İlham Əliyev: “Ermənistanla sülh müqaviləsi imzalamağa hazırıq, …Zəngəzur, Göyçə, İrəvan bizim torpağımızdır”

İlham Əliyev

Şəklin mənbəyi, MOD

Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır, bunu Prezident İlham Əliyev deyib. Ancaq onun sözlərinə görə, Ermənistandan buna rəsmi reaksiya verilməyib.

"Qeyri-rəsmi kanallarla bizə çatan məlumat budur ki, Ermənistan buna hazır deyil. Hesab edirəm, bu, çox böyük bir səhv olacaq,"- o deyib.

Prezident bu təklifin ''yeni real vəziyyətə'' əsaslandığını vurğulayıb.

"Biz hesab edirik ki, məsələ həll olunub, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Bir-birinin ərazi bütövlüyünün tanınması olmalıdır, sərhədlərin tanınması olmalıdır, delimitasiya işlərinə start verilməlidir,"- Prezident Əliyev deyib.

İlham Əliyev: "Bizim bu təklifimiz qalib ölkənin təklifidir"

"Bizim bu təklifimiz qalib ölkənin təklifidir, güclü tərəfin təklifidir, müzəffər xalqın təklifidir. Əgər buna Ermənistanda mənfi reaksiya varsa, bunu da özləri bilərlər. Amma yenə də deyirəm, yenə də peşman olacaqlar. Biz isə bundan sonra ancaq və ancaq irəli gedəcəyik," - deyə cənab Əliyev bəyan edib.

Prezident Əliyev hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmadığını düşünənlər "yanlış və təhlükəli" yoldadır.

"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb… Əgər kimsə deyirsə ki, münaqişə həll olunmayıb, gəlsin desin, bunun həllini necə görür, nə həll olunmayıb?''- deyə Prezident bəyan edib.

"Əgər dırnaqarası Dağlıq Qarabağın statusundan söhbət gedirsə, mən demişəm, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ümumiyyətlə, bu söz, ifadə işlənməməlidir. Dağlıq Qarabağ yoxdur, Qarabağ var".

O, iyulun 7-də imzaladığı Fərmanı xatırladıb: "…Qarabağ iqtisadi zonası yaradıldı, vəssalam. Bütün Qarabağa aid olan rayonlar orada birləşib. Şərqi Zəngəzur iqtisadi zonası yaradılıb. İndi Ermənistanda bu məsələ ilə bağlı isterikaya qapılırlar".

İlham Əliyev Ermənistan və Qarabağ ərazisindəki Zəngəzur zonasının Azərbaycan torpaqları olduğunu deyib "… Bizim dədə-baba torpağımızdır: bütün Zəngəzur - Şərqi və Qərbi Zəngəzur. İndi Ermənistanda deyirlər ki, İlham Əliyev ərazi iddiası ilə çıxış edir. Əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq. Bunu hələ on il bundan əvvəl demişəm. Mənim çıxışlarım hamısı mətbuatda var. Demişəm ki, bizim dədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur," - deyə o vurğulayıb.

Onun fikrincə, "bütün kommunikasiyalar açılandan sonra…Azərbaycan əhalisi öz dədə-baba torpaqlarına qayıdacaq. Üçtərəfli 10 noyabr Bəyanatında göstərilir: Bütün qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə".

Azərbaycanın sülh çağırışlarına Ermənistanda hələ ki, rəsmi cavab yoxdur. Ancaq bəzi siyasətçilər buna şərh verərkən deyiblər ki, Ermənistan Azərbaycanın təzyiqləri altında hansısa sülh sazişi imzalamaz.

Bundan əvvəlki parlamentdə "Mənim addımım" fraksiyasının üzvü olmuş Ruben Rubenyan "Sputnik Armeniya"ya müsahibəsində bildirib ki, rəsmi Bakı Dağlıq Qarabağın statusunu tanıdığı təqdirdə belə bir sülh razılaşması imzalana bilər.

Ermənistanın Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan may ayında parlamentdəki çıxışında bildirmişdi ki, Qarabağ məsələsi nizamlamalıdır. Onun sözlərinə görə, problem "beynəlxalq oyunçular tərəfindən" həll olunmamış qalır və problemin hansı prinsiplər əsasında və necə həll ediləcəyi müzakirə olunmalıdır.

Çıxışlarında Paşinyan vurğulayıb ki, Azərbaycana Ermənistan ərazisindən yol verilməlidir: "Necə təsəvvür edirik ki, biz Azərbaycan ərazisindən keçək, onlar isə bizim ərazimizdən keçməsin? Onlar keçməsə, biz də keçməyəcəyik. Bu o demək olar ki, biz özümüz öz ölkəmizin təcrid olunması siyasətini yeridirik,".

Nikol Paşinyan Qarabağ separatçılarının rəhbəri Arayik Harityunyanla son görüşündə vurğulayıb ki, bütün cəhdlər Qarabağın statusu ətrafında cəmləşməli və bu məsələnin həlli yolunda irəliləməlidirlər.

BBC News Azərbaycancanın 14 iyul tarixindəki icmalında digər xəbərlər

Əfqanıstan Milli Ordusunun əsgəri

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Əfqanıstan Milli Ordusunun əsgəri İran və Türkmənistanla sərhəddə yerləşən Herat bölgəsindəki keçid məntəqəsində yoxlanış vaxtı. Hazırda bu məntəqə Taliban qüvvələrinin nəzarəti altındadır. (Arxiv görüntüsü)

Türkmənistan-Taliban danışıqlarının yeni təfərrüatları

Türkmənistan rəsmiləriylə Taliban arasında keçən ikinci görüşün təfərrüatları barədə əlavə məlumatlar üzə çıxmaqdadır.

Belə görünür ki, 11 iyulda Tükmənistan paytaxtındakı ikitərəfli danışıqların təşəbbüskarı rəsmi Aşqabad olub.

Fevral ayında keçən ikitərəfli danışıqların ilk dövrəsindən fərqli olaraq, məxfi keçən son görüş ətrafında süküt saxlanılır.

Ötən həftə Taliban qüvvələri Əfqanıstanla sərhəddəki keçid məntəqəsini nəzarət altına alıblar.

Türkmənistanın sərhəddə yerləşən Sərhədabad şəhərinə ağır texnika və silah göndərdiyi bildirilib. Hərçənd ki, Aşqabad belə məlumatların düzgün olmadığını deyir.

Əfqanıstan-Türkmənistan sərhədinin uzunluğu 800 kilometrə yaxındır.

vaksin

Şəklin mənbəyi, NurPhoto

Azərbaycanda "İmmunitet sertifikatı" bir dozadan sonra müddətsiz uzadılır

Qurumun açıqlamasına görə, iyulun 2-nə qədər artıq bir doza peyvənd vurduran keçmiş COVİD-19 xəstələri ikinci dozanı da mütləq vurdurmalıdırlar.

Bu qayda bu il, iyulun 2-dən bir doza peyvənd alan keçmiş COVİD-19 xəstələrinə şamil edilir.

Amma iyulun 2-nə qədər artıq bir doza peyvənd vurduran keçmiş COVİD-19 xəstələri ikinci dozanı da mütləq vurdurmalıdırlar, nazirlik bildirib.

"İmmunitet sertifikatı" koronavirusa yoluxduqdan sonra yaranan immun cavabı təsdiq edir. COVID-19 xəstəliyini keçirmiş və bununla bağlı PZR testi vermiş, nəticəsi pozitiv çıxmış və rəsmi qeydiyyata düşmüş şəxslər "immunitet sertifikatı" əldə edə bilərlər.

Səhiyyə Nazirliyi onu da bildirib ki, COVID-19 xəstəliyinə qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə verilən "peyvənd sertifikatı" da müddətsizdir, lakin Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq səhiyyə qurumlarının gələcək tövsiyələrindən sonra "bu məsələyə yenidən baxılacaq".

2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlar - tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslərə 3-cü - buster doza, yəni, qüvvətləndirici vaksin vurulması məqsədəuyğun hesab olunur, qurumun məlumatında deyilir.

"Tədqiqatlara görə qüvvətləndirici doza kimi istənilən vaksin növü istifadə oluna bilər. Əvvəl qəbul etdiyiniz 2 dozadan asılı olmayaraq, ya eyni növ, ya da digər bir vaksin 3-cü (buster) doza kimi qəbul oluna bilər," - nazirlik bildirib.

Bəs peyvəndə əks göstərişi olan şəxslərlə bağlı məsələ necə həll olunacaq? Səhiyyə Nazirliyinin hələlik bu suala cavabı yoxdur, qurum deyir ki, bu məsələyə baxılır.

Bundan başqa, qurum beynəlxalq səhiyyə qurumlarının COVID-19 peyvənd və immunitet sertifikatlarının ölkələr arasında tanınması mexanizminin üzərində işlədiyini açıqlayıb.

Hazırda Azərbaycanda Çin istehsalı olan Sinovac, Böyük Britaniya istehsalı olan AstraZeneca/Vaxzevria (İngiltərə), Almaniya və ABŞ-ın birgə istehsalı olan Biontech/Pfizer və Rusiya istehsalı olan Sputnik vaksinləri tətbiq olunur.

Azərbaycanda indiyədək 330 mindən çox şəxs Covid-19 virusuna tutulub, 5 minə yaxın şəxs ölüb.

İndiyədək ölkədə 4 milyondan çox şəxs azı bir doza peyvənd olunub.