Qərb Ukraynada yaranmış vəziyyətdən narahatdır

Bazar gününə keçən gecə BMT Təhlükəsizlik Şurası Ukraynada vəziyyətlə bağlı fövqəladə yığıncaq keçirir. Yığıncaqda Şuranın 15 üzv ölkələrinin nümayəndələri iştirak edir.
NATO-nun baş katibi Anders Fogh Rasmussen bəyan edib ki, təşkilatın rəhbərliyi bazar günü Ukrayna ilə bağlı iclas keçirəcək.
NATO Şurasının iclasından sonra Ukrayna-NATO Şurasının görüşü keçirilməlidir.
Daha əvvəl Ukrayna “ərazi bütövlüyünün müdafiəsi üçün bütün mümkün variantları nəzərdən keçirmək” xahişi ilə NATO-ya müraciət edib.
Rusiyanın Ukraynaya silahlı qüvvələr yeritmək qərarını Avropa İttifaqı xarici işlər üzrə nümayəndəsi Catherine Ashton “əsassız gərginlik qızışdırmaq” kimi səciyyələndirib.
“Mən buna təəssüf edirəm. Bu, gərginliyin əsassız daha da qızışdırılması deməkdir. Buna görə, mən Rusiyanı qoşun göndərməməyə və öz nöqteyi-nəzərini dinc vasitələrlə müdafiə etməyə çağırıram”, - baronessa Ashton-un bəyanatında deyilir.

Britaniya öz vətəndaşlarını Krımı tərk etməyə çağırır
Böyük Britaniyanın xarici işlər naziri William Hague Ukraynada vəziyyətin gərginləşməsi və Rusiya parlamentinin Ukrayna ərazisində hərbi əməliyyatlar keçirməyə icazə verməsi ilə bağlı ciddi narahat olduğunu bildirib.
“Mən bu gün Rusiyanın xarici işlər naziri Lavrovla danışmışam və onu bu təhlükəli vəziyyəti sabitləşdirmək üçün tədbirlər görməyə çağırmışam. Mən nazir Lavrova dedim ki, Britaniya Ukrayna hökumətinin, 1994-cü ildə Böyük Britaniya, ABŞ, Rusiya və Ukrayna tərəfindən imzalanmış Budapeşt sazişinə əsasən, təcili məşvərət keçirmək xahişini dəstəkləyir. Vladimir Putinin Federasiya Şurasına müraciəti ilə bağlı dərindən narahat olduğumuzu bildirmək üçün Rusiyanın Britaniyadakı səfirini xarici siyasət idarəsinə çağırmışıq”, - William Hague-in bəyanatında deyilir.
Britaniya XİN başçısı vəziyyəti yeni hökumətlə müzakirə etmək üçün bazar günü Ukraynaya baş çəkəcək.
Eyni zamanda XİN Böyük Britaniya vətəndaşlarına Krıma istənilən səfərdən çəkinməyə çağırır. Artıq Krımda olan bütün britaniyalılara “istənilən mümkün üsulla” yarımadanı dərhal tərk etmək tövsiyə olunur.
“Foreign Office Krımda qalmaq istəyən vətəndaşlara konsul xidmətləri təqdim etmək iqtidarında deyil”, - Britaniya XİN-nin saytında yerləşdirilmiş bəyanatda deyilir.

Şəklin mənbəyi, Reuters
Diplomatlar həll variantları axtarır
Polşanın baş naziri Donald Tusk Ukrayna hadisələri ilə bağlı dərhal Avropa Şurasının və NATO Şimali Atlantika Şurasının çağırılmasını tələb etmək niyyətindədir.
Bunu Tusk Polşanın müdafiə və xarici işlər nazirləri ilə keçirdiyi müşavirədən sonra bəyan edib.
ABŞ hökumətinin anonim nümayəndəsinin Reuters agentliyinə dediyinə görə, ABŞ müdafiə naziri Chuck Hagel və onun rusiyalı həmkarı Segey Şoyqu telefon söhbəti əsnasında Ukrayna vəziyyətini müzakirə ediblər.
Krım hadisələri ilə bağlı bəzi ABŞ hərbi hissələrinin döyüş hazırlığı vəziyyətinə gətirildiyinə dair şayiələrə gəldikdə, Chak Hagel deyib ki, Vaşinqton diplomatik üsullara diqqət yetirir.
Hal hazırda Krım yarımadasında vəziyyət gərgin qalmaqda davam edir. Daha əvvəl şənbə günü Rusiya Federasiya Şurası prezident Vladimir Putinin Ukrayna ərazisinə qoşun yeritmək müraciətini yekdilliklə təmin edib.




