbə axşamı prezident Obama Almaniya Kansleri Angela Merkellə telefon danışığında böhranı yumşaltmaq barədə danışıb.

Ağ Evin bəyanatında deyilir ki, cənab Obama Rusiyaya qoşunları Krımdakı Qara Dəniz Donanmasının bazasına geri qaytarmağı təklif edib.

Cənab Obamanın rusiyalı həmkarı ilə şənbə danışığında isə, etnik rusların hüquqlarını qorumaq üçün Ukraynaya beynəlxalq nəzarətçilər göndərmək təklif edilib.

Və bu, Kiyev və Moskva hökümətləri arasında birbaşa danışıqlara ruhlandırıb.

Kreml hələlik bu təklifə rəsmi cavab verməyib.

Lakin Ukraynanın yeni baş naziri Arseniy Yatsenyuk deyib ki, Ukrayna və Rusiya nazirləri arasında məsləhətləşmələr olub. Yatsenyuk danışıqları "tamamilə ləng" kimi təsvir edib.

Rəqib nümayişlər

Şənbə günü Rusiya vətəndaşları və ya Rusiyapərəst olduqları ehtimal edilən şəxslər Krım yarımadasında strateji nöqtələri ələ keçirdikdən sonra Moskvanın burada təsiri güclənib.

Qoşunlar Ukrayna hərbi bazalarını mühasirəyə alıb, həmçinin Sevastopol limanında iki Ukrayna hərbi gəmisinin Rusiya gəmisi tərəfindən bloklanması xəbəri yayılıb.

Ötən gecə Ukrayna televiziyaları məlumat verir ki, Sevastopolun şimalında Yevpatoriyada silahlı şəxslər hava hücumundan mühafizə sistemini ələ keçirməyə çalışıb.

Krım və Ukraynanın şərq bölgəsində Rusiyanın müdaxiləsini dəstəkləyən nümayişlər təşkil edilib.

Şəklin mənbəyi, BBC World Service

Eyni zamanda, Donetskdə Rusiyadan qarışmaması tələb edilən marş keçirilib.

ABŞ və Aİ ölkələri ciddi böhran keçirən Ukraynaya iqtisadi yardım təklif edib.