Atəşkəsin pozulması: Azərbaycanda 2 sakin ölüb, 10 yaralı var

Tərtərdə döyüşlər zamanı həyatını itirmiş əsgər dəfn edilməyə aparılır

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Tərtərdə döyüşlər zamanı həyatını itirmiş əsgər dəfn edilməyə aparılır

Azərbaycanın Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi bildirib ki, cəbhədə atəşkəsin pozulması nəticəsində 2 dinc sakin həyatını itirib və 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məlumata görə, həmçinin vətəndaşlara "külli miqdarda" maddi və mənəvi ziyan vurulub, bir orta məktəb binası, çoxsaylı evlər, obyektlər, istehsal müəssisələri zərbə altında qalıb və nəqliyyat vasitələri, yüksək gərginlikli elektrik xətləri sıradan çıxıb.

Qurumlar bildirib ki, bunlarla bağlı cinayət işi açılıb.

Ötən gün Ermənistan tərəfi də bildirib ki, mülki sakinlər arasında Qarabağ kəndlərində bir 12 yaşlı oğlanın öldüyü, 2 uşağın yaralandığı, 5-6 nəfər (həm kişi, həm qadın olmaqla) kəndlilərin yaralandığı məlumdur.

Aprelin 2-nə keçən gecədən başlayaraq Dağlıq Qarabağın cəbhə boyu rayonlarında "qızğın döyüşlər" başlayıb. Vuruşmalarda Azərbaycan tərəfi 12, Ermənistan tərəfi 18 əsgər itirib, rəsmi məlumatlarda deyilir. Bazar günü Azərbaycan "birtərəfli" atəşkəs elan etdiyini bildirib, Ermənistan tərəfi bu məlumatı təkzib edib.

Yaralılar və ölüm halları

Aprelin 2-də səhər 8-də Tərtər rayonunun Qarağacı kəndinə atılmış mərmilərdən biri kənddə məskunlaşmış Rəhimov Cəlal Saday oğlunun idarə etdiyi «VAZ-2107» markalı avtomobilin üzərinə düşüb. Nəticədə avtomobildə olan sərnişin, 1993-cü il təvəllüdlü Orxan Rəhimov hər iki ayağını itirərək yerindəcə qanaxmadan ölüb. Avtomobilin sürücüsü Cəlal Rəhimov və yaxınlıqda olan 1990-cı il təvəllüdlü Ramin Əhmədov çoxsaylı qəlpə yaraları alıblar.

Saat 12.00 radələrində mərmilərdən biri həmin qəsəbədə məskunlaşmış İsa Əhmədovun yaşadığı mənzilə düşüb. Çoxsaylı qəlpə yaraları alan Əhmədov Bərdə Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Saat 19:20 radələrində rayonun Şıxarx qəsəbəsi ərazisinə atılmış mərmilərdən biri də 1987-ci il təvəllüdlü Sadiq Əliyevin idarə etdiyi «Niva-2121» markalı avtomobilin üstünə düşüb. Nəticədə avtomobildə olan sərnişin, 1992-ci il təvəllüdlü Fərman Əsədli çoxsaylı qəlpə xəsarətləri alaraq qanaxmadan ölüb. Sürücü və digər sərnişin, 1982-ci il təvəllüdlü Mübariz Rəhimov çoxsaylı qəlpə yaraları alıblar.

Saat 20.00 radələrində Ağdam rayonunun Əfətli kənd sakini, 1953-cü il təvəllüdlü Cümşüd Hüseynov top mərmisinin partlaması nəticəsində bel nahiyəsindən ağır xəsarət alıb və o, dərhal xəstəxanaya yerləşdirilib.

Saat 21.00 radələrində Seydimli kəndi ərazisinə atılmış mərmilərdən biri kənd sakini, 1951-ci il təvəllüdlü Vahid Vəliyev yaşadığı mənzilə düşərək onu və azyaşlı nəvəsi, 2003-cü il təvəllüdlü Sənan Vəlizadəni ağır yaralayıb.

Aprelin 2-də Goranboy rayonunun Qarqucaq kənd sakini, 1938-ci il təvəllüdlü Əbdüləzim İbrahimov və Tapqaraqoyunlu kəndində yaşayan 1974-cü il təvəllüdlü Abbas Allahverdiyev mərmiyə tuş gələrək ağır yaralanıblar.

Başqa bir mərmi isə Tərtər şəhər sakini, 1949-cu il təvəllüdlü Olqa Kruqlovanın yaşadığı mənzili tamamilə dağıdıb.

Azərbaycan "sadəcə təxribata cavab verib"

Azərbaycan prezidenti İlham Əliyev ötən gün keçirilən Təhlükəsizlik Şurasının iclasında deyib ki, Azərbaycan tərəfi təmas xəttində baş verən atışma zamanı "sadəcə təxribata cavab verib."

Şəklin mənbəyi, presidentaz

ABŞ-da keçirilən Nüvə Sammiti "başa çatmamış" baş verən atışmanı "Ermənistanın çirkin təxribatı" adlandıran prezident bunun "sülh prosesinə çox böyük zərbə vurduğunu" deyib.

Təhlükəsizlik Şurasının iclasında çıxış edən İlham Əliyev deyib ki, "biz öz torpağımızda vuruşuruq" və "bizə qarşı yenə təxribat törədərlərsə, yenə də öz cəzalarını alacaqlar."

"Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun. Mən bunu dəfələrlə demişəm, bir də demək istəyirəm. Ermənistan bütün beynəlxalq normaları pozub, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur, digər beynəlxalq təşkilatların qərar və qətnamələrini saymır", İlham Əliyev çıxışında deyib.

Rusiya, ABŞ və Fransa dövlət başçılarının status-kvonun dəyişdirilməsilə bağlı çıxışlarını xatırladan İlham Əliyev "Ermənistan rəhbərliyinin bunu istəmədiyini" vurğulayıb.

"Bu yaxınlarda Rusiya prezidenti və xarici işlər naziri digər həmsədrlərlə birlikdə müəyyən təkliflər irəli sürüblər. Azərbaycanın ərazi bütövlüyünə böyük dəstək göstərilib" deyə İlham Əliyev bu görüşlərin ABŞ tərəfinin münaqişənin tezliklə həll olunmasında "çox maraqlı" olduğunu göstərdiyini deyib.

"Şəhid olanların" ailələrinə başsağlığı verən İlham Əliyev onlara maddi yardım göstərmək üçün Nazirlər Kabinetinə təkliflər hazırlamağı tapşırıb.

Azərbaycan xalqını və ordusunu "böyük" hərbi qələbə münasibətilə təbrik edən prezident Əliyev Müdafiə Nazirliyinə "döyüş əməliyyatlarında fərqlənmiş hərbçiləri təltif etmək üçün təkliflər" hazırlamağı tapşırıb.

Şəklin mənbəyi, presidentam

Ermənistan prezidenti Serj Sarkisyan da ötən gün Təhlükəsizlik Şurasının iclasını keçirib.

“Sizə məlumolduğu kimi, bu gecə saat üç radələrində Azərbaycan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağla təmas xəttinin bütün perimetri boyunca təxribatçı hərəkətlərə başlanılıb. Bu, 1994-cü ildən bəri Azərbaycan silahlı qüvvələrinin həyata keçirməyə çalışdığı və indi də həyata keçirməyə cəhd etdiyi ən irimiqyaslı hərəkətlərdir."

Ermənistan prezidenti əlavə edib ki, "Dağlıq Qarabağ müdafiə ordusunun vaxtında və peşəkar hərəkətləri sayəsində tək vəziyyəti nəzarət altına almaq deyil, həm də rəqibə təsirli itkilər yetirmək mümkün olub. Və rəqib hərbi hava qüvvələri, bütün növ artilleriya və zirehli maşınlardan istifadə edib. Rəqibin istər hərbi hava, istər piyada və zirehli texnika itkiləri təsirli olub."

Onun sözlərinə görə, Ermənistan tərəfdən 18 nəfər həlak olub, 35 nəfər yaralanıb.