Cəbhədə döyüşlər: Azərbaycan və Ermənistan itkilər barədə məlumat yayıb

Şəklin mənbəyi, Reuters

Azərbaycan və Ermənistan arasında aprelin 2-nə keçən gecədən başlayan vuruşmalarda Azərbaycan tərəfi 12, Ermənistan tərəfi 18 əsgər itirib, rəsmi məlumatlarda deyilir.

Cəbhədə gedən intensiv atışma nəticəsində Azərbaycan Silahlı qüvvələrinin 12 hərbi qulluqçusu "şəhid olub", mülki şəxslərdən ölən və yaralananlar var, Azərbaycan Müdafiə Nazirliyi rəsmi məlumatında deyilir.

"Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb", məlumatda deyilir.

Məlumata görə, Füzuli rayonunda geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik Azərbaycan bölmələrinin nəzarətinə keçib. Goranboy rayonu və Naftalan şəhərindəki yüksəkliklər "erməni hərbçilərindən tam təmizlənib".

Ermənistan tərəfi hələ ki, bu iddialara reaksiya verməyib.

Erməni tərəfi əks-hücum əməliyyatları gerçəkləşdirdiyini bildirir. Mülki sakinlər arasında Qarabağ kəndlərində bir 12 yaşlı oğlan;n öldüyü, 2 uşağın yaralandığı, 5-6 nəfər (həm kişi, həm qadın olmaqla) kəndlilərin yaralandığı rəsmən məlumdur.

3 nəfər hərbçi - müqavilə əsasında və müddətli xidmət çeçənlər ağır yaralı hada Qarabağdan Yerevan hospitalına gətirilib. Onların adları açıqlanmır.

Azərbaycan və Ermənistan rəsmiləri döyüşlərin başlamasına görə bir-birini ittiham edib.

ATƏT-in hazırki sədri, Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier Dağlıq Qarabağda münaqişə tərəflərini “dərhal” atəşi dayandırmağa çağırıb.

Rusiya Prezidenti Vladimir Putin tərəfləri döyüşlərə son qoymağa çağırıb.

Mediada yayılmış şəkillərdə, gecə baş vermiş ağır döyüşlərdən sonra yanmış maşınlar və bombaların açdığı çuxurlar göstərilir.

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, "aprelin 2-ə keçən gecə Ermənistan ağır silahlardan istifadə etməklə qoşunların təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini intensiv atəşə tutub, təxribat və həmlələr həyata keçirib".

Bu arada, Ermənistan Müdafiə nazirinin mətbuat katibi Arsrun Hovhannisyan öz Facebook səhifəsində yazıb ki, "erməni Silahlı Qüvvələri müdafiə əməliyyatları həyata keçirdikdən sonra əks-hücuma keçiblər".

Onun yazdığına görə, Qarabağ cəbhəsində təmas xətti boyunca "gızğın döyüşlər davam edir".

Ermənistanda yayılan məlumatlara görə, ən gərgin toqquşmalar "cənub istiqamətində" Xocavənd/Hadrut və şimal-şərq istiqamətində Ağdərə/Mardakert baş verir.

Daha əvvəl erməni tərəfi Azərbaycan tərəfindən Martuni (Xocavənd) rayonunun artilleriya-raket atəşinə tutulması nəticəsində 12 yaşlı Vağinak Qriqoryanın həlak olduğu, daha iki uşağın yaralandığını bəyan edib.

Mülki şəxslər ölüb

"Cəbhə xəttinə yaxın ərazilərdə mülki əhalinin sıx yaşadığı məntəqələr Ermənistan Silahlı Qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalıb", məlumatda qeyd olunub.

Təmas xəttində yaranmış hazırkı vəziyyətlə bağlı Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev aprelin 2-də verdiyi bəyanatında Ermənistan tərəfinin hərəkətləri nəticəsində "mülki şəxslər arasında ölən və yaralananlar və şəxsi mülkiyyətə ciddi zərər dəyməsi haqqında" məlumatların olduğunu vurğulayıb.

Şəklin mənbəyi, rianovosti

Azərbaycan XİN rəsmisinin bəyanatında Ermənistanın üzərinə götürdüyü öhdəlikləri "kobud şəkildə" pozduğu, "mülki obyektləri artilleriya atəşinə tutması" xüsusi qeyd olunub.

Arsrun Hovhannisyan bildirib ki, "operativ məlumatlara əsasən, bizim bölmələrimiz müdafiə döyüşləri gerçəkləşdirərək və rəqibə əhəmiyyətli itkilər vuraraq əks-hücuma keçiblər”.

Erməni tərəfi Qarabağ cəbhəsinin təmas xəttində “hücum əməliyyatlarında iştirak edən” Azərbaycan hərbi vertolyotunun vurulduğunu iddia edib.

Aərbaycan Müdafiə Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı APA-ya açıqlamasında həmin iddialanı təkzib edib.

"Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus aviasiya dəstələri tam heyətdə yerindədir", Vaqif Dərgahlı vurğulayıb.

Putin "narahat olub"

Dağlıq Qarabağda təmas xəttində hərbi əməliyyatların başlanması barədə xəbərlər Rusiya prezidenti Vladimir Putini "dərindən narahat edib".

Rusiya mediası Putinin mətbuat katibi Dmitri Peskova istinadən xəbər verir ki, Rusiya prezidenti "münaqişə tərəflərini dərhal atəşi dayandırmağa və təmkinlik nümayiş etdirməyə" çağırıb.

Rusiya Xarici İşlər Naziri Sergey Şoyqu Ermənistan və Azərbaycandakı həmkarları Sergey Ohanyan və Zakir Həsənovla görüşüb və onları vəziyyəti sakitləşdirməyə çağırıb, Interfax xəbər verir.

İki tərəf arasında Dağlıq Qarabağ uğrunda döyüşlər 1980-ci illərin sonunda başlayıb və 1991-ci ildə Sovet İttifaqı dağılandan sonra irimiqyaslı müharibəyə çevrilib.

Müharibə 30 minə yaxın insanın ölümünə səbəb olub. 1994-cü ildə tərəflər arasında atəşkəs elan olunub. Özünü respublika elan etmiş və tanınmayan bu region Ermənistandan hərbi və maliyyə dəstəyi alır.

Son hadisələr tərəflər arasında gərginliyin yeni müharibəyə gətirib çıxaracağı barədə narahatlıqlar yaradır. Hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov isə belə narahatlığa əsas görmür.

"Vəziyyətin hara gətirib çıxaracağını axşam saatlarında daha aydın təsəvvür etmək mümkün olacaq. Hər halda məsələyə artıq Rusiya prezidenti Vladimir Putin qarşıb, Rusiya Müdafiə naziri Sergey Şoyqu azərbaycanlı və ermənistanlı həmkarlarına zəng edib. Genişmiqyaslı hərbi əməliyyatların başlanmasını proqnoz etmirəm", o BBC Azərbaycancaya deyib.

Sarkisyan TŞ iclasını "keçirəcək"

Ermənistan MN-ni Azərbaycan silahlı qüvvələrinin aprelin 2-nə keçən gecədən “Dağlıq Qarabağ və Azərbaycan təmas xətti boyunca fəal hücum döyüş əməliyyatları başladığı haqqında məlumatları” rəsmən təsdiq edib.

"Düşmən müdafiəsinin ön xəttində və dərinliyində cəmləşən hərbi hədəflərin koordinatları əvvəlcədən müəyyənləşdirilib, atəş gücü vasitəsilə edilən həmlələrimiz nəticəsində onun döyüş texnikası, xeyli sayda canlı qüvvəsi və digər hərbi infrastrukturu sıradan çıxarılıb", - Azərbaycan Müdafiə Nazirliyi bildirib.

Məlumatda deyilir ki, Azərbaycan tərəfi tank, artilleriya, hava qüvvələrindən istifadə edərək “DQR müdafiə ordusunun müdafiə xəttinin dərinliyinə daxil olmaq cəhdi edib”, lakin əks-əməliyyatlar nəticəsində Azərbaycan qüvvələri “çoxsaylı itkilərlə geriyə atılıb”.

Döyüşlərin davam etdiyi bildirilir.

Ermənistan baş naziri Hovik Abrahamyan Qarabağ münaqişə bölgəsində vəziyyətin gərginləşməsi ilə bağlı aprelin 2-də Ermənistan Hökumətinin fövqəladə yığıncağını çağırıb.

Nüvə silahı üzrə sammitdə iştirak etmək üçün ABŞ-da səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan bu gön Yerevana qayıtmalıdır.

Ermənistan prezident aparatından prezident Sarkisyana vəziyyət barədə məlumat verildiyi bildirilir.

ATƏT "ciddi narahatlıq" bildirib

ATƏT atəşkəsin geniş miqyasda pozulması halları ilə əlaqədar "ciddi naratlığını" bildirib.

Təşkilatın Minsk Qrupunun həmsədrləri James Warlick (ABŞ), Pierre Andrieu (Fransa) və İqor Popov (Rusiya) təmas xəttində baş verən son gərginliklə bağlı birgə bəyanat yayıblar.

"Biz gücdən istifadəni sərt şəkildə pisləyirik və mülki vətəndaşlar da daxil olmaqla insan itkilərinə görə təəssüflənirik".

Həmsədrlər tərəfləri atəşi dayandırmağa və ərazidə vəziyyəti sabitləşdirmək üçün bütün lazımi tədbirləri görməyə çağırıblar.

Onlar "münaqişənin sülh yolu ilə həllinə alternativin olmadığını və müharibənin çıxış yolu olmadığını" vurğulayıblar.

ATƏT sədri Azərbaycanın və Ermənistanın nazirləri ilə danışır

ATƏT-in hazırki sədri, Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier Dağlıq Qarabağda münaqişə tərəflərini “dərhal” atəşi dayandırmağa çağırıb.

Qurumun saytı yazır ki, sədr “aktiv şəkildə” Dağlıq Qarabağda vəziyyətin gərginliyinin azaldılması cəhdlərinə qoşulub.

“Frank-Walter Steinmeier bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ilə telefonla danışıb, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə də telefonla danışacaq.”

Vəziyyətə görə “çox narahatçılıq” keçirən sədr tərəfləri atəşi “dərhal” dayandırmağa çağırıb.

ABŞ Dövlət Katibi bəyanat yayıb

ABŞ Dövlət katibi John Kerry yaydığı bəyanatda tərəfləri "atəşkəs rejiminə riayət etməyə və təmkinli olmağa, gələcək gərginliyin artmasına yol verməməyə" çağırıb.

O, ABŞ-ın, Dağlıq Qarabağda təmas xətti boyu yerləşən və məlumatlara görə mülki şəxslər də daxil olmaqla itkilərə səbəb olan iri miqyaslı atəşkəs rejiminin pozulması halları "qəti şəkildə pislədiyini" deyib.

"İtki verən ailələrə başsağlığı veririk. Yaranmış qeyri sabit vəziyyət onu göstərir ki, tərəflər ATƏT-ın Minsk Qrupu çərçivəsində münagişənin geniş həllinə dair dərhal danışıqlara qatılmalıdır", bəyanatda deyilir.

"Dağlıq Qarabağ münagişəsinin hərbi yolu yoxdur" deyən John Kerry "həmsədr dövləti olan ABŞ tərəflərlə işləyərək davamlı və razılaşdırılmış sülh həllinin əldə olunmasına dair öhdəliyinə sadiq" olduğunu vurğulayıb.