Aİ-nin Covid-19 pasportu: Azərbaycanlılara təsiri nə olacaq?

Şəklin mənbəyi, AFP/Getty images
Avropa İttifaqı iyul ayının 1-dən Covid-19 pasportu kimi də tanınan xüsusi rəqəmsal Covid sertifikatlarını təqdim etməyə hazırlaşır. Yeni vahid sənəd yay mövsümündə səyahəti sadələşdirmək məqsədi ilə tətbiq olunur. Bəs görəsən, yeni sənəd barədə nə məlumdur?
Covid-19 sertifikatı (EUDCC ) nədir?
Aİ Rəqəmsal Covid Sertifikatı (EUDCC - daha əvvəl Rəqəmsal Yaşıl Sertifikat adlanıb - red.) 27 üzv dövlətdə səyahəti sadələşdirən sənəd sayılır. Onda peyvəndlənmə, test və Covid-19 immuniteti haqqında məlumat əks olunacaq.
QR kodu daşıyan sertifikat adındakı "rəqəmsal" sözünə rəğmən kağız formasında da verilə bilər. Sənəddə ad, doğum tarixi, verildiyi tarix, peyvənd/test/immunitet haqqında məlumatlar və sertifikatın unikal identifikatoru kimi məhdud informasiya olacaq.
Sertifikatı kim ala bilər?
Sertifikatlar bütün Aİ üzv dövlətləri tərəfindən buraxıla və istifadə oluna bilər. Sertifikatları Aİ məkanında yaşayan və başqa ölkələrə səyahət hüququna malik qeyri-Aİ ölkələrin vətəndaşları da ala bilər.
Sertifikatlar pulsuz verilir. Beləliklə nəzəri cəhətdən sertifikatları Aİ-də mənzillənən Azərbaycan vətəndaşları da ala bilər.
Azərbaycanda vurulan peyvəndlər Aİ-də tanınırmı?
Hazırda Aİ-də Pfizer-BioNTech, Moderna, Oxford-AstraZeneca və Johnson & Johnson vaksinləri təsdiqlənib. Macarıstan kimi bəzi ölkələr əlavə olaraq, Sputnik V-ni də təsdiqləyib.
Azərbaycanda istifadə olunan CoronaVac vaksini ÜST tərəfindən təcili istifadə üçün təsdiqlənsə də, hələ ki, Avropanın dərmanlara nəzarət qurumu olan EMA-nın təsdiqini qazanmayıb.

Şəklin mənbəyi, BSR/Getty images
Macarıstanın misalında gördüyümüz kimi, bəzi üzv dövlətlər əlavə peyvəndlərin təsdiq edilib edilməməsinə sərbəst qərar verə bilər. Azərbaycanda istifadə olunan Sinovac vaksinini də fərdi ölkələrin tanıyıb-tanımadığını yoxlamaq mümkündür.
Sertifikatların qarşılıqlı tanınması mümkündürmü?
Azərbaycan vətəndaşlarının Avropa səyahətlərini asanlaşdıra biləcək yollardan biri də sertifikatların qarşılıqlı tanınması ola bilərdi.
Ukrayna artıq Avropa Komissiyası ilə bu mövzuda müzakirələrə başladığını bildirir. Azərbaycanın müvafiq addımları barədə məlumat verilməyib.
Hansı ölkələr sertifikatların tətbiqinə başlayıb?
Artıq bir sıra Aİ ölkəsi sertifikatların erkən tətbiqinə başlayıb. Bunlar Bolqarıstan, Xorvatiya, Çex Respublikası, Danimarka, Almaniya, Yunanıstan və Polşadır.
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) saytına əsasən, bu ölkələrin hamısı Azərbaycanda tətbiq edilən Pfizer-BioNTech və AstraZeneca ilə peyvəndlənməni tanıyır.
Bolqarıstanda həmçinin, Çinin Sinovac və Sputnik V ilə vaksinlənmə qəbul olunur. Sputnik V həmçinin Xorvatiyada da rəsmən tanıyır.
AZAL da daxil olmaqla, aviaşirkətlər xaricə bilet almaqdan əvvəl yollandığınız ölkənin giriş qaydaları ilə tanış olmağı tövsiyə edirlər.






