Ukraynanın ən gənc naziri Rusiyanın hücumuna qarşı sosial mediadan istifadə edir

Müharibənin başlaması Fedorovun gerçəkləşdirdiyi layihəni - bütün rəsmi işləri telefon vasitəsilə həll etmək istiqamətində çalışmaları dayandırdı

Şəklin mənbəyi, Mykhailo Fedorov

Şəklin alt yazısı, Müharibənin başlaması Fedorovun gerçəkləşdirdiyi layihəni - bütün rəsmi işləri telefon vasitəsilə həll etmək istiqamətində çalışmaları dayandırdı
    • Müəllif, Joe Tidy
    • Vəzifə, Kibertəhlükəsizlik üzrə müxbir, BBC

Ukrayna ordusu və xalqının irəliləyən Rusiya ordusuna qarşı savaşında yeni cəbhə açılıb - texnologiya cəbhəsi. Rəqəmsal transformasiya naziri Mixaylo Fedorovun rəhbərliyilə Silikon Vadisindən dəstək almaq və Rusiyanı zəiflətmək üçün addımlar atılır. Amma nazirin bəzi taktikalarına etiraz edənlər də var.

Ukrayna Nazirlər Kabinetinin ən gənc naziri Kiyevdəki yeraltı sığınacaqların birində Rusiyaya qarşı rəqəmsal müharibəni koordinasiya edir.

Mixaylo Fedorovun silahı sosial mediadır. O, "Twitter"-də statuslar yazaraq böyük texnologiya şirkətlərini Rusiyayla əməkdaşlığı dayandırmağa çağırır.

"Telegram"-da yaratdığı "Ukraynanın informasiya texnologiyaları ordusu" kanalında isə gənc nazir Rusiyada kiberhücuma məruz qalmasını istədiyi hədəfləri nişan verir.

Fedorovun İlon Musk-ı etiketləyərək paylaşdığı tələb tezliklə yerinə yetirilib
Şəklin alt yazısı, Fedorovun İlon Musk-ı etiketləyərək paylaşdığı tələb tezliklə yerinə yetirilib

31 yaşlı Fedorovun müharibədən əvvəlki hədəfi dövlət xidmətlərini smartfonlar üçün əlçatan etmək idi.

İndi o, bütün diqqətini müharibəyə yönəldib, beynəlxalq şirkətlərə Rusiyayla əlaqələrini kəsmələri üçün təzyiq göstərir.

Apple, Google, Meta, Twitter, YouTube, Microsoft, Sony, Oracle…

Bu texnologiya nəhəngləri hökumətlərdən gələn məktubları cavabsız qoymurlar.

Fedorov şirkətlərə yazdığı məktubları və bəzilərinin cavablarını sosial mediada paylaşıb.

Həmin şirkətlərin qərarlarına bunun nə dərəcədə təsir etdiyini bilmək mümkün deyil, amma onların əksəriyyəti Fedorovun çağırışından bir neçə gün sonra Rusiyadakı fəaliyyətlərini dayandırıblar.

O, PayPal-ın şənbə günü Rusiyadan çıxacağını elan edən ilk şəxs olub.

Samsung və Nvidia-nın qərarları da ilk olaraq Fedorovun hesabından paylaşılıb.

Gənc nazirin Rusiyanın hücumundan az sonra Elon Musk-a yazdığı tvit qısa müddət ərzində nəticə verib: milyarder iş adamı internet bağlantısı təmin edən Starlink peyklərinin lokasiyasını 48 saat ərzində Ukraynanın koordinatlarına uyğunlaşdırıb.

İnternet və ya telekommunikasiya xətlərinin kəsilməsi və ya zədələnməsi hallarında Starlink terminalları Ukrayna hökumətinin ölkə və dünyayla əlaqə saxlamasına fürsət yaradacaq.

Digər tərəfdən, Musk peyk antenalarının ruslar tərəfindən hədəfə alına biləcəyini deyərək həmin antenalardan yalnız ehtiyac yarandıqda istifadə etməyi tövsiyə edib.

Fedorov Elon Musk-ın bağışladığı Starlink terminalıyla

Şəklin mənbəyi, Mykhailo Fedorov

Şəklin alt yazısı, Fedorov Elon Musk-ın bağışladığı Starlink terminalıyla

Yarım milyondan çox izləyicisi var

Fedorovun Twitter, Facebook, Instagram və Telegram-da yarım milyondan çox izləyicisi var. O, mümkün qədər çox insanın oxuması üçün mesajlarını bütün platformalarda paylaşır.

BBC-nin suallarını elektron məktubla cavablandıran Fedorov "Bizim üçün hər bir platforma çox vacibdir. Biz böyük şirkətlərin diqqətini Ukraynada baş verən dəhşətli hadisələrə cəlb etmək istəyirik. Bir də ruslara həqiqəti deməklə onların öz hökumətlərinə etiraz etmələrinə nail olmaq istəyirik".

Müharibədən əvvəl əsasən ukraynaca yazan nazir indi dünyaya səslənmək üçün ingilis dilindən istifadə edir.

"Rusiyanın hərbi təcavüzünə qarşı mübarizədə Twitter ən məhsuldar alətlərimizdən biri oldu. Bu, Rusiya iqtisadiyyatını çökdürmək üçün istifadə etdiyimiz ağıllı və dinc bir alətdir" - Fedorov belə yazıb.

Fedorovun paylaşımına cavab verən Oracle Rusiya ərazisində əməliyyatlarını dayandırdığını açıqlayıb
Şəklin alt yazısı, Fedorovun paylaşımına cavab verən Oracle Rusiya ərazisində əməliyyatlarını dayandırdığını açıqlayıb

Hökumət ordunu maliyyələşdirmək üçün satışa NFT çıxardı

Texnologiya araşdırmaçısı və yazıçı Stephanie Hare Fedorovun uğuruna təəccüblənmədiyini deyir:

"31 yaşı var. Bu işləri bilir".

İnandırma və təbliğat - bunlar qədim dövrlərdən bəri müharibələrdə istifadə edilən taktikalardır.

Amma Hare qeyd edir ki, 2000-ci illərdə sosial media şirkətləri fəaliyyətə başlayandan sonra "insanların öz mesajlarını yaya bilmək sürətinin artması bütün hesablamaları dəyişib".

Fedorovun sözçüsü nazirlikdəki gənc komandanın daim ortaya yeni ideyalar atdığını, sonra da bəyənilənləri reallaşdırdığını bildirir.

Son nümunələrdən biri ordunu maliyyələşdirmək üçün hökumətin NFT satmasıdır.

Fedorov kriptovalyuta birjalarından tələb edir ki, bütün Rusiya vətəndaşlarının hesablarını dondursunlar. Amma Binance-ın qurucusu da daxil olmaqla, bir çoxları bu addımın kriptovalyutaların mövcud olma səbəbiylə ziddiyyət təşkil edəcəyini deyir.

Gənc nazirin bəzi başqa addımları da mübahisələrə səbəb olub.

Anonymous hakerlər qrupu Rusiya prezidenti Vladimir Putinə qarşı müharibəyə başladıqlarını açıqlayıb

Şəklin mənbəyi, Anonymous

Şəklin alt yazısı, Anonymous hakerlər qrupu Rusiya prezidenti Vladimir Putinə qarşı müharibəyə başladıqlarını açıqlayıb

Kibertəhlükəsizlik sektorunda narahatlıq hökm sürür

Nazirliyin "Ukraynanın informasiya texnologiyaları ordusu" adlı Telegram kanalı yaratması və dünyanın hər yerindən könüllü hakerləri bir araya gətirməsi də tənqidlə qarşılanıb.

Hazırda qrupun 270 mindən çox üzvü var.

"Tanklara qarşı ən yaxşı vasitə texnologiyadır. İnformasiya texnologiyaları ordusu Rusiya və Belarusdakı şirkətlərin, bankların və dövlət qurumlarının rəqəmsal və onlayn resurslarını hədəfə alır. Biz Rusiyanın dövlət xidmətlərini, TASS, Kommersant, Fontanka və digər Rusiya KİV-lərinin saytlarını sıradan çıxara bildik" - Fedorov deyir.

Hakerlik fəaliyyəti indiyədək bəsit vandalizm səviyyəsində olsa da, Fedorovun komandası açıq şəkildə Rusiyanın dəmiryollarına və elektrik şəbəkələrinə qarşı rəqəmsal hücuma çağırır.

Belə cəhdlər uğurlu olarsa, mülki şəxslərə də zərər dəyə bilər.

Kibertəhlükəsizlik sektorunda bundan narahat olanlar da var.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşı Suzanne Spalding deyir ki, "Rəqəmsal dünyada sakit qala bilmək çox vacibdir. Əgər mülki şəxslər vacib infrastruktur obyektlərinə ziyan vuran rəqəmsal hücumlara başlasalar, buna görə necə bir qisas alınacağını təxmin etmək çətindir. Tərəflərin birindəki mülki şəxsin hərəkəti gərginliyi bir anda artıra bilər".

Fedorovun nazirliyi ilə sıx əlaqədə olan Dövlət Xüsusi Rabitə İdarəsi cümə günü yaydığı açıqlamada hakerlərin Rusiyaya qarşı hücumlarını müdafiə edərək bildirib ki, "24 fevralda başlamış hücumdan sonra dünya düzəni əvvəlki kimi deyil".

Eyni zamanda, Rusiya tərəfdarları da Ukraynaya qarşı rəqəmsal hücumlar təşkil edirlər.

Amma Rusiyada mənfi nəticələr doğurmuş hücumlar sayca daha çoxdur.

Məlum olmayan səbəblərə görə Rusiyanın məşhur hərbi hakerləri hələ müharibədə ciddi rol oynamayıblar.