Fransızlar Suriya üsyançılarına niyə qoşulur?

Suriyada döyüşən fransız qardaşlar
Şəklin alt yazısı, "Biz bir yerdə yaşayırdıq və Əfqanıstandakı mücahidlərin bir çox videosunu izləmişik." Dostları düşünür ki, (soldakı) Jean Daniel-i qardaşı Nicolas yoldan çıxarıb

Gənc orta sinif nümayəndəsi olan kişini İslama, özünü Suriyada "şəhidliyə" risk etməyə nə cəlb edir? Oğlunu bu yaxınlarda itirmiş fransız ata BBC müxbiri Christian Fraser-ə oğullarının başlarına gələnlərdən danışır.

Cihad videosu həm məzmun, həm də üslub baxımından tanışdır. Qara bayraq qarşısında Abu Abd Al-Rahman adlı bir kişi Allaha sədaqətini bəyan edir.

"Mən fransızam", o deyir. "Mənim valideynlərim ateistdirlər, heç bir dinə aid deyillər."

Əslində valideynləri katolik idilər, onu da katolik kimi xaçlamışdılar - və onu Nicolas adı ilə tanıyırlar. O, yeni din qəbul etmiş, Toulouse şəhərində orta sinif ailəsinə doğulmuş 30 yaşlı kişidir. Onun anası orduda işləyir.

Videonun ikinci hissəsində, Nicolas hərbi geyimdə, ayaqlarının üstündə Kalaşnikov tüfəngi ilə çıxış edir.

Onun sağ tərəfində oturan kişi daha qətiyyətsiz görünür. Onun saqqalı yoxdur. Bu, onun kiçik qardaşlığı, Jean Daniel-dir. Nicolas Suriyaya cihad aparmağa gedəndə, o da ona qoşulmuşdu.

İnam

Nicolas İslamı internet vasitəsilə, 2009-cu ildə kəşf edib.

Toulouse-da baş çəkdiyi məsciddə atmosfer mülayimdir. Adının açıqlanmasını istəməyən müsəlman dostu deyib ki, Nicolas onunla İslam haqqında tez-tez danışırdı, amma birdən nə isə dəyişdi.

"Bilmirəm Nicolası kim radikallaşdırdı", o deyib. "Mən onları tanıya bilməzdim. "Onlar məsciddən, ya ərazidən deyildilər, kənardan gəlmişdilər".

"Strasbourgdan idilər, ya da ola bilsin Parisdən. Dəqiq deyə bilərəm ki, Toulouse-dan deyildilər. Uzun müddət də qalmadılar, onları qovdular."

Martın 29-da kişilər Barcelona şəhərinə getmək üçün avtobusa mindilər. Ordan Casablanca-ya, ordan isə İstanbula uçdular. Türkiyə sərhədini keçib Suriyaya daxil olanda isə Aleppo şəhərinə getdilər.

Səyahəti maliyyələşdirmək üçün yarımştat işləsələr də onların dostu deyir ki, Jean Daniel qardaşı kimi həvəsli deyildi.

Gerard, döyüşən oğlanların atası
Şəklin alt yazısı, Gerard deyir ki, Nicolas şəxsiyyət axtarışında idi

"Əminəm ki, getməyə qərar verməyindən peşmandır", o deyib. "Ona Nicolas təsir etmişdi. Yəqin öz-özünə fikirləşir ki, nə işə düşüb. Qardaşına həddindən artıq çox qulaq asırdı."

Gənc olanda Nicolasın ailəsi narahat idi ki, o, pis adamlarla dostluq edirdi. Amma bundan sonra o, yeni dinini aşkar etdi. Nicolas müsəlman dostlarından daha dindar olmağa başladı və bütün ailəsini bu dini qəbul etməyə inandırmağa çalışırdı.

2011-ci ildə qardaşı islamı qəbul etdi. Onun anası hərəkətləri haqqında o qədər narahat idi ki, Fransa kəşfiyyat xidmətinə zəng etmişdi.

"Kult kimi"

Oğlanların atası Gerard hazırda Fransa Quianasında yaşayır. O, Skype vasitəsilə verdiyi müsahibədə deyib ki, bu, dindən daha çox "kulta bənzəyirdi".

"Nicolasın kompüteri Əfqanıstanda aparılan mübarizədən YouTube videoları ilə dolu idi. Əvvəl o, hansısa adamla tanış oldu - bu videoları ona göstərən adam. Düşünürəm ki, filmlər bu oğlanlara çox təsir edir... Onlar adamlara təsir etməyə qadirdirlər".

"Oğlanları Nintendo (kompüter oyunları) və Coco Pops (qarğıdalı lopaları) ilə böyütmüşəm. Onları Suriyada belə görmək, adamı kədərləndirir. Düşünürəm ki, bunu edənlər, zəif adamları hədəfə alırlar. Nicolas iş, şəxsiyyət axtarışında idi. Ola bilsin, elə buna görə də uğurlu idilər.

"Təbii ki, onlardan narahatam. Bazar ertəsinə qədər 19 gün xəbərsiz qalmışdım, sonra Jean Daniel zəng etdi ki, hər şey normaldır. Onlar aeroport üçün döyüşürdülər və qalib gəldilər."

Amma müsahibədən bir saat sonra Gerard-a Nicolas-dan zəng gəlib. O, atasına Jean Daniel-in öldürülməsi haqqında xəbəri çatdırıb.

Kəşfiyyat mənbələri inanırlar ki, indiyə qədər Suriyada döyüşməyə 220-ə yaxın fransalı kişi gedib. Təxmin edilir ki, onlardan 40 nəfəri (15-20 faiz) - islamı qəbul etmişlərdir. Bu rəqəm proporsional deyil - Fransada müsəlmanların cəmi 1 faizi islamı qəbul edənlərdən ibarətdir.

Həbs təhdidi

İslam və cihada çağırış üzrə ekspert Mathieu Guidere həmçinin Fransa hökümətinin məsləhətçisidir.

"Bu cür adamlar hesab edirlər ki, Qərb olduğu kimi qalacaq. Etiraz etmək olar, amma heç nə dəyişməyəcək. Eyni zamanda Misirdə etiraz nümayişləri dəyişikliyə gətirib çıxarır. Problemlərə səbəb olan, bu anlayışların toqquşmasıdır."

"Hazırda islam 60-cı və 70-ci illərdə kommunizm kimi görsənir. Haqqında danışdığımız, insanlar üçün dindən çox ideologiyadır."

Fransa höküməti Suriyaya döyüşməyə gedənlər üçün dörd ilə qədər həbs cəzası istəyir. Eyni zamanda hökümət prezident Bəşər əl-Əsədin hakimiyyətdən getməsini tələb edir.

Mathieu Guidere düşünmür ki, Fransada gənc müsəlmanları radikallaşdıran şəbəkələr var.

"(Buna dair) heç bir sübut yoxdur. Nicolas və Jean Daniel ucuz hava yolları ilə gediblər. Burada internet ilhamlandırır. Bizdə olan demək olar ki, bütün hallar - internetdən ilhamlanıb dinlərini dəyişənlərdir."

"Onlara təsir edən, görüntülərdir. Onlar heç ərəb dilini oxuya bilmirlər. Videolarda nə baş verdiyini anlamırlar, amma görüntülərin təsiri, bəzi videolar onları tamamilə sarsıdır. Onlar buna əhəmiyyət verməyə bilmirlər, bu barədə nəsə etməyə çox güclü istək hiss edirlər."

Gerard ümid edir ki, ailəsinin əhvalatı digər valideynlər üçün xəbərdarlıq olacaq. O, oğullarını sevir, amma sağ qalan oğlunun nələr edə biləcəyindən əmin deyil.