Suriyadan minlərlə qaçqın İraq Kürdüstanına axışır

Suriya - İraq sərhədində körpü
Şəklin alt yazısı, Suriyadan minlərlə qaçqın İraq Kürdüstanına keçib

Minlərlə Suriyalı qaçqın Iraq sərhədini keçərək Kürdüstan bölgəsinə gəlib, BMT Qaşqınlar Agentliyi xəbər verib.

Şənbə günü Peşxabur məntəqəsində 10 minədək qaçqın sərhədi keçib. Bundan əvvəl isə İraqa Suriyadan 7 min qaçqın keçmişdir.

BMT bu qəfil və kütləvi köç səbəblərinin aydın olmadığını bildirib.

BMT agentlikləri, Kürdüstanın yerli höküməti və QHT-lər yaranmış gərgin humanitar vəziyyətin öhdəsindən gəlməyə çalırlar.

Bu arada BMT-nin kimyəvi silah müfəttişləri bazar günü Dəməşqə gəliblər.

Müfəttişlər yaxın 2 həftə ərzində 3 məntəqəyə baş çəkməyi nəzərdə tuturlar, o cümlədən, kimyəvi silah işlədilməsi iddiaları ilə bağlı daha çox adı çəkilən ölkənin şimalındakı Xan əl-Əssal məntəqəsinə də baş çəkilməsi nəzərdə tutulub.

BMT Qaçqınlar üzrə Ali Komissarı (UNHCR) qeyd edib ki, 2011 ilin mart ayında Suriyada president Bəşər Əsəd rejiminə qarşı üsyan başlayandan bəri hazırkı qaçqın axını buna bənzər hadisələr sırasında say etibarı ilə ən irimiqyaslı birdəfəılik dalğadır.

Axının səbəbləri aydın olmasa da, Suriyada kürdlərlə hökümət əleyhinə İslamçı yaraqlılar arasında toqquşmalırın sayı son dövrlərdə kəskin dərəcədə artıb.

BMT-nin qaçqınlarla iş üzrə idarəsi bu həftə Suriyadan İraq Kürdüstanına qaçqın axınının kəskin şəkildə artdığını bildirib.

BMT mütəxəssisləri qaçqınların qəflətən Suriyadan İraqa axın etməsinin səbəblərini aydınlaşdırmağa çalışırlar.