Şuşaya yol çəkilir. Bu yol əvvəlki kimi Ağdamdan yox, Hacıqabuldan başlayacaq- Video
Şuşaya gedən yeni avtomobil yolunun tikintisi davam etdirilir. Yaxın vaxtlarda yeni avtomobil yolunun asfaltlanmasına başlanması gözlənir.
Bu avtomobil yolu başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürür.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bildirir ki, yol çiyinləri minalardan və hərbi sursatlardan təmizlənib, bu isə yolun asfaltlanması üçün xüsusi texnikanın işə başlamasına imkan yaradır.
Şuşa avtomobil yolunun təməli ötən il noyabrın 16-da qoyulub və ikitərəfli gediş-gəliş üçün hazırlanıb.
İşğala qədər Şuşaya ana yol Ağdamdan keçib.
Ağdamdan Şuşaya Əsgəran-Xocalıdan və Xankəndinin yaxınlığından keçməklə 36 kilometrlik yol var.
Digər iki yollardan biri Laçın-Şuşa, digəri isə Xocavənddən keçməklə Füzuli-Şuşa yolu olub.
Hazırda Laçın dəhlizi rus sülhməramlılarının nəzarətindədir, Xankəndi və Xocalıya isə hələ ki, Azərbaycan nəzarət etmir.
Azərbaycanlılar Şuşaya gedib-gəlmək üçün hələlik Qırmızı Bazar yolundan rus sülhməramlıların nəzarəti altında istifadə edirlər.
Ötən ilin payızında başlamış və 44 gün davam etmiş İkinci Qarabağ Müharibəsi zamanı, noyabrın 8-də azad edilmiş Şuşaya çəkilən yeni avtomobil yolunun uzunluğu 101 km olacaq.


