Azərbaycanda 16-18 yaşlı yeniyetmələr də peyvənd olunacaq: bəs kütləvi immunitet nə vaxt yaranacaq?

Bakı
    • Müəllif, Redaksiya
    • Vəzifə, BBC News Azərbaycanca

Azərbaycanda 16-18 yaşlı yeniyetmələrə Covid-19 xəstəliyi əleyhinə mRNT Pfizer ("Comirnaty") peyvəndi vurulacaq.

Bu barədə Səhiyyə Nazirliyi açıqlama yayıb.

Açıqlamada deyilir ki, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə mRNT Pfizer ("Comirnaty") peyvəndinin vurulmasına rəsmi icazə verdiklərini, cari epidemioloji vəziyyəti nəzərə alaraq belə bir qərar qəbul ediblər.

Amma peyvənd zamanı istisna hallar nəzərə alınacaq. Qurumların açıqlamasına görə, xroniki xəstəlikdən əziyyət çəkənlər və xaricdə təhsil alanlar istisna hal kimi dəyərləndirilir.

16-18 yaşlı yeniyetmələrə peyvənd vurulması üçün onların valideynlərindən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb ediləcək.

16-18 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.

Oktyabrın 1-dən bir çox qapalı yerlərə Covid-19 pasportu tələb olunacaq.

Azərbaycanda indiyədək 3 milyona yaxın şəxsə iki doza vaksin vurulub. BBC News Azərbaycanca ölkədə peyvəndlənmə dinamikasını, kütləvi immunitetin nə vaxt yarana biləcəyi hallarını araşdırıb.

Azərbaycanda əhalinin yanvar ayının ortalarından başlayan vaksinlənməsi hazırda davam etməkdədir. Azərbaycan bu kampaniyaya Çindən yanvarda sifariş etdiyi 4 milyon doza Sinovac vaksini ilə başlayıb.

Ötən həftəsonu isə Azərbaycana Rusiyanın Sputnik V peyvəndinin ilk partiyası olaraq 40 min doza Sputnik V vaksini çatdırılıb.

Bundan bir ay əvvəl isə, aprelin 4-də COVAX platforması xətti ilə Bakıya COVID-19 virusuna qarşı 84 min doza AstraZeneca peyvəndi gətirilmişdi və onun vurukmasına bu həftə başlanır.

Vaksin yükü

Şəklin mənbəyi, Azertag

Şəklin alt yazısı, Aprelin 4-də 84 min doza AstraZeneca peyvəndini daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanında eniş edib

Ölkədə vaksinasiya mərhələli qaydada keçirilir: Fevralın 2-dən 65 yaşdan yuxarı, fevralın 17-dən isə yaşı 50-dən yuxarı olan şəxslərin vaksinasiyası davam etdirilir.

Covid-19- koronavirusuna qarşı vaksinasiya dövlət hesabına aparılır və könüllüdür.

2020-ci ilin sonunda Azərbaycanda vaksinasiya ilə bağlı TƏBİB rəsmisi Ramin Bayramlı birinci mərhələdə "əhalinin 10 faizinə peyvənd vurulacağını", ikinci mərhələdə isə peyvəndlənmənin "respublikanın daha çox hissəsini əhatə edəcəyini" bildirmişdi.

Koronavirusa qarşı peyvənd ilkin olaraq səhiyyə işçilərinə vurulmağa başlanıb.

AstraZeneca və Sputnik V peyvəndlərinin ölkəyə çatdırılmasına baxmayaraq, vətəndaşların vaksinlənməsi əsasən yalnız Çinin SinoVac vaksini ilə aparılıb.

Vaksinasiya proseduru çərçivəsində insan orqanizmində Covid-19-a qarşı nəzərdə tutulmuş immunitet reaksiyasının əmələ gəlməsi üçün peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci doza da vurulmalıdır.

Hər gün orta hesabla minlərlə və hətta on minlərlə vaksin dozasının vurulması barədə məlumatların müşaiyətində keçən bu kampaniyanın aprel ayında həftəsonlarına təsadüf edən ikirəqəmli statistik minimumları diqqəti çəkmişdi.

Misal üçün aprelin 19-na düşən rəsmi məlumatda ölkə üzrə cəmi 19 vaksin dozası vurulduğu bildirilmişdi.

Lakin bu cür minimumların arxasında heç bir qəlizliyin və ya mümkün vaksin qıtlığı kimi səbəblərin olmadığı aşkar olunub.

Nazirlər Kabinetindən BBC News Azərbaycancaya bildiriblər ki, belə az vaksinasiya "bazar günü olması ilə bağlıdır, əslində həftənin digər günləri ölkə üzrə vaksinasiya olunanların sayı minlərlədir".

Hökumət vaksinasiya üçün vaksin çatışmazlığının olmadığını da vurğulayıb.

Vaksinasiya
Şəklin alt yazısı, BBC News Azərbaycancanın hazırladığı diaqramda günbəgün ümumi peyvəndlənmə statistikası

Nazirlər Kabineti yanında Operativ Qərargahın statistikasına görə, Azərbaycanda bu günədək 1 milyon 536 mindən çox vaksin dozası vurulub. İndiyədək birinci mərhələ üzrə vaksin vurduranların sayı 980 min, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 556 min nəfərdən çoxdur.

Yerli medianın məlumatlarına əsasən, Azərbaycanda artıq 40 yaşdan yuxarı əhalinin peyvəndinə başlanıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə ölkə əhalisinin 3 milyondan çoxu 40 yaşdan yuxarı olub. Tibb və təhsil işçilərinin də yaşından asılı olmayaraq, peyvəndlənməyə cəlb edildiyini nəzərə alsaq, Azərbaycanda vaksin vurulacaq insanların sayı 3 milyonu aşır.

Covid-19-dan sağalanlara da peyvənd vurulacaqmı?

Vaccine

Şəklin mənbəyi, Getty Images

Ən son məlumatlara görə, Azərbaycanda indiyədək 296 mindən çox adam Covid-19 infeksiyasına yoluxandan sonra müalicə olunaraq sağalıb.

"Hələlik açıq qalan məsələ Covid-19-dan sağalanların nə vaxt və necə vaksinasiya ediləsi məsələsidir," - Arif Yusifov deyib.

Onun sözlərinə görə, pandemiyanın birinci dalğasından sonra sağalanların bir qismi əslində vaksinasiya olunmağa başlayıb və hələlik "hansısa problemlərin yaranması barədə" eşitməyib.

"Misal üçün, keçən ilin dekabrında, ikinci dalğada koronavirusa yoluxmuşdum. Vaksinasiya olunmaq istəyəndə dedilər ki, sən yoluxma keçirmisən, sənə 6 ay ərzində dəymirik. Görünür, koronavirusa yoluxub sağalanlar üçün, sağalmadan sonra 6 aylıq bir müddət qoyulub," - Yusifov söyləyib.

Mikrobioloqun qənaətincə, Covid-19-a yoluxub sağalanların vaksinasiyası, görünür fərdi qaydada keçiriləcək.

"Yəni fərdin vəziyyəti, analiz göstəricilərindən asılı olaraq bu məsələ həll olunur. Görünür bu, orqanizmi çaşdırmamaq üçün edilir. Xəstəlik keçirmiş insanın sağalandan sonra orqanizmində güclü immun reaksiyası hələ də bir müddət qalmaqda davam edir. Odur ki, növbəti antigen dozasının orqanizmə yeridilməsi (peyvənd isə əslində antigendir, yəni orqanizm üçün yad mənşəli zülaldır) bədəndə əlavə cavab reaksiyalarını işə sala bilər - allergik və ya immun mənşəli reaksiyalara səbəb ola bilər," - Arif Yusifov izah edib.

Həkimin sözlərinə görə, insan bu halda xəstələnməsə də, əlavə fəsadlar, allergik reaksiayalar ola bilər.

Arif Yusifov

Şəklin mənbəyi, Arif Yusifov/Facebook

Şəklin alt yazısı, Biologiya üzrə fəlsəfə doktoru Arif Yusifov

Anticisimlər

Covid-19-dan sağalanların orqanizmində immunitetin gücünü dəyərləndirmək üçün ilk növbədə bədəndəki koronavirusa qarşı əmələ gəlmiş anticisimlərin səviyyəsi ölçülür.

Anticisimlərin mövcudluğu insanda müəyyən xəstəliyə qarşı immunitetin yaranmasını 100 faiz əlamətləndirsə də, anticisimlərin olmaması hələ immunitetin olmaması demək deyil.

"İmmunitet hüceyrə səviyyəsində də ola bilər, - Arif Yusifov qeyd edir. - Anticisimlərin sayından sonra immun reaksiyasının ikinci göstəricisi hüceyrə səviyyəsində müəyyən olunur. Onun ölçülməsi isə bir qədər mürəkkəb işdir".

Arif Yusifov ümid edir ki, bir müddətdən sonra yoluxma statistikası azalmağa doğru dəyişəcək.

Onun sözlərinə görə, koronavirus statistikasına "əsas payı verən" Bakıda kollektiv immunitet əlamətləri artıq özünü göstərməyə başlayıb. Yəni hazırda orta hesabla, hər 10 həfərdən ikisi artıq xəstəlik keçirib, daha bir nəfər ola bilsin ki, simptomsuz xəstəlik keçirib və daha iki nəfər isə vaksinlənib."

Həkimin sözlərinə görə, müəyyən ərazidə kollektiv immunitetin yaranması üçün həmin ərazinin sakinlərinin 60-70 faizində immunitet yaranmalıdır.

Arif Yusifövun fikrincə, Bakı bu səviyyəyə artıq ya çatıb, ya da ki, yaxın zamanlarda çatacaq.

SinoVac necə işləyir?

Sinovac vaksini

Şəklin mənbəyi, Mehmet Kaman/Anadolu Agency via Getty Images

GAVİ Peyvəndlər və İmmunizasiya Qlobal İttifaqı deyir ki, peyvəndlənməyə iki cür yanaşma mövcuddur. Canlı, zəiflədilmiş vaksinlərdə xəstəliyə səbəb olmadan çoxala bilən zəifləmiş virus formasından istifadə edilir. İnaktiv peyvəndlərdə isə, genetik materialları məhv edildiyinə görə çoxala bilməyən, lakin immunitetin reaksiyasına səbəb ola bilən viruslardan istifadə olunur.

Qurumun məlumatında deyilir ki, hər iki növ peyvəndlərdə köklü texnologiyalardan istifadə olunsa da, canlı peyvəndlər immun sistemi zəif olan insanlarda xəstəliyə səbəb ola bilir. Bundan başqa, onlar adətən xüsusi soyuq yerlərdə saxlanmağı tələb edir. İnaktiv vaksinlər də bəzən soyuq mühit tələb etsələr də, onları immun sistemi zəifləmiş insanlara vurmaq olar.

Sinovac vaksini inaktiv peyvənddir. O, xəstəliyə ciddi əks-təsirə səbəb olmadan, bədənin immun sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə edərək işləyir.

Şirkət, vaksinin hazırlanmasında Çin, Böyük Britaniya, İtaliya, İspaniya və İsveçrədən olan Covid-19 xəstələrindən nümunələr götürüb.

Bütün məlum olan vaksinlər kimi, SinoVac da iki dozada vurulur.

Hələlik Azərbaycandakı tibbi çevrələrə yaxın olan mənbələrə AstraZeneca və ya Sputnik V ilə kütləvi vaksinasiyaya başlanması barədə faktlar məlum deyil.