Şuşa sakinləri: “Şəhəri tikəndə bizim də fikrimizi öyrənsinlər”

Şuşa şuşalılar Azərbaycan bu gün tikinti-quruculuq işləri Yuxarı Gövhərağa Məscidi Yuxarı Məscid cıdır düzü

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, 2007-ci ildə Şuşa qalasının divarlarından şimal tərəfə baxış
    • Müəllif, Aygül Mehman
    • Vəzifə, BBC News Azərbaycanca

Şuşa şəhərinin bəzi sakinləri Şuşada aparılan söküntü işlərindən xəbərsizdir və işğaldan yenicə azad edilmiş şəhərdə bərpa işləri ilə bağlı onların rəyinin öyrənilmədiyini deyirlər.

Şuşa şəhər İcra Hakimiyyətindən BBC News Azərbaycancaya bildiriblər ki, söküntü və tikintidə onların heç bir rolu yoxdur, amma qurum rəhbərliyi əmindir ki, "şəhər, tarixi qorunmaqla tikiləcək".

Rəsmi qurumların açıqlamasına görə, artıq iki aydır ki, Şuşada işlər başlayıb və bu söküntü və tikinti-quruculuq işləri şəhərin qədim görünüşü, üslubu saxlanılmaqla həyata keçiriləcək.

Şuşa "yenidən tikilməyə məhkumdur"

"İndi hər hansı dəyişiklər aparılsa belə, təzədən tam fərqli Şuşa tikmək mümkünsüzdür," - Şuşadan olan Hikmət Sabiroğlu BBC News Azərbaycancaya deyib.

O, doğma şəhərinə getmək və oradan məlumat almaq imkanları olmadığına görə, şəhərdə görülən işləri şərh edə bilmədiyini vurğulasa da, "çox istərdim ki, Şuşanın özəlliyi qalsın, proseslərdə də camaatın iştirakı olsun, fikri nəzərə alınsın" deyir.

Yerli mediada yayılan videogörüntülərdə Azərbaycan hökumətinin Şuşada söküntü işləri aparmağa başladığı görünür. Bəzi sosial şəbəkə istifadəçiləri Şuşanın sökülməsindən təəssüfləndiklərini bildirirlər. Hətta prosesdən qəzəb ifadə edənlər də var.

Hikmət Sabiroğlu deyir ki, yayılmış videogörüntülərdə Şuşa şəhərinin yuxarı hissəsində yerləşən beşmərtəbəli yaşayış binalarını sökürlər.

"O binalar hökumət binalarıdır. Bəziləri 60-cı illərdə tikilib, bəziləri 70-ci illərdə. İndi onların nə dərəcədə yararlı olub-olmaması ilə bağlı məlumatım yoxdur. Biz 28 il əvvəl oradan çıxmışıq və mənim gedib baxmaq imkanım da yoxdur ki, orada yaşayış imkanları var, yoxsa yox. Bəzi Şuşaya səfər etmiş şəxslərlə söhbət edərkən deyirlər ki, binalar pis gündədir, yəni, yaşayış üçün heç bir şərait yoxdur".

Hikmət Sabiroğlunun qənaətincə, ermənilər Şuşada heç vaxt "axıradək arxayın oturmadıqlarına görə", orada heç bir böyük tikinti-quruculuq işləri aparmayıblar.

"Şuşa balaca yer deyil. Küçələri də bəllidir. Şuşaya gedib-gələn adamlardan soruşmuşam, şəxsi evlərin 95 faizinin mövcud olmadığını deyirlər. Ya dağıdılıb, yandırılıb, ya da bu illər ərzində məhv olub gedib. Bizim evimiz Şuşanın işğalından əvvəl raket atəşindən külə dönmüşdü. Bizim məhəllədə bir dənə də salamat bina yoxdur. İndi ona görə də şəhər elə çox güman ki, yenidən tikilməyə məhkumdur," - o vurğulayır.

Şuşa şuşalılar Azərbaycan bu gün tikinti-quruculuq işləri Yuxarı Gövhərağa Məscidi Yuxarı Məscid

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Yuxarı Məscidi

Hikmət Sabiroğlunun müşahidəsinə görə, hələ ki, şuşalıların o prosesdə hər hansı iştirakı barədə eşitməyib.

Şuşa şəhəri ötən il noyabrın 8-də, sentyabrın 27-də başlamış və 44 gün davam etmiş İkinci Qarabağ Müharibəsi zamanı işğaldan azad edilib.

Azərbaycanda mədəniyyətin əsas beşiyi, mənəvi paytaxtı hesab edilən Şuşa 1992-ci il, mayın 8-də erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdi.

"Şuşa qədim feodal şəhərsalma örnəyi idi"

Şuşa Elmi-Bərpa İstehsalat İdarəsinin keçmiş rəisi İlhamiz Fətəliyev deyir ki, Şuşa qədim feodal şəhərsalma örnəyi olub.

"Şəhərdə elə şərait yaranmışdı ki, sanki bir məhəllə bir ev idi, çünki evlərin baş fasadları həyətin içində yox, həyətdən kənarda, yolla bərabər idi. Bir qapıdan yola çıxırdın, başqa bir yerdən qayıda bilirdin. Elə bilin ki, böyük bir evin dəhlizləri idi. Bax, Şuşanın memarlığı bundan ibarət idi. Üstəlik, məhəllələr də bir-birindən çox fərqlənmirdi. Adları ilə fərqlənirdi, yaşayanların hardan gəlməsi ilə fərqlənirdi".

Şuşa şəhəri Şuşa şuşalılar Azərbaycan bu gün tikinti-quruculuq işləri Yuxarı Gövhərağa Məscidi Yuxarı Məscid

Şəklin mənbəyi, Yuzu2020/GETTY IMAGES

Şəklin alt yazısı, 1992-ci il 9 may, Şuşanın Ermənistan tərəfindən işğalından bir gün sonra

İlhamiz Fətəliyev deyir ki, şuşalıların əksəriyyəti zəngin olduğu üçün şəhərdə böyük malikanələr tikdirmişdilər.

"O dövrün bəyləri və yaxşı varlı-karlı tacirlərin binaları idi o malikanələr. Məsələn, Hacıquluların malikanəsi ən böyük malikanə olub. Mehmandarovların, Zöhrabbəyovların malikanəsi var idi. Bunlar şəbəkədən, müəyyən arkalardan, çölə çıxan bər-bəzəkli eyvanlardan ibarət, üzərində əsasən böyük, Şuşaya məxsus qapıların qoyulduğu evlər idi. Qapını döyüb açılmasını gözləyənə kimi darvazaların iki tərəfindən üstündə oturmağa daşdan hazırlanmış oturacaqlarda otura bilirdin. Xarakterik idi o stullar. Evlərin çoxunda belə darvazalar var idi".

"Böyük günah"

İlhamiz Fətəliyev Şuşanın arxitekturasını Azərbaycanın başqa yerləri ilə müayisə edə bilmir. O deyir ki, məsələn, Şəkinin arxitekturası "bir cürdür, Şuşanınki tam ayrı cür".

"Ancaq Şəkidəki karvansarayların, məscidlərin, Ağdamdakı məscidin Şuşadakı tikilələrlə oxşarlığı var idi. Memar Kərbəlayı Səfixan Şəkidəki Xan sarayının da konstruksiyasının qurulmasında iştirak edib. Ağdamdakı məscidi də, Şuşadakı Aşağı və Yuxarı Gövhərağa məscidlərini də Kərbəlayı Səfixan Qarabağlı tikib".

Cənab Fətəliyev deyir ki, Şuşadakı tikililər tikinti materialına görə fərqlənib: "Başqa şəhərlərdə bişmiş kərpicdən istifadə olunubsa, Şuşa xalis qranit daşlarından tikilib".

İlhamiz Fətəliyev deyir ki, adını çəkdiyi malikanələrin bir çoxu işğala qədər artıq sökülmüşdü.

"Şuşada Bakıdakı "Torqovaya" kimi küçələr də olub. Şuşada iki belə yer olub, biri Rastabazarı idi, digəri isə sənətkarların toplaşdığı Şeytanbazar idi. Sovet hökuməti vaxtında - 60-cı illərdə o Rastabazar və Şeytanbazar tamamilə götürüldü və yerində beşmərtəbəli binalar tikdilər. Yəni, ora şəhərin mərkəzi hissəsi idi. Böyük günaha yol verdilər".

Şuşada üç cür tarixi-memarlıq abidələrinin olduğunu bildirən İlhamiz Fətəliyev deyir ki, onun bir hissəsi SSRİ, bir hissəsi respublika, bir hissəsi isə yerli əhəmiyyətli olub.

"Ancaq o dövrdə dünya əhəmiyyətli bircə abidə vardı - UNESCO xəttat, tarixçi, astronom, riyaziyyatçı, nücum elmlərinin bilicisi, şair Mir Möhsün Nəvvabın qəbirüstü abidəsini qoymuşdu. O abidə Fransadan gələn qranitlə qoyulmuşdu, bütün xərcini də UNESCO çəkmişdi. Mirfəseh qəbiristanlığında idi - Cıdır düzünün yanındakı - qalmayıb, ermənilər yerli-dibli götürüb aparıblar o abidəni," - cənab Fətəliyev deyir.

O vurğulayır ki, yalnız 1977-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin Şuşanı qoruq şəhər elan etməsindən sonra abidələrə toxunulmayıb.

İlhamiz Fətəliyev Şuşanın bərpa planının Şəhərsalma və Memarlıq Komitəsi tərəfindən baş planla müəyyənləşdirildiyini düşünür.

O, baş planı görməsə də, hesab edir ki, həmin baş planın üzərində müəyyən düzəlişlər aparılacaq və bərpa planı "mükəmməl olacaq".

Ancaq İlhamiz Fətəliyev ümid edir ki, Şuşadakı məşhur tarixi memarlıq abidələrinin hamısı saxlanılacaq.

Cənab Fətəliyev "Şuşanın şərq üslubunda tikiləcəyini" düşünür.

"İndi, yəqin, beşulduzlu mehmanxanalar müasir üslubda tikilər, amma şəhərin o tarixi mərkəzindəki tikililərin hamısı şərq üslubunda, milli ornamentlərlə tikiləcək. Şuşanın tarixiliyinə, mənə elə gəlir ki, xələl gəlməyəcək. Mən belə hesab edirəm," - Şuşa Elmi-Bərpa İstehsalat İdarəsinin keçmiş rəisi İlhamiz Fətəliyev deyir.

Şuşa Şəhəri Şuşa şuşalılar Azərbaycan bu gün tikinti-quruculuq işləri Yuxarı Gövhərağa Məscidi Yuxarı Məscid

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Şuşa İkinci Qarabağ Müharibəsindən sonra

"İndi sökülən binalar "xruşşovkalardır"

1974-cü ildə Şuşada anadan olmuş və 1992-ci ilədək burada yaşamış Vüqar Hacıyev deyir ki, hazırda sökülən binalar onun bir vaxtlar yaşadığı məhəllənin yanında yerləşir: "4 mərtəbəli, xruşşovkalar idi. Bizim ev yolun qırağında idi. Onu ermənilər söküb otel tikmişdilər".

O deyir ki, Şuşadan çıxanda 18, indisə 48 yaşı var və yeganə arzusu "30 il əvvəl çıxdığı Şuşanı bircə saatlıq da olsa, gedib görmək"dir.

"Biz necə olursa-olsun, ora getməliyik, gedib öz yerimizi-yurdumuzu bərpa edib, orada yaşamalıyıq".

"Elə bina var ki, ortadan bölünüb"

Müharibə vaxtı döyüş bölgələrinə tibbi yardım aparmış konüllülərdən biri, Bakı sakini Nəsimi Paşayev deyir ki, üçtərəfli bəyanat imzalandıqdan dərhal sonra, noyabrın 11-də Şuşaya gedən şəxslər arasında olub.

Şuşanın azad edilməsindən bir gün sonra, noyabrın 10-na keçən gecə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında müharibənin dayandırılması ilə bağlı atəşkəs razılaşması imzalandı və dərhal da bölgəyə rus sülhməramlıları yerləşdirildi.

Nəsimi Paşayev Şuşada azərbaycanlıların yaşadığı köhnə həyət evlərini "pis vəziyyətdə" görüb.

Onun sözlərinə görə, Şuşanın işğalından sonra şəhərdə məskunlaşmış erməni əhali şəhərdə əsasən köhnədən qalma bina evlərində yaşayıb.

"Orada təbii ki, həyət evləri də var. Həmin həyət evləri də Ağdamda, Fizulidə gördüklərimiz kimi tam yararsız vəziyyətdədir. Orada heç kim yaşamayıb. Evlər dağıdılıb, hətta tarixi abidələr belə dağıdılıb və yerlərində kol-kos, ağac bitib. Sadəcə,orda bir neçə 5 mərtəbəli, iki doqquz mərtəbəli bina var. Azərbaycan ordusu Şuşanı işğaldan azad etdikdən sonra düşmən Şuşanı çox güclü artilleriya atəşinə tutub. Nəticədə ordakı binaların əksəriyyəti zərər görüb," - Nəsimi Paşayev deyir.

"Zərər görmüş binalardan bəzilərinin bir hissəsi, bəzisinin damı, digərlərinin balkonu uçub. Hətta elə bina var ki, ortadan bölünüb," - o əlavə edir.

"Plan üzərində iki aydır, iş gedir"

Şuşa şəhər İcra Hakimiyyətindən BBC News Azərbaycancaya bildiriblər ki, Şuşanın "yəqin ki, baş planı var və tarixi şəhər, mədəniyyət paytaxtı kimi artıq iki aydır bu planın üstündə işlər gedir və müəyyən layihələr hazırlanır".

Qurumun adının çəkilməsini istəməyən əməkdaşı deyir ki, "Şuşa, tarixi qorunmaqla, yeni bir şəhər kimi tikiləcək".

"Bu şəhər yenidən qurulmur. Qədim şəhərdir, haqqında da məlumatlar var. Məhəllələri bəllidir, tarixi bəllidir. Ora gedən nümayəndə də Arxitektura və Şəhərsalma Komitəsindən getmiş məmurdur və bu məsələləri yaxşı bilən mütəxəssisdir. Bu şəhər haqqında mükəmməl biliyi var. Mühəndislərlə, memarlarla, arxitekturlarla əlbəttə ki, şəhərdə müəyyən vaxtlarda işləmiş insanlarla əlaqə saxlanılır. Onların da fikirləri öyrənilir və ona çox böyük ümid bəsləyirik ki, oradakı proses yüksək səviyyədə gedəcək".

Şuşa şəhər İcra Hakimiyyətinin rəsmisi deyir ki, şəhərdə sovet dövründən qalmış, "Xruşşovka" kimi tanınan, otaqları iç-içə, darısqal olan evlərin sökülməsinin "çox gözəl nəticəsi olacaq".

Şuşa şuşalılar Azərbaycan bu gün tikinti-quruculuq işləri Şua şəhəri

Şəklin mənbəyi, ДЖАФАРОВ Б, ШАРИФОВ М/TASS

Şəklin alt yazısı, Şuşa Birinci Qarabağ müharibəsindən əvvəl - 1 avqust 1988-ci il

Bəs, söküntü, tikinti-quruculuq işləri zamanı əhalinin fikirləri öyrənilirmi, onların təklifləri nəzərə alınırmı?

"Bu evlər 70 il istismar edilib, görkəmi pisdir. O evlərin yerində daha gözəl evlər tikilib sahiblərinə veriləcək. "Xruşşovka" evdən çıxan adam gözəl formada tikilmiş evdən imtina edərmi? Kim daha yaxşı həyat şəraitindən imtina edər? Bu, mümkündürmü?!" - Şuşa icra hakimiyyətinin rəsmisi vurğulayıb.

2021-ci ilin martın 18-də Prezident İlham Əliyevin sərəncamı ilə işğaldan azad edilmiş torpaqlarda tikinti-bərpa işlərinin planlaşdırılması Tikintilərin Dövlət Reyestri və Arxitektura Komitəsinə tapşırılıb.

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytında işğaldan azad edilmiş ərazilərdən yalnız Füzulinin baş planı var.

Lakin komitənin saytında, həmçinin yazılıb ki, Prezident tərəfindən ölkənin mədəniyyət paytaxtı elan olunmuş Şuşanın hazırlanacaq baş planının əsas prioritetlərindən biri şəhərin olduqca zəngin tarixi-memarlıq irsinin, əsrlərlə formalaşmış tarixi simasının qorunub saxlanmasıdır.

Ötən ilin dekabrında Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işlərinə başlanıb.

Həmin vaxt müxtəlif dövlət qurumlarının təmsilçilərindən ibarət təxminən 60 nəfərlik işçi heyət yaradılıb. Amma Şuşa icra hakimiyyətinin əməkdaşları bu qurumda təmsil olunmurlar.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzi hazırda Şuşada "şəhərsalma prinsiplərinə uyğun olaraq bərpa və yenidənqurma işlərinin layihələndirilməsi üzərində iş aparıldığını" açıqlayıb.

Yerli mediada yayılan xəbərlərə görə, mərkəz Şuşada "yaşayış üçün yararsız, istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan bəzi binaların sökülməsinin" həyata keçirildiyini bildirib.

İşçi qrupa daxil olan qurumlardan biri, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən BBC News Azərbaycancaya bildiriblər ki, onlar Şuşada aparılan söküntü və ya tikinti-quruculuq işləri ilə bağlı "şərh verə bilməzlər".

BBC News Azərbaycanca işğaldan azad olunmuş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzi ilə əlaqə yarada bilməyib.