Ermənistan Azərbaycanla danışıqlar üçün şərt irəli sürür

Qarabağ

Şəklin mənbəyi, Tigran Avinyan/Twitter

Ermənistan Azərbaycanla danışıqların başlaması üçün bir neçə şərt irəli sürüb: bunun biri Azərbaycan silahlı qüvvələrinin Ermənistan ərazisindən çıxarılması, digəri Qarabağın statusunun həll olunmasıdır.

Ermənistanın Baş nazirinin müavini vəzifəsini icra edən Tiqran Avinyan jurnalistlərə deyib ki, "danışıqlar masasında müzakirə edilməli olan ilk məsələ Azərbaycan silahlı qüvvələrinin Ermənistan ərazisindən çıxarılmasıdır".

Azərbaycan Xarici İşlər Nazirliyi cümə axşamı yaydığı açıqlamada bildirib ki, Azərbaycan ərazisində "Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur" və bütün Qarabağa aid olan rayonlar Qarabağ iqtisadi rayonunda birləşib.

Çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, onlar Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır, amma onda olan "qeyri-rəsmi məlumatlara görə, Ermənistan buna hazır deyil".

İlham Əliyev onu da əlavə edib ki, sülh danışıqları üçün əvvəlcə hər iki ölkə bir-birinin ərazi bütovlüyünü və sərhədlərini tanımalıdır.

Tiqran Avinyan nə deyib?

"Danışıqlar masasında müzakirə edilməli olan ilk məsələ Azərbaycan silahlı qüvvələrinin Ermənistan ərazisindən çıxarılmasıdır," - Ermənistanın Baş nazirinin müavini vəzifəsini icra edən Tiqran Avinyan jurnalistlərə deyib.

O, Azərbaycanı Ermənistan-Azərbaycan sərhədində "gərginlik yaratmaqda" ittiham edib.

Tiqran Avinyan sərhəddəki vəziyyətin necə həll olunacağı ilə bağlı suala cavab verib:

"Gec-tez, yaxşı bir gündə bütün qonşularımızla sərhədlərimizin delimitasiyası və demarkasiyası olmalıdır. Ancaq sərhədimizin pozulması və sərhədlərimizdə yerləşmə, hətta şantaj yolu ilə bizi hansısa bir işə sövq etmək cəhdi effektiv yol deyil, heç bir nəticə verə bilməz. Belə yanaşma və şantaj üsulu Ermənistan Respublikasının rəhbərliyi və xalqı tərəfindən qəbul edilə bilməz," - Azadlıq Radiosunun Ermənistan xidməti Tiqran Avinyana istinadən yazır.

O deyib ki, Qarabağın statusu məsələsi "prioritetlər arasındadır".

"Qarabağın statusu məsələsi tamamilə həll olunmayana, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar bərpa olunmayanadək, düşünürəm ki, digər ümumi qərarlar və başqa yanaşmalar haqqında danışmaq çətin olacaq.

Biz danışıqlar prosesinə, həmçinin danışıqların blokdan çıxarılması ilə bağlı müəyyən müsbət dəyişiklərə böyük əhəmiyyət veririk, lakin bütün son qərarlar, sülh razılaşmaları və müqavilələri, delimitasiya və demarkasiya müəyyən maneələri özündə cəmləşdirir və ilk və ən vacib problem Artsaxın (Dağlıq Qarabağ- red.) və Artsax xalqının (yerli erməni xalqı nəzərdə tutulur -red.) statusudur".

Azərbaycan XİN-i: "Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur"

Azərbaycan Xarici İşlər Nazirliyi Tiqran Avinyanın açıqlamasına cavabında deyib ki, "Ermənistan rəsmilərinin bölgədə yaranan yeni reallıqla uzlaşmayan və sülhü hər hansı əsassız məsələlər ilə şərtləndirməyə çalışan bəyanatları ilk növbədə elə bu ölkənin özünə qarşıdır".

"Bölgədə sülh, təhlükəsizlik və tərəqqinin əldə edilməsinin ən yaxşı vasitəsi münasibətlərin normallaşmasıdır, bunun təməlində isə beynəlxalq hüquq prinsiplərinə hörmət və riayət dayanır.

Bu, Azərbaycanın hər zaman nümayiş etdirdiyi mövqedir. Ərazilərimizin işğalı faktorunun aradan qaldırılması ilə biz qonşu Ermənistanla münasibətlərin normallaşmasına hazır olduğumuzu bəyan etdik, yeni əməkdaşlıq təşəbbüslərini dəstəklədik.

Çünki biz destruktivlik deyil, konstruktivlik tərəfdarıyıq", - Azərbaycan XİN-in məlumatında deyilir.