Suriyada qaçqın uşaqların sayı 1 milyona çatdı

regugees
Şəklin alt yazısı, Suriya qaçqınları İraq və Türkiyə ərazilərinə keçməkdə davam edirlər

BMT agentlikləri bildirirlər ki, Suriyadan qaçmağa məcbur olan uşaqların sayı “utancverici həddi” – bir milyonu keçib.

UNİCEF-in məlumatına görə, daha 2 milyon uşaq Suriya daxilində məcburi köçkünə çevrilib.

BMT-nin baş katibi Ban Ki-moonun verdiyi məlumata görə Suriyada münaqişə başlanandan bəri 100 mindən artıq insan həlak olub.

Baş katib həmçinin Dəməşq yaxınlığında bu günlərdə baş verdiyi iddia olunan kimyəvi silah hücumunun “təxirə salınmadan” təhqiqatına çağırıb.

İnsan haqları fəlları bildiriblər ki, ötən çərşənbə baş vermiş hücumda yüzlərlə insan həlak olub və BMT-nin baş katibinin tərksilah üzrə xüsusi nümayəndəsi Angela Kane təhqiqata nail olmaq üçün Dəməşqə göndərilib.

“Sarsılmışlar”

BMT bildirir ki, hazırda uşaqlar Suriyadan didərgin düşənlərin yarısını təşkil edirlər. Bu uşaqların 75 faizinin yaşı 11-dən azdır.

BMT-nin ali komissarı Antonio Guterres deyib ki, “Suriya gəncləri evlərini, ailə üzvlərini və gələcəklərini itirirlər”

“Hətta sərhədi keçib salamat əraziyə çatdıqdan sonra belə onlar psixi travma almış, sarsılmış və ümudsiz olurlar” – deyib ali komissar.

Bununla belə, BMT-nin Suriya üçün rica etdiyi yardım məbləğinin yalnız 40 faizi toplanıb və qaçqınların ehtiyaclarını ödəmək son dərəcə çətindir.

Qaçqın uşaqların yalnız 118 mini alababat təhsil almaqda davam edir və uşaqların beşdə birinin psixoloji müalicəyə ehtiyacı var.

UNİCEF-in icraçı direktoru Anthony Lake deyib ki, “biz bu müqnaqişədə iztirab çəkən uşaqlara görə utanc hiss etməliyik”.

BMT bildirib ki, Suriya münaqişəsi son 20 ilin ən ağır qaçqın böhranını yaradıb. Bu sayda qaçqın Ruanda soyqırımından bu yana görünməmiş hadisədir.

BMT xəbər verir ki, Suriyada prezident Bəşər əl-Əsədin hakimiyyətinə qarşı 2011-ci ilin martında başlamış münaqişə nəticəsində 1 milyon 700 min nəfər qaçqın kimi rəsmi qeydiyyata alınıb.

Dəhşətli görüntü

İddia olunan kimyəvi hücum barədə danışarkən cənab Ban deyib: “Kimyəvi silah harada, kim tərəfindən və hansı şəraitdə işlədilməsindən asılı olamayaraq beynəlxalq qanuna ziddir. Bəşəriyyətə qarşı belə bir cinayət onu törədən üçün çox ciddi nəticələrə səbəb olmalıdır”.

Cənab Ban Suriyanı artıq ölkədə olan müfəttişlərə iddiaları araşdırmaq imkanının verilməsinə çağırırb.

Hazırda Suriyada olan müfəttiş komandasının, şimal şəhəri Xan əl-Assal da daxil olmaqla, yalnız bundan əvvəl razılaşdırılmış üç ərazidə yoxlama aparmaq üçün mandatı var. Bu mandat ötən mart ayında Xan əl-Assal şəhərində törədildiyi iddia edilən kimyəvi silah hücumu nəticəsində 26 nəfər həlak olduqdan sonra razılaşdırılmışdı.

Bununla belə, Dəməşqin müfəttişlərə yoxlama ərazilərini genişləndirmək icazəsi verəcəyini göstərən əlamətlər hələ ki, yoxdur.

Suriya hökuməti onun guya kimyəvi silaha əl atdığı barədə iddiaları “məntiqsiz və qondarma” adlandırıb.

Lakin mənbəyi qeyri-müəyyən videogörüntü əksəriyyəti uşaqlar olan mülkilərin iztirablarına səbəb olmuş dəhşətli simptomları əks etdirir. Videoda həmçinin çox sayda kəfənə bürünmüş cəsədlər görünür.

Kimyəvi silahlar üzrə ekspert BBC-ə bildirib ki, videogörüntülər həqiqətə bənzəyir və süjetdə görünən zədələr sinir sisteminə təsir edən kimyəvi maddələrin törədə biləcəyi nəticəyə oxşardır”.

İddia edilən kimyəvi silahdan istifadə barədə xəbər beynəlxalq hay-küyə səbəb olmaqda davam edir.

Fransanın xarici işlər naziri Laurent Fabius xəbərdarlıq edib ki, əgər kimyəvi silahlardan istifadə təsdiqlənərsə, Fransa bu hadisəyə “güc tətbiqi” ilə reaksiya verməlidir.

ABŞ Dövlət Departamenti bildirir ki, Dəməşqdə nə baş verdiyini aydınlaşdırmaq üçün təcili qaydada informasiya toplayır.