Məktəblərdə dərslər sentyabrın 15-də başlayır, tətil günləri açıqlanıb, Erməni zabit "itkin düşüb"

məktəb

Şəklin mənbəyi, Təhsil Nazirliyi

Məktəblərdə dərslər 15 sentyabrda başlayacaq. Ermənistanda zabit itkin düşüb, ABŞ-ın Ermənistandakı səfiri Qarabağ münaqişəsinin "həll olunmadığını" deyir, Ermənistan mediası yazır, Angela Merkel Rusiyaya əlavə sanksiyalardan danışıb - BBC News Azərbaycancanın icmalında oxuyun.

Bu il Azərbaycan məktəblərində dərslər sentyabrın 15-də başlayacaq və iyunun 14-də başa çatacaq.

Bu barədə təhsil naziri Emin Əmrullayevin "Ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında" əmrində bildirir.

Tədris iki yarımilə bölünür. İlk yarımil 15 sentyabr-26 yanvar, ikinci yarımil isə 1 fevral-14 iyun kimi təyin olunub.

Tədris ili ərzində isə 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) olacaq.

İbtidai siniflər isə əlavə olaraq 1-5 may tarixlərində beş günlük əlavə yaz tətili edə biləcəklər.

Erməni sərhədçi zabit "itkin düşüb"

Ermənistan Müdafiə Nazirliyi

Ermənistanda itkin düşdüyü deyilən bir zabitin Azərbaycan tərəfinə düşməsi ehtimal olunur, bu barədə Ermənistan Müdafiə Nazirliyi bildirib.

Məlumatda Ermənistan Silahlı Qüvvələrinə istinadən bildirilib ki, sərhəd hərbi hissələrindən birinin zabiti yoxa çıxıb, onun hava şəraitinə görə yolu itirməsi güman edilir.

Ermənistan Müdafiə Nazirli mətbuat xidmətinin məlumatına görə, baş leytenant Artur Davidyan avqustunun 22-si saat 21:00 radələrində komandirindən icazəsiz hərbi hissənin daimi yerləşmə ərazisini tərk edib və bir müddət keçmiş onunla əlaqə kəsilib.

"Dərhal axtarış-xilasetmə işləri başlanıb, Rusiya tərəfinin vasitəsilə hərbçinin Azərbaycan tərəfində olmasının müəyyən edilməsi istiqamətində tədbirlər görülür", - məlumatda deyilib.

Azərbaycan bu məlumata reaksiya verməyib.

ABŞ-ın Ermənistandakı səfiri Qarabağ münaqişəsinin "həll olunmadığını" deyir

ABŞ-ın Ermənistandakı səfiri Lynne Tracy

Şəklin mənbəyi, American University of Armenia

Şəklin alt yazısı, ABŞ-ın Ermənistandakı səfiri Lynne Tracy

ABŞ-ın Ermənistandakı səfiri Lynne Tracy hesab edir ki, 2-ci Qarabağ müharibəsinin nəticələri "aradan qaldırılmayıb", münaqişə isə "həll edilməyib", çünki "Dağlıq Qarabağın statusu müəyyənləşdirilməyib".

"Biz Minsk qrupunun həmsədri olaraq bu mövqelərdən vəziyyətin gərginləşməsini azaltmağa, qarşıdurmaları aradan qaldırmağa çalışacağıq ki, qalan məsələlər, müharibədən sonrakı vəziyyət və qalan vəzifələrin son həllinə baxmaq mümkün olsun", - Ermənistanın "Armenpress" rəsmi saytı Sünik bölgəsində jurnalistlərə açıqlama verən Lynne Tracy-yə istinadən yazır.

Səfir Azərbaycan-Ermənistan sərhədindəki hadisələrlə bağlı deyib ki, o, "şiddətə mümkün qədər tez son qoymaq üçün" gərginliyin "aradan qaldırılmasına" çağırır.

Azərbaycanın ABŞ-ın Ermənistandakı səfirliyinin şərhinə reaksiyası hələ ki, bəlli deyil.

ABŞ Dövlət Departamenti bu ilin iyul ayında Ermənistanı və Azərbaycanı "ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında" danışıqlara başlamağa səsləyib.

Azərbaycan üçün, Prezident Əliyevin dediyinə görə, "Qarabağın statusu" məsələsi mövcud deyil, Ermənistanın siyasi rəhbərliyi isə Dağlıq Qarabağın statusu məsələsində israr edəcəyini deyir.

Azərbaycan Ermənistanla sülh danışıqlarında ATƏT-in Minsk Qrupunun iştirakı ilə bağlı çağırışlara birbaşa imtina cavabı verməyib.

Amma 2020-ci ilin payızında baş vermiş və 44 gün davam etmiş müharibə müddətində və ondan sonra da Azərbaycan rəhbərliyi Minsk qrupunun fəaliyyətini tənqid edib.

Prezident İlham Əliyev ötən ilin dekabrında ölkəyə gəlmiş ATƏT-in Minsk qrupunun həmsədrlərini və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən onlara demişdi ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb və Ermənistanı Azərbaycan ərazilərindən çıxmağa vadar edə bilməyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin son bəyanatlarından birində isə vurğulanıb ki, ATƏT-in Minks qrupu üçtərəfli bəyanatların icrasını dəstəkləməklə bölgədə sülh və inkişafın təmin olunmasına töhfə verə bilər.

Angela Merkel Vladimir Zelenski

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Almaniya kansleri Angela Merkel (solda) və Ukrayna Prezidenti Vladimir Zelenski (sağda)

Angela Merkel: "Rusiya qaz kəmərindən silah kimi istifadə etməməlidir"

Almaniya kansleri Angela Merkel Ukrayna səfəri zamanı deyib ki, Rusiyanın qaz kəmərindən Ukraynaya qarşı istifadə edəcəyi təqdirdə, bu ölkəyə qarşı əlavə sanksiyalar tətbiq oluna bilər.

Angela Merkel Kiyedə olarkən Ukrayna Prezidenti Vladimir Zelenskiyə deyib ki, onun "Şimal axını 2" layihəsi ilə bağlı narahatlığını başa düşür.

Cənab Zelenski Ukraynanın təhlükəsizliyini təhdid etdiyini dediyi boru kəmərinin əleyhinədir.

Sözügedən boru kəməri Baltik dənizinin altında gedərək Almaniyaya Rusiya qaz ixracını ikiqat artıracaq.

Ukrayna Rusiyanın rəhbərlik etdiyi "Şimal axını 2" qaz kəmərinin Moskvanın bölgənin enerji təchizatı üzərində nəzarətini sərtləşdirəcəyindən və təsirini gücləndirəcəyindən narahatdır.

Zelenski Angela Merkellə birgə bazar günü keçirdiyi mətbuat konfransında "Şimal axını 2" qaz layihəsini "Kremlin bütün Avropa üçün təhlükəli ola biləcək geosiyasi silahı" kimi təqdim edib.

Almaniya kansleri Ukrayna Prezidenti ilə razılaşaraq bu layihənin Ukraynaya qarşı istifadə edilməməli olduğunu deyib.

O, qazın "silah kimi istifadə ediləcəyi" təqdirdə, Almaniya ilə ABŞ arasındakı razılaşmaya əsasən, Moskvaya qarşı sanksiyalar tətbiq oluna biləcəyini söyləyib.

Rusiya hazırda Avropa İttifaqının qaza tələbatının təxminən 40%-ni təmin edir.

Yeni boru kəməri ilə Baltik dənizinin altı ilə gedən qazın həcmi ildə 55 milyard kubmetrə çatdırılacaq.