Moskva Ukraynadakı hadisələrdə "neo-faşizm" görür

Şəklin mənbəyi, Reuters
Rusiya XİN rəhbəri Sergey Lavrov ATƏT-i Ukraynanın qərbində “millətçi və neofaşist əhval-ruhiyyəsinin güclənməsini” pisləməyə çağırıb.
Rusiya XİN-i Ukrayna millətçilərinin rusdilli əhalini “vətəndaşlıqdan çıxarmaq”, söz azadlığını məhdudlaşdırmaq və arzuolunmaz siyasi partiyaları bağlamaq cəhdlərini pisləməyə çağırıb.
Lavrov özünün bu çağırışını ATƏT Baş Katibi Lamberto Zannyerilə görüşü zamanı səsləndirib.
Rusiya tərəfi vurğulayıb kı, Ukraynaya istənilən yardım, o cümlədən ATƏT tərəfindən də yardımım göstərilməsi yalnız bu ölkənin qanuni hakimiyyəti tərəfindən edilmiş xahiş əsasında həyat keçirilə bilər.
Bundan əvvəl rəsmi Kiyev Ukraynada milli azlıqların təqib edilməsi barədə ittihamları yalan adlandıraraq, Ukrayna parlamentinin qərarlarının legitimliyinin beynəlxalq birlik tərəfindən tanındığını xatırladıb.
Sübüt axtarışı
Rusiya XİN-i Ukrayna müxalifətini ötən cümə günü əldə edilmiş böhranı dinc vasitələrlə həllinə dair sövdələşmənin şərtlərini yerinə yetirməməkdə ittiham edib.
Bazar ertəsi günü Rusiya XİN-i sərt bəyanatla çıxış edərək “ekstremistlərin hərəkətlərinə” son qoyulmasını tələb edib.
Nazirliyin bəyanatında Ukraynadakı son hadisələr "hakimiyyətin zorakı yolla devrilməsi" kimi qiymətləndirilib. Rusiya XİN-i Ali Radanın qərarlarının legitimliyini də sual altına alıb.
Rusiya XİN hesab edir ki, Ali Rada “Ukraynada yaşayan rusların və digər milli azlıqların haqlarını tapdayan qanun və qərarların “möhürlənməsilə” məşquldur”
Ukrayna XİN-i belə bəyanatların “yalan” olduğunu bildirib.
Ukrayna Ali Rada qərarlarının beynəlxalq birlik tərəfindən tanındığına diqqəti çəkir.
“Ali Radanın qəbul etdiyi qərarlar Ukraynanın beynəlxalq partnyorlarının çoxu tərəfindən artıq tanınıb”, Ukrayna XİN-i bəyanatında vurğulayıb.
Bərabərlik əsasında
Ukrayna diplomatlarının təbirincə, Kiyevin indi ölkənin ərazi bütövlüyü və suverenliyinə təhlükənin qarşısının alınması və iqtisadi sabitliyin təminatına yönələn beynalxalq birliyin dəstəyinə ehtiyacı var.
Bununla əlaqədar, Kiyev ümidlərini Budapeşt memorandumuna uyğun olaraq Ukraynanın ərazi bütövlüyü və siyasi müstəqilliyinin qarantı qismində çıxış edən dövlətlərə bağlayır.
1994-cü ildə Ukrayna ilə ABŞ, Britaniya və Rusiyanın imzaladıqları ölkənin nüvə silahından azad statusuna dair Budapeşt memorandumunda Ukraynaya süverenlik və təhlükəsziliyin qorunması təminatı verilib.
Yanvarın sonunda Rusiya prezidenti Vladimir Putin Rusiyanın Ukraynadakı hadisələrə qarışmayacağını bəyan etmişdi.
Ukrayna XİN-i bəyan edib ki, hökümətin formalaşdırılması bitəndən sonra rəsmi Kiyev Rusiya ilə tammiqyaslı dialoqun bərpasına hazır olacaq.
"Öz tərəfimizdən Ukrayna-Rusiya münasibətlərinin yeni, bərabərhüquqlu əsasda qurulması məqsədinə sadiq qaldığımızı təsdiq edirik”, Ukrayna XİN-nin məlumatında qeyd olunub.




