Norveçdə qətliam törətmiş Breivik 3 otaqlı kamerada yatacaq - fotolar

Kamera

Şəklin mənbəyi, AFP

77 adamın qətlində günahkar tanınmış norveçli Anders Behring Breivik 21 illik həbs cəzasının ilk illərini Xüsusilə Yüksək Təhlükəsizlik Rejimli İla cəzaçəkmə müəssəsində təcrid olunmuş şəraitdə saxlanılacaq.

Anders Breivik paytaxt Oslo yaxınlığındakı bu məhbəsdə artıq bir il yatıb.

Cümə günü həbsxana administrasiyası Breivikin kamerasının fotoşəkillərini dərc edib.

3 otaqlı kamera

Başqa məhbusların malik olduğu proqramlardan məhrum edildiyinə görə Breivikə “kompensasiya” şəklində 3 otaqlı kamera ayrılacaq, ABŞ-ın AP agentliyinə məhbəsin sözçüsü Ellen Bjercke deyib.

Kamera

Şəklin mənbəyi, afp

Yataq, iş və idman otaqlarının hər biri 8 kvadrat metr sahəyə malikdir.

Kənar dünya ilə təmasların yaranmasını önləmək məqsədilə iş otağındakı kompyuter internetə bağlı olmayacaq.

Hərçənd ki, Breivikin başqa məhbuslar kimi televiziyaya baxmaq və məktublaşmaq haqqı təmin olunacaq.

Məhkumun vəkili onun hücumlardan əvvəl yazmağa başladığı manifestin üzərində işləmək niyyətində olduğunu deyib.

Saxlanılacaq 3 otaqlı kameradan başqa Breivik yüksək hasarlı özəl həyətə çıxmaq imkanına malik olacaq.

Ünsiyyət

Həbsxana administrasiyasının açıqlamasında Xüsusilə Yüksək Təhlükəsizlik Rejimli məhbəsdə başqa korpuslarda saxlanılan məhbusların bir-birilə görüşmələrinin yasaq olduğu bildirilir.

Kamera

Şəklin mənbəyi, afp

Hərçənd ki, Breivik öz korpus qonşuları ilə görüşmək haqqına malik olacaq.

“Xüsusilə Yüksək Təhlükəsizlik Rejimi özəlliklə də uzun müddətli cəza çəkən məhbuslara sərt məhdidiyyətləri nəzərdə tutur”, - məhbəsin rəsmi açıqlamasında deyilir.

Bunun dolayısı ilə məhbuslara həbsxana zabitləri ilə daha geniş təmas qurmaqdan tutmuş işləmək, təhsil almaq kimi fəaliyyətlərdə əlavə imkanlar verilir.

"Məqsəd onunla ünsiyyətdə olmaq, fəal saxlamaq və onunla məşq etmək vəzifəsini yerinə yetirən zabitlərlə təmasları genişləndirməkdir”, - xanım Bjercke deyib.

"Təcrid işgəncədir"

Məhbəsin həyəti

Şəklin mənbəyi, AFP

Məhbəs rəsmiləri Breiviki nə zamansa başqa məhbusların saxlanıldığı bölməyə keçirmək niyyətindədirlər.

Həmin bölmədə məktəb və Universitet proqramlarının tədris kursları, kitabxana, idman zalı və ev əşyaları ilə paltar istehsal edən məhbəs sexləri fəaliyyət göstərir.

"Belə deyim: Breivik insandır, və insan haqlarına malikdir”, - xanım Bjercke bildirib.

Təhlükəsizlik

12 korpusdan ibarətdir İla məhbəsində 124 məhbus cəza çəkir. Həbsxanada məhbuslara 230 adamdan ibarət heyət nəzarət edir.

Öncə qadın həbsxanası olan İla 1940-ci illərdə nasistlərin konsentrasiya düşərgəsi kimi istifadə olunub.

Hazırda İlada yalnız kişilər yatır.

Məhbəs direktoru Knut Bjarkeid Breivikin mümkün qaçmasının qarşısının alınması üçün görülən tədbirlərin təfərrüatlarına varmaq istəməyib.

Sonuncu dəfə Xüsusilə Yüksək Təhlükəsizlik Rejimli İla həbsxanasından məhbus qaçması 2004-cü ildə baş verib. Məhbəsdən qaçmış bir neçə dəqiqədən sonra saxlanılıb.