Putini cəzalandırmaq niyə Obama üçün sınağa çevrilə bilər?

Obama Putin

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Vəziyyətin gərginləşəcəyi təqdirdə Obamanın nə edəcəyi aydın deyil
    • Müəllif, Mark Mardell
    • Vəzifə, BBC Şimali Amerika redaktoru

Prezident Obama Rusiyaya iqtisadi təzyiq göstərilməsi və ölkəni təcrid etmək barədə göstəriş verib

ABŞ rəsmilərinin fikrincə, Vladimir Putin dəhşətli seçim edib, nəticədə onun ölkəsi xeyli zəif duruma düşəcək.

Lakin eyni zamanda, yaranmış vəziyyət Obama administarsiyasını da ciddi sınağa çəkir və bu əhvalat Obamanın dünyadakı real nüfuzuna işıq salmış olacaq.

Dövlət Katibi John Kerry Kiyevə yola düşüb, ABŞ beynəlxaq birliyə arxalanaraq Rusiyaya təzyiq etməyə çalışır.

Lakin administrasiya rəsmiləri hərbi müdaxilə variantını istisna edirlər.

Prezident Obamanın tənqidçiləri onun ləng hərəkət etdiyini qeyd edərək Putinə "qırmızı xətti keçməyə imkan verdiyinə görə" ABŞ liderini tənqid edirlər.

Obama Moskvaya xəbərdarlıq edib ki, Ukrayanaya hərbi müdaxilə Rusiyaya "baha başa gələ bilər".

Lakin, deyəsən, Obamanın sözləri Putinə təsirsiz görünüb.

Qərbin bu böhrana hazır olmadığı aydındır.

Bu da aydındır kı, Putin asanlıqla geri çəkilməyəcək.

Obama faktoru isə real əhəmiyyətindən daha artıq görünə bilər.

Yaddan çıxarmaq lazım deyil ki, Putin Gürcüstanın üstünə gedəndə, Amerikada iş başında hələ Buş idi və o, heç də sülh göyərçininə bənzəmirdi.

Lakin Buş keçmiş postsovet məkanının bir hissəsi üstündə nüvə fövqəldövlətilə savaşın dəyər-dəyməzliyini yaxşı götür-qoy etmişdi.

Obama administrasiyasının rəsmiləri Obamanın Putinlə münasibətlərdə yumşaqlıq göstərməsi barədə ittihamlara cavab olaraq, Putinin Ukrayna siyasətinin iflasa uğradığını bildirirlər. Onların təbirincə, baş verənlərə görə dünya Obamanı yox, Putini günahlandırmalıdır.

Yaxın günlərdə Rusiyaya beynəlxalq təzyiqi gücləndimək məqsədilə ABŞ tərəfindən daha çox addımların atılacağını gözləmək olar.

Təzyiqin birinci təkanı Soçidə G8 sammitilə bağlı iyunda gözlənilir. Artıq ABŞ, Kanada və Britaniya sammitə hazırlığı dayandırdıqlarını elan ediblər.

Qərb eləcə də, Rusiyanı rusdilli əhalinin təhlükəsizliyilə bağlı rahatlamaq üçün Ukraynaya beynəlxalq müşahidəçilər göndərməyi təklif edir. Lakin çətin ki bu təklif Putin üçün cəlbedici görünsün.

Krım yarmadası 1783-ci ildən Rusiyanın tərkibində olub, Sovet İttifaqının ilk illərində isə Rusiya Federsiyasının muxtar respublikası olub. 1954-cü ildə Xruşşov Krımı Ukraynaya hədiyyə edib.

İndi isə Putin hədiyyəni geri istəyir. Krımdan çıxmaq onun üçün indi alçaldıcı kimi görünə bilər.

Obama üçün isə əsas problem odur kı, iqtisadi təzyiqin nəticəsi yalnız xeyli vaxt keçdikdən sonra hiss ediləcək.

Diplomatik təsir Putini heç narahat etmir - o, Qərb liderlərinə necə dərs verdiyindən həzz alır.

Vəziyyəti daha da çətinləşdirmək asandır, lakin bu zaman Obamanın nə edəcəyi aydın deyil.