Türkiyənin Rusiya-Krım müəmması

    • Müəllif, Firdevs Robinson
    • Vəzifə, Siyasi bloqçu

Dünya Rusiya və Ukrayna arasında gərginliyi izləməkdə ikən, Türkiyənin başı yerli seçki kampaniyasına və böyüyən korrupsiya qalmaqalına qarışıb.

Türkiyə liderlərinin izdiham qarşısında çıxışlarında “21-ci əsrdə Avropanın ən böyük böhranı” hesab edilən Ukrayna qarşıdurmasına demək olar ki, heç toxunulmur.

Türkiyə gəmiləri Bosforda

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, 2013-cü ilin sentyabrında da Rusiya hərbi gəmiləri Bosforda görünmüşdü və Suriya sahilləri yaxınlığına gedirdi.

Halbuki Rusiyanın Krımı işğal etməsi və Ukraynada dərinləşən böhran, Türkiyənin lap qapısının ağzında regional sabitliyə və ölkənin onsuz da həssaslaşan iqtisadiyyatına ciddi ziyan vura biləcək siyasi qeyri-sabitlik deməkdir.

İstanbul çərşənbə axşamı səhər gözlərini iki Rusiya hərbi gəmisini görməyə açdı. Partlamaq üzrə olan bəlaların bir xatırladıcısı kimi, bu gəmilər Bosfor boğazından keçib Qara Dənizə doğru gedirdi.

Türkiyə ictimaiyyəti bəlkə də, öz qonşularının taleyindən o qədər də narahat deyil, amma xarici işlər naziri Ahmet Davutoğlu Ukrayna böhranını yavaşlatmaq üçün ötən həftəsonu Kiyevə səfər edən ilk xarici rəsmilərdən biri oldu.

Cənab Davutoğlu deyir ki, Ukraynanın ərazi bütövlüyü, rifahı və sabitliyi Türkiyə üçün fundamental prinsiplərdir. İki müxalifət partiyası da Ukraynanın ərazi bütövlüyünü öz prioriteti olaraq görür.

Qərb üçün ən böyük narahatlıq Rusiyanın Ukraynanın şərq hissələrini özünə birləşdirməsinin mümkünlüyü barədə olsa da, Türkiyəni ən çox narahat edən Krım Tatarlarının taleyidir.

Türkiyənin Krım Tatarları ilə bağlı həssaslığının tarixi kökləri var.

Əsrlər boyunca Krım çoxlu əllərdən keçib. 15-16-cı əsrlərdə bura Osmanlı İmperiyasının bir hissəsi olub. 1783-cü ildə ilk dəfə Rusiyaya birləşdirilib. 1853-1856-cı illərin Krım müharibəsi Rusiya və (Britaniya və Fransanın müttəfiqliyilə) Osmanlı İmperiyası arasında baş vermişdi və 750 min insan bu müharibədə həyatını itirmişdi.

Krım müharibəsindən sonra böyük sayda Tatar Osmanlı İmperiyasında yaşamağa başladı. Sayları mübahisəli olsa da, hazırda Türkiyədə Krıma güclü mədəni bağlarla bağlı olan Tatar icması var.

Türkiyədəki abxaz və çeçen icmaları kimi, onlar da xarici siyasətdə Krım məsələlərini aktual saxlamaq üçün lobbiçilik edirlər.

Ahmet Davutoğlu bazar ertəsi Krım Assosiasiyasının 50-ə yaxın nümayəndəsilə görüşdü və onları əmin etdi ki, Türkiyə hər zaman Krım Tatarlarının yanında olacaq.

Son 20 ildə Türkiyə hökumətləri Krımdakı Tatarlara maliyyə, siyasi və mədəni dəstək göstərib.

Şanxay Əməkdaşlıq təşkilatına qoşulmaq fikrinə düşsə də, NATO üzvü olan Türkiyə bu böhranda Qərbin yanında durmağı seçib.

Türkiyənin şəhərlərində Tatar əhalisi kiçik nümayişlər keçirərək hökuməti Rusiyaya qarşı möhkəm durmağa çağırdı.

Amma Erdoğan hökuməti bu məsələdə ehtiyatlı görünür və Rusiya ilə arasında münaqişənin yaranmasını istəmir.

Türkiyə Rusiya qazından çox asılıdır və Türkiyə şirkətləri Rusiya daxilində çoxlu bizneslərə sahibdirlər.

Türkiyə həm Rusiya, həm də Ukrayna ilə kommunikasiya kanallarını açıq saxlamaq siyasətini üstün tutur.

Suriya ilə diplomatik münasibətləri tələskənliklə pisləşdirmək Türkiyəyə baha başa oturmuşdu. İndi isə hökumət bundan dərs almış kimi görünür.

Beynəlxalq məsələlər üzrə təhlilçi, Londonda yaşayan jurnalist <link type="page"><caption> Firdevs Robinson</caption><url href="http://www.firdevstalkturkey.com/tr/" platform="highweb"/></link> BBC Dünya xidmətində redaktor işləyib. Yazıdakı müəllifin öz fikirləridir.

Bloqla bağlı sual, təklif və şərhlərinizi <link type="page"><caption> [email protected]</caption><url href="[email protected]" platform="highweb"/></link> ünvanına göndərin.