Təmas xəttində "atışmalar davam edir"

Dağlıq Qarabağ münaqişəsinin tərəfləri çərşənbə günü gecə saatlarında atəşkəsin pozulması ilə bağlı bir-birini ittiham edib.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, aprelin 26-sı axşam saatlarından başlayaraq gecəyədək qarşı tərəf Tərtər rayonu ərazisində yerləşən yaşayış məntəqələri və Azərbaycan mövqelərini "minaatanlardan, həmçinin, BM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutub".

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq qarşı tərəfin "ancaq hərbi obyektlərin"ə adekvat cavab zərbələri endirib, nazirlik bildirir.

Nazirliyin məlumatına görə, Ermənistan tərəfi sutka ərzində atəşkəs rejimini ümumilikdə 120 dəfə pozub, Azərbaycan tərəfi isə 121 dəfə atəş zərbəsi endirib.

Tərtər rayonunun sakinləri atışma faktını təsdiqləyir. Qazıyan kənd sakini Müşfiq Axundov BBC Azərbaycancaya deyir ki, gecələr şiddətli atışmalar olur və kənddə qaz, elektrik enerjisi yoxdur.

Ermənistan Müdafiə Nazirliyi isə Ermənistan-Azərbaycan sərhədinin şimal-şərq hissəsində 18 insidentin qeydə alındığını bildirir.

Məlumata görə, Azərbaycan tərəfi "avtomat və snayper silahlarından erməni mövqeləri istiqamətində əsasən nizamsız atəşlər açıb".

Ermənistan Silahlı Qüvvələrinin ön xətdəki bölmələri "təmkinlik göstərərək yalnız ciddi zərurət hallarında cavab tədbirlər görüb və sərhəddə vəziyyətə nəzarət edirlər", məlumatda deyilir.

Eyni zamanda tanınmamış “DQR Özünümüdafiə Ordusunun” məlumatına görə, aprelin 26-da və 27-nə keçən gecə təmas xətti boyunca Azərbaycan tərəfindən erməni “hərbi mövqeləri və yaşayış məntəqələri şiddətli atəşə tutulub”.

Tanınmamış "DQR" bildirir ki, bir hərbçi həlak olub.